İran XİN başçısının Kerri ilə gəzintisi deputatları qəzəbləndirib
İranın xarici işlər nazirlik Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Con Kerri ilə Cenevrədə gəzintiyə görə parlament qarşısında izahat verməli olacaq. Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, Zərifin və Kerrinin yanvarın 14-də - nüvə danışıqlarının aparıldığı gün şəhərdə 15 dəqiqəlik gəzintiyə çıxması parlamentarilərin qəzəbinə səbəb olub.
Petisiya altına İran parlamentinin 21 üzvü imza atıb. “Nəzərə alsaq ki, Böyük Şeytan daim sonsuz tələblər irəli sürür və nüvə danışıqlarını sabotaj edir, o zaman İran və Amerika xarici işlər nazirləri arasında intim yaxınlaşma üçün ağla heç bir izah gəlmir”, - deyə petisiyada qeyd olunur. Müraciət müəlliflərinə görə, bu gəzinti diplomatik normalarına da ziddir.
Nazirin özü isə jurnalistlərə açıqlamasında qəbahətli heç bir iş görmədiyini söyləyib. Onun sözlərinə görə, ciddi danışıqlar zamanı qeyri-formal söhbətlər üçün fasilələr dünya diplomatiyasında adi haldır.
Musavat.com






