İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün Naxçıvan duzu, yaxud pensiya islahatları haqda yarımçıq cızmaqara

4290 08.11.2022 18:05 Yazarlar A A

Hökumətin məlumatına görə, pensiyaçılarımızın sayı bu il yanvardan iyula qədər 41 min 300 nəfər azalmışdır. Həmin zəhmətkeşlərdən 6 min nəfəri yaşa görə pensiya alanlardır. Əlilliyə görə pensiya alanların sayında isə 38 min 300 nəfər azalma vardır.

Möhtəşəm rəqəmlərdir. Ölkəmizdə aparılan davamlı iqtisadi-sosial islahatların nəticəsidir. İnşallah, ilin axırınacan da dəxi 50 min pensiyaçı yox olar, büdcəyə qənaət edərik, o vəsaitlə məmurlarımıza və onların ailə üzvlərinə zirehli maşınlar alarıq. O qədər xarici düşmən var... İstəyirlər məmurlarımızı vurub öldürsünlər, onların xalqa xidmət uğrunda çırpınan ürəkləri dayansın.

Sözgəlişi, bildiyiniz kimi hazırda ən yekəpər xarici düşmənlərimizdən birinin İran olmağı qəfildən aşkara çıxıbdır. Vəziyyət çox maraqlı gedir, hətta mümkündür Xaqani-33-dəki Hesablama Palatasının xeyirsiz (başqasının pulunu sayan adama və idarəyə necə hörmət edəsən?) binasını boşaldıb orda Bütöv Azərbaycan Birliyini bərpa elədik. İndiki uşaq-muşağın yadında olmaz, 1990-larda Əbülfəz Elçibəyin başçılığı altında elə bir təşkilat çalışırdı. BAB-ın yeri görükür. Daha sonra Demkonqresi, SİDSUH-u, nə bilim, başqa UH və AH təşkilatlarını dirçəltməliyik. Dahi klassikimizin palçığa dəfələrlə batan məxluq haqda qızıl aforizminin bölgəmizdə heç bir hökmü-təsiri yoxdur. Bunu ən azı Əli İnsanov müsibətindən başa düşməliyik.

Əlqərəz, söhbət çox uzandı, sözümün canı odur ki, İran da guya bizim əleyhimizə bir şeylər qaynatmağa davam edir. Öncə Şirazda terroru guya bizim törətdiyimizi açıqladılar. Sən yalana bax... Azərbaycanlı hara, terror hara? Biz dünyanın başqa camaatları kimi terror eləməyi bacarsaydıq, bu kökdə olmazdıq ki? Vətən didik-didik, el-obanın hərəsi bir məmləkətə dağılıb. Terrorçuluq gizlilik, radikalizm, fanatizm, qruplaşmaq, ideya kimi önəmli xarakteristikalara malik olmalıdır, bizdə bunların heç birisi yoxdur, olmayıb, olmayacaq da. Biz tolerant camaatıq, ironiyasız yazıram. Bizi ərəb qılıncla müsəlman, sovet hökuməti tankla kommunist, amerikalı dollarla demokrat edə bilməyibsə, bizdən kim qorxacaq? (Terrorun qorxu yaymaq mənasına işarə edirəm).

Ona görə, ağalar, tiryəkdən-zaddan atın sərhədin bu tayına, bizə başqa ideologiya yapışmır.

Son dəfə isə İran lap idiot iddia irəli sürüb. Guya Naxçıvanda Xalq Hərəkatı adında nəsə təşkilat yaranıb, bunlar Naxçıvanın... İrana birləşməsini arzu edirmiş. Naxçıvanda dolanışıq ağır olduğu üçün bu qərara gəliblər.

Vallah, xəbəri görəndə necə qəhqəhəylə güldümsə bəlkə səsim Mazandarana çatıbdır. Doğrudan da uzun illər molla rejimində yaşaması, dini dövlət olmağı İranın başına tamam hava gətiribdir. (Allah sənə rəhmət eləsin, Freyd). Naxçıvan Azərbaycanın əleyhinə çıxıb, İrana birləşmək istəyirmiş... Yox, mən gülməkdən partlayacam, bu xəbəri gözümün qabağından rədd eləyin...

Hələ bizim DTX ərinməyib, bunu təkzib eləyib. A kişilər, nəyi təkzib edirsiniz? Qoy bunlar Naxçıvanı bir az əsəbləşdirsin da bə. Sonra görüm Tehranı nehrəmli uşaqların əlindən necə alırlar. İran başa düşmür ki, tarixən Naxçıvan heç hara birləşmək istəməyib və birləşməyibdir də. Əksinə, başqa yerlər özü öz xoşuyla gəlib Naxçıvana birləşibdir. Məsələn, biz 1993-cü ildə Naxçıvana birləşməsək axırımız çatmışdı. Mən İrana təklif edirəm Naxçıvana duza getsin.

Guya pensiya islahatlarından yazırdım, gör hara gəldik çıxdıq. Allah baisin evini yıxsın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR