İnsanlara hürriyət, millətlərə istiqlal!

İran təhdidlərinə Turan cavabı! - Ərdoğanın uçağı bu gün Zəngilana enir

3164 20.10.2022 08:50 Gündəm A A

Dünyanın nəzərləri yenidən Qarabağa dikiləcək; iki Türk lider növbəti dəfə bir arada! deputat: “Bu mesajı başa düşməyənlərə, yaxud başa düşmək istəməyənlərə də iki qardaş ölkənin mesajı var - Şuşa Bəyannaməsi...”

Oktyabrın 20-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha bir möhtəşəm tarixi hadisənin şahidi olacağıq. Belə ki, Zəngilanda tikintisi il yarımdır davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib. Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb, Xarici İşlər Nazirliyinə isə müvafiq beynəlxalq strukturlara bununla bağlı məlumat göndərilməsi ilə bağlı tapşırıq verilib...

Beləliklə, oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Qarabağa - yeni inşa olunan Zəngilan hava limanına enəcək və iki qardaş ölkənin qardaş liderləri yenidən qurulan tarixi yurdlarımızda növbəti nəhəng layihənin açılışında qoşa addımlayaraq, dostlara sevinc bəxş edəcək, düşmənlərə göz dağı verəcəklər.

Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışına gəlir » Sumqayit.TV

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Prezident Ərdoğan səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Prezident İlham Əliyev Ərdoğanı Zəngilanda qarşılayacaq. Nəzərə çatdıraq ki, Ərdoğan Füzuli hava limanının açılışında da iştirak etmişdi, bu limana ilk olaraq qardaş Türkiyənin liderinin uçağı enmişdi. İki türk lider həmin vaxt Füzulidən dünyaya çox ciddi mesajlar vermişdilər. Hazırda regionda kifayət qədər həssas dönəmdir. Ermənistanla sülh müqaviləsi imzalanması ərəfəsindəyik. Belə bir vaxtda müxtəlif güclər, xüsusilə də İran sülh müqaviləsi imzalanması prosesini pozmaq istəyir. Bu məqsədlə Azərbaycana təhdidlər, qərəzli davranışlar da son vaxtlar artmaqdadır. Həm Rusiya, həm Qərb sülh prosesi ilə bağlı öz maraq və prioritetlərindən çıxış edirlər, bu yandan da İran öz məkrli niyyətləri ilə meydana çıxıb. İran açıq-aşkar Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsinə əngəl törətmək istəyir, hətta qonşuluq siyasətinə tam zidd şəkildə Azərbaycan-İran sərhədində təlimlərə başlayıb. Belə bir vaxtda Ərdoğanın təyyarəsi məhz elə Azərbaycan-İran sərhədi yaxınlığına - Zəngilan Hava Limanına enir. Heç şübhəsiz, bu həm də dünyaya, dost və düşmənlərimizə bir siqnaldır, mesajdır, Şuşa Bəyannaməsinin bir daha xatırladılmasıdır. Şübhəsiz ki, iki türk lider Zəngilandan mövcud durumla bağlı hər kəsə mesajlar da verəcəklər. Bəs bu səfərdən, onun verdiyi mesajlardan Azərbaycana qarşı məkrli niyyətləri olanlar real nəticələr çıxaracaqmı?

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a dedi ki, artıq qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda, Azərbaycan Prezidenti İlham Əliyevin isə Türkiyədə mühüm əhəmiyyətli açılışlarda birlikdə iştirak etmələri ənənə halını almaqdadır: “Bu, "Bir millət, iki dövlət" olmanın ən gözəl örnəkərindən biridir və hər birimizdə böyük sevinc və fəxarət hissi yaradır. Məsələ ondadır ki, tarixin hazırkı çox mürəkkəb mərhələsində yalnız uzaqgörən, müdrik və qətiyyətli liderləri olan xalqlar öz milli maraqlarını layiqincə qoruya bilər. Bu mənada qardaş Türkiyənin də, Azərbaycanın da bəxti gətirib. Biz oktyabr ayının 20-də növbəti tarixi hadisəyə şahidlik edəcəyik. İşğaldan azad edilmiş və strateji mövqeyi ilə mühüm əhəmiyyət kəsb edən Zəngilan rayonunda yeni inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq". H.Babaoğlu qeyd etdi ki, bu hadisə Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafı baxımından olduqca əhəmiyyətlidir: “Eyni zamanda Zəngəzur dəhlizi üzərindən Naxçıvana və Türkiyəyə gedən yolda və cənubdan Qarabağ İqtisadi rayonuna yönlənən kommunikasiya xətti üzərində vacib bir qovşaqdır. Göründüyü kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə yaratdığı yeni nəqliyyat kommunikasiyaları ilə regionda bir əməkdaşlıq platforması formalaşdırmağa çalışır. Ancaq biz bilirik ki, bəzi qonşularımız bunu istəmir, yaxud israrla buna qarşı çıxırlar. Bu isə nəticə etibarilə sülhə və əməkdaşlığa qarşı çıxmaqdır”.

Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib

Deputat qeyd etdi ki, tam bu ərəfədə qonşu İran Azərbaycanla sərhəddə 45 minlik ordu ilə hərbi təlim keçirir və bunu sülh üçün etdiyini bildirir: “Ancaq nədənsə 30 il Azərbaycan torpaqları işğal altında qalanda, torpaqlarımızı ermənilər beynəlxalq terror təşkilatlarının təlim mərkəzinə çevirəndə, tarixi, dini abidələrimiz, evlərimiz, qəbiristanlıqlarımız vəhşicəsinə dağıdılanda cənub qonşumuzun yadına sülh düşmürdü. O zaman hərbi təlim keçirib, erməni işğalçılarını işğaldan və müsəlman mirasına qarşı törətdiyi barbarlıqdan çəkinməyə məcbur etmirdi. İndi isə Zəngəzur dəhlizinin açılmasını "qırmızı xətt" adlandırır. Başqa bir tərəfdən, Ermənistan hər gün törətdiyi hərbi-siyasi təxribatlarla regionda gərginliyi artırmağa çalışır. Fransa Prezidenti terrorçu dövlət olan Ermənistanı “dəyərlər ölkəsi” adlandırır. Ağ Dənizdə və Şimali Afrikada Yunanıstanla birlikdə yaratdığı antitürk hərbi-siyasi koalisiyasını Cənubi Qafqaza köçürməyə cəhd edir. Bu koalisiyaya Ermənistanı da qoşmaqla onu daha da gücləndirməyə çalışır".

H.Babaoğlunun sözlərinə görə, belə olan halda şübhəsiz ki, qardaş Türkiyə və Azərbaycan liderlərinin regiona və dünyaya verəcəkləri mühüm ismarışlar var: “Əslində hava limanı kimi mühüm bir kommunikasiyanın yaradılmasının özü bir mesajdır. Bu, sülh və əməkdaşlıq mesajıdır. Lakin bu mesajı başa düşməyənlərə, yaxud başa düşmək istəməyənlərə də iki qardaş ölkənin mesajı var. Bu mesaj isə Şuşa Bəyannaməsidir. Ona görə də hər kəs hər şeyi nəzərə alaraq davranmalıdır”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident ötən gün də Qarabağa səfər ediblər, Cəbrayıl, Qubadlı və Zəngilanda da bir sıra vacib əhəmiyyət kəsb edən layihələrin təməlini qoyublar. Azərbaycan ərazilərinin 30 il ərzində işğalda qalmasına dolayı və açıq dəstək verənlər, elə bu gün, azad Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərini görməzdən gəlib, hərbi təlimlərlə ölkəmizi təhdid etməyə cəhd göstərənlər, işğalı və terroru dəstəkləyib də, erməni vandallığını müdafiə edənlər anlayır ki, quruculuq işlərinin növbəti məkanı bir gün Zəngəzur olacaq. Çünki qarşıda daha böyük hədəflər var, Qarabağın hava qapısının açılışını həyata keçirən liderlərimiz bir gün Zəngəzur dəhlizindən qatarla keçib də, Türkiyəyə, yaxud geriyə, Azərbaycana gəlməyi hədəfləyiblər. Həm Türkiyə, həm də Azərbaycan ərazisində həyata keçirilən tikinti işləri də bu hədəfə çatacağımızın anonsudur, müjdəsidir. Beləliklə, bu gün dünyanın nəzərləri Zəngilana dikiləcək-Turan qapısının qurulacağı məkana. Nə xoş ki, iki Türk lider növbəti dəfə bir arada, xoş günə şahidlik edəcək! Kimlərsə Turan qapısının qarşısını kəsmək istəsələr, onları iki tale gözləyir: ya qatarın relsləri altında tikə-parça olacaq, ya da Turan qatarının arxasınca baxacaqlar...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR