“İran silah sənayesini gücləndirəcək”
İsrailin müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
İranın Qərblə nüvə anlaşması əldə etməsi İsraildə təşvişlə qarşılanıb. “The Jerusalem Post”un yazısında həmin narahatlıq aydın sezilir.
Qəzet yazır: ”İsrailin müdafiə naziri Moşe Yalon Vaşinqtonda ABŞ senatorları Con Makceyn və Cek Ridlə görüşü zamanı deyib ki, sözügedən anlaşmadan sonra İrana tətbiq olunmuş sanksiyalar aradan qalxmaqdadır. Bu isə o deməkdir ki, İrana tezliklə kifayət qədər vəsait daxil olacaq. Rəsmi Tehran həmin pulları ən müasir silahların istehsalına yönəldəcək. Həmin silahların isə “Hizbullah”, “Həmas” və “İslami Cihad” kimi terrorçu təşkilatlara ötürüləcəyi şübhə doğurmur. İranın silah sənayesi ciddi uğur qazanıb və xeyli inkişaf edib. Təbii ki, həmin silahlar təkcə İsraili hədəfə almayıb, həm də digər qonşu ölkələr üçün də təhlükə mənbəyidir”.
İsrailin müdafiə naziri onu da vurğulayıb ki, onlar ABŞ-ın İsrailin təhlükəsizliyinə verdiyi dəstəkdən dolayı son dərəcə məmnundurlar.
Elbəyi Həsənli
Musavat.com






