İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran probleminin həlli Qarabağ düyününün açılmasını tezləşdirə bilər” - alman politoloqun düşüncələri

1141 20.01.2014 08:25 KİVDF layihələri A A
Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Berndə İsveçrənin xarici işlər naziri, ATƏT-in yeni sədri Didye Burkhalterlə görüşdülər. İki gün ərzində Qarabağa dair aparılan müzakirələrin yekununda münaqişəli məsələlərin dinc yolla həlli üzrə sanballı təcrübəyə malik İsveçrənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağa dair danışıqlar prosesinsə ümidverici elementlərin olmasını söylədi. 


Təbii ki, bu, sırf diplomatik bir açıqlama idi və əslində prosesdə ciddi irəliləyişin olmadığının, hər şeyin sıfırdan başlamalı olduğunun etirafı sayılmalıdır. Analitiklər isə irəliləyişi yalnız o halda real hesab edirlər ki, konflikt ətrafında əlverişli regional və beynəlxalq şərtlər yetişsin. Elə şərtlər ki, onların fonunda Rusiyanın problemə tormozlayıcı müdaxilə imkanları indiki qədər həlledici olmasın, azalsın. 

Həmin şərtlər sırasında təbii ki, İran amilinin məqbul duruma gəlməsi, yaxud gətirilməsi də var. Alman politoloq, Xarici Siyasət üzrə Alman Şurası yanında Bertold Beyts Mərkəzinin direktoru Aleksand Papın bu xüsusda fikirləri diqqət çəkir. Erməni mətbuatına müsahibəsində o, İranın nüvə probleminin dinc yolla həllinin bölgə və onun konfliktləri üçün həqiqətən də mühüm əhəmiyyət daşıdığını bildirib.  

Ekspertə görə, məsələ yoluna qoyulduqdan qısa müddət sonra regionda sülh bərqərar olacaq, çünki İrana qarşı hərbi əməliyyatlar ehtimalı sıfıra enəcək, eyni zamanda bu, nüvə silahının yayılmamasına pozitiv təsirini göstərəcək: “Mən hesab edirəm ki, İranın nüvə probleminin həlli və Qərblə yaxşı münasibətlər qurulmasının ardınca Tehran regionda təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol ala biləcək”. 

İran-Qərb münasibətlərinin konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həll perspektivinə təsirinə gəlincə, mərkəzin direktoru bədbin deyil: “Mən ilk növbədə onu deyə bilərəm ki, İran məsələsinin yoluna qoyulması ən əvvəl Suriya və əfqan böhranlarının həllinə kömək olacaq, çünki bu problemlərin həlli Amerika-Rusiya arasında yaxşı münasibətlərin nümayişinin nəticəsi sayılır. Əgər bu məsələlərdə iki güc mərkəzinin mövqeyi üst-üstə düşəcəksə, demək, başqa konfliktli məsələlərdə də onlar anlaşma əldə edə bilərlər. Ancaq postsovet məkanında mövcud olan münaqişələr fərqli müstəvidə həllini tapmalıdır. Belə ixtilafların yoluna qoyulması üçün həmişə çox vacibdir ki, dünyanın böyük dövlətləri öz aralarında anlaşsınlar. Yəni ən vacibi odur ki, İran probleminin həlli regiondakı bütün lokal münaqişələrin çözümünə yardımçı olsun”. 

Alman politoloqun dediklərində həqiqət payı az deyil. Ona görə ki, İran münaqişə tərəfləri arasında aktiv vasitəçilik missiyası daşımasa da, Rusiya və Qərb buna qısqanc yanaşsa da, böyük regional oyunçu kimi o, ixtilafın həllinə spesifik və həssas təsir imkanlarını istənilən halda özündə saxlayır. 


Ən çox isə Tehran işğalçı Ermənistana iqtisadi təsir rıçaqlarına malikdir. Məsələ ondadır ki, İran hələ də Ermənistan üçün əsas nəfəslik rolunu oynamaqdadır. Eyni zamanda bu ölkə Ermənistanın yeganə və əsas işlək quru sərhədi olan qonşusudur. Nəhayət, qonşu dövlətlərdən məhz İran Ermənistanla ən böyük ticarət dövriyyəsinə malikdir. 

Belə mühüm iqtisadi-ticari, qismən də energetik bağlılıq  böyük sülh sazişini imzalanması zamanı rəsmi Tehranın İrəvana mümkün təsirlərinin konturlarını müəyyən edir. İran buna gedə bilər, bir şərtlə ki, onun Dağlıq Qarabağla bağlı bəzi maraqları nəzərə alınsın. 
Söhbət ilk növbədə münaqişənin yoluna qoyulması prosesində ABŞ (NATO) qüvvələrinin İran yaxınlığında (Azərbaycanın işğal altındakı bir neçə rayonu İranla həmsərhəddir) yerləşdirilməsindən yana cənub qonşumuzun əndişəsindən gedir. 

Aydındır ki, Tehranın nüvə proqramı məsələsində Qərb dövlətləri arasında bitkin anlaşma əldə edilərsə, İran-Qərb (ABŞ) münasibətləri qaydaya düşərsə, bu narahatlıq da xeyli aradan qalxar və İranın Qarabağ məsələsinin həllinə marağı, həvəsi artar.

Daha bir səbəbdən: İran müsəlman torpaqlarını işğal edən Ermənistanla geniş iqtisadi əlaqələr qurmaqla Azərbaycan toplumunda çoxdandır ki, mənfi imicə malikdir, Türkiyədən dəfələrlə aşağı rəğbət yiyəsidir. Bu isə İranın Azərbaycanda ideoloji manevr imkanlarını faktiki sıfra endirir. Ancaq Qarabağ münaqişəsi yoluna qoyularsa, İran avtomatik belə bir neqativ imicdən də qurtulmuş olacaq və Azərbaycana bəlkə də Rusiyadan da çox təsir imkanı əldə edəcək.

Yəni Qərblə diplomatik münasibətlərin bərpası maliyyə sanksiyalarının götürülməsi və İranı karbohidrogen qaynaqlarının Qərb bazarlarına çıxarılması ilə yanaşı, Güney Qafqazda öz maraqlarını daha uğurlu şəkildə təsbit etməyədək çox böyük  dividentlər vəd edir. Eyni zamanda bu proseslər Rusiyanın bölgəyə, Azərbaycan və Ermənistana, Qarabağ ixtilafına təsir imkanlarının azalmasına, Avropanın qaz bazarında Rusiyanın dominantlığının İran hesabına aradan qalxmasına vəsilə olardı. 

Demək, belə bir anlaşmadan İran da, Qərb də, bölgə də uduşda olar. Bu mənada İran probleminin həlli doğrudan da Qarabağ düyününün açılmasını tezləşdirə bilər.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR