Elxan Şahinoğlu: “Bölgənin iki güc mərkəzi ilə də münasibətləri gərginləşsə, onlar üçün daha pis olacaq”
Azərbaycanın öz ərazilərini işğaldan azad edib, daha da güclənməsini həzm edə bilməyən İran cəbhəni böyüdür. Bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İran özünü Rusiya və Çindən asılı vəziyyətə salmaq niyyətində deyil. Tehran hər iki tərəfin maraqlarına uyğun xarici siyasət yürüdür: “Biz maraqlarımızın olduqca yaxşı səviyyədə təmin olunduğunu görürük. Sözsüz ki, bu ideyanı alqışlayırıq”.
İran regionda baş verən prosesin nə qədər qlobal olduğunun, Azərbaycanın, Türkiyənin bu prosesdə aparıcı rol oynadıqlarının, bölgənin aparıcı dövlətlərindən olan Rusiyanın və Çinin bu sürəcdə Azərbaycana verdikləri dəstəyin fərqindədir. Qarabağdan sonra Azərbaycan xalqının hədəflərinin hara olacağını da yaxşı bilir. Ona görə də Rusiya və Çinə mesaj verir. Açıqca deyir ki, sizdən üz çevirərəm. Bəs İranın bu siyasəti ona nə vəd edir? Bu cür şantaj siyasəti Tehrana zaman və resurs qazandıra biləcəkmi? Bölgənin ən böyük və əsas oyunçuları ilə dalaşmaqla nə udmağı düşünür?

Xatırladaq ki, İranla Çin arasında 2021-ci ilin martında “Hərtərəfli strateji tərəfdaşlıq” haqqında saziş imzalanıb. Sazişin müddəti 25 ildir. Çin bu müqaviləni İrana hələ 2016-cı ildə təklif etmişdi, amma Tehran bu təklifə o vaxt isti yanaşmamışdı. Çünki müqavilə Tehranın iqtisadi baxımdan Pekinə ciddi güzəştlərini ehtiva edirdi. İndinin özündə belə müqavilənin şərtləri axıradək açıqlanmır. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat 2020-ci ildə razılaşdırılma mərhələsində olan müqaviləni İran xalqı üçün arzuolunmaz hesab etdiyini açıqlamışdı. O, hakimiyyəti xalqdan gizlin müqavilə imzalamaqdan çəkinməyə çağırmışdı. Əksər şərtləri ötən il Rusiya mətbuatına sızdırılan müqavilə İran üçün heç də əlverişli hesab oluna bilməz. Belə ki, müqaviləyə əsasən Çin İranın neft-qaz və neft-kimya sənayesinə 280 milyard dollar investisiya yatıracaq. Bu, əməkdaşlığın ilk 5 ilində baş verəcək, sonrakı beşilliklərdə əlavə vəsaitlər yalnız hər iki tərəf razılıq verdikdən sonra yatırılacaq.
İlk beşillikdə Çin İranın nəqliyyat və istehsal sektorlarının modernləşdirilməsinə 120 milyard dollar investisiya yatıracaq. Sonrakı 5 illiklərdə əlavə yatırımlar üçün yenə hər iki tərəfin razılığı olmalıdır. Və bu yatırımların əvəzində Çin şirkətlərinə İranın dayandırılmış, başa çatdırılmamış və ya yeni neft və neft-kimya layihələri üzrə hərraclarda prioritetlik hüququ təqdim olunacaq. Bundan başqa, Çin İranın bütün növ neft-qaz məhsullarını etalon məhsulların 6 aylıq orta qiymətindən minimum 12 faiz zəmanətli endirimlə, üstəgəl, risklərin kompensasiyası üçün bu həddən daha 8 faizədək ucuz almaq hüququ əldə edir. Çinə İrandan aldığı məhsulların pulunu 2 ilədək ödəmə müddəti tanınır. Bu ödənişi Pekin Afrika və MDB ölkələrindəki biznesindən əldə etdiyi milli valyutalarla da ödəyə biləcək. Bu isə konvertasiya zamanı İranın daha 12 faiz vəsait itirməsinə səbəb ola bilər. Beləliklə, İran müqavilə çərçivəsində Çinə neft və neft-kimya məhsulları satışında 32 faizə qədər güzəştə getməli olacaq.

Müqaviləyə əsasən, Çin özünün “Bir Kəmər, Bir yol” layihəsi çərçivəsində İranın ərazsində əsas infrastrukturun yaradılmasından iştirak edəcək. Eyni zamanda İrandakı ucuz işçi qüvvəsindən Çin öz iri şirkətlərinin layihələndirdiyi və inşa etdiyi iri zavodların tikintisində istifadə edəcək. Bu zavodların istehsal etdiyi məhsullar Çinin müəyyənləşdirdiyi, maliyyələşdirdiyi və idarə etdiyi nəqliyyat infrastrukturu ilə Qərb bazarlarına daşınacaq.
Nəzərə alsaq ki, Çin belə müqavilələri yalnız o ölkələrlə imzalayır ki, onların ödəmə qabiliyyətlərinin olmadığına əmin olur. Yəni bağlanan müqavilə faktiki olaraq İranı Çindən tam asılı vəziyyətə gətirir. Təcrübə göstərir ki, müqavilənin icrasının ilk illərində Çindən böyük maliyyə vəsaitləri alan dövlətlər yalnız bir neçə ildən sonra - Pekin müqavilənin verdiyi üstün hüquqlardan yararlandıqda ayılırlar. Bu baxımdan, İranın indi “Çindən asılı vəziyyətə düşməyəcəyik” tipli açıqlamalarının Çin tərəfindən qulaqardına vurulması mümkündür - İran konkret addımlar atanadək. Tehranın Çinin maraqlarına zidd ilk addımındaca Pekin ona reaksiyasını göstərəcək.

Çin İran üzərindən daşınacaq yüklərin İran sərhədindən Avropaya hansı marşrutlarla daşınacağını özü müəyyən edir və edəcək, bu, birmənalıdır. 2019-cu ildə Çinlə İran 900 km-lik Tehran-Məşhəd dəmiryol xəttinin elektrikləşdirilməsi üçün müqavilə imzalayıblar. Tehran-Qum-İsfahan sürətli dəmiryol xəttinin yaradılması, onun Təbriz şəhərindən keçməklə şimala doğru uzadılması planlaşdırılır. Beləliklə, Təbriz şəhəri 2300 km-lik Yeni İpək Yolunun əsas dayaq nöqtələrindən birinə çevriləcək. Bu yol Çinin Urumçi şəhərindən başlayıb Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Tehrana, oradan isə Təbrizdən keçməklə Türkiyəyə və Avropaya uzanmalıdır. Bu layihəyə külli miqdarda vəsait yatıran Çinin İranın Ermənistan üzərindən yeni yol çəkmək planına hansı məntiqləsə dəstək verəcəyi real görünmür. Belə ki, İrandan Ermənistan və Gürcüstan üzərindən yüklərin daşınmasının təşkili 3 milyard dollardan yuxarı investisiya qoyuluşu tələb edir. Bunun 2 milyard dolları Ermənistan ərazisində yolun çəkilişi üçün lazımdır. Ermənistanın özünün bu layihəni maliyyələşdirməsi nonsensdir. Avropa Birliyinin İranın söz sahibi olduğu marşrutu maliyyələşdirməsi də həmçinin. Çinin də Rusiyanın üzərindən keçib Ermənistana belə böyük yatırım edəcəyi real deyil. Çünki Pekin bir qayda olaraq özündən tam asılı vəziyyətə sala biləcəyi ölkələrə irihəcmli yatırım edir. Ermənistanın Çindən belə asılılığa düşməsinə Rusiyanın imkan verməsi mümkün deyil. Çinin isə bölgədə hazır (Azərbaycan üzərindən), yaxud çox aşağı yatırım tələb edən (Zəngəzur dəhlizi) marşrutlarını qoyub Ermənistandan keçəcək yola görə Rusiya ilə münasibətləri gərginləşdirməsi ehtimalı sıfıra yaxındır.
ABŞ və Avropanın sərt sanksiyaları altında illərdir iqtisadiyyatı tənəzzül yaşayan İran üçün Çin və Rusiya nəfəslik rolunu oynayır. Uzun illərdir İranın sanksiyalardan yayınaraq gizli yollarla satdığı neftin əsas alıcılarından biri məhz Çindir. Bu halda, İran hansı məntiqlə Çindən uzaqlaşmaq yolunu tuta bilər? Çin onun neftini almasa, kim ala bilər? İrandan gizli neft alan ölkələrdən biri də Hindistandır. Çinlə kəskin rəqabətdə, son vaxtlar isə açıq konfrontasiyada olan Hindistanın İranın təklif etdiyi bütün neft həcmlərini almaq imkanı mövcud deyil. Çünki bu ölkə Çin qədər güclü iqtisadiyyata malik deyil. Hindistan iqtisadiyyatı qlobal, xüsusilə Avropa və ABŞ iqtisadiyyatları ilə daha çox inteqrasiya olunub. Bu baxımdan, onun İrandan gizli neft almaq imkanları da məhduddur. Hindistandan Avropaya yükdaşımalar da elə həddə deyil ki, Çindən daşımaları əvəz edə bilsin.
İranın Rusiyadan asılılığı isə daha çox siyasi xarakter daşıyır. Tehran həm Xəzərdə, həm də Şimal sərhədləri boyu quruda nüfuz dairəsini Rusiyanın razılığı olmadan dəyişə bilməz.
İranın Qərblə uranın zənginləşdirilməsi ilə bağlı aparılan danışıqlarında da Rusiya və Çinin rolu böyükdür. İran bu danışıqlarda bu iki ölkənin dəstəyindən bəhrələnir. Təsadüfi deyil ki, Almaniya kansleri Angela Merkel danışıqların indiki mərhələsində çox şeyin Rusiya və Çinin mövqeyindən asılı olduğunu bəyan edib. Faktiki olaraq, Qərbin sanksiyalarından qurtulmaq üçün də İranın Moskva və Pekinin dəstəyinə ehtyacı var. Bütün bunların fonunda İran xarici işlər nazirinin hər iki ölkəyə meydan oxuyan çıxışı hansı məqsədi daşıyır?
Elxan Şahinoğlu
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, İran xarici siyasət idarəsinin rəhbəri, yumşaq desək, doğru danışmır: “Ağır sanksiyalarla üz-üzə qalan, qonşu dövlətlərlə - Türkiyə və Azərbaycanla münasibətlərini süni surətdə gərginləşdirən İranın yeganə ümidi Çin və Rusiyadır. Çinin investisiyaları olmasa, İran çökər. Ölkə həmçinin Rusiyadan da iqtisadi-siyasi asılılıqdadır. İran xarici işlər naziri buna görə qaçmışdı Moskvaya. İranın Azərbaycanı regionda təkləmək siyasəti də iflasa uğrayıb - heç kəs İrana görə Azərbaycanla münasibətlərini gərginləşdirmək istəmir. Xarici işlər nazirinin Moskvaya səfərindən sonra aydın oldu ki, İran bu istiqamətdə Rusiyadan da hər hansı dəstək ala bilmədi. Üstəlik, Azərbaycan da İranın hədələrindən qorxmur! İran hakimiyyəti elə bilirdi ki, hədə-qorxu gələn kimi Azərbaycan nədənsə qorxub-çəkinəcək. Azərbaycan dövləti, dövlətin rəhbərliyi, siyasi elitası, cəmiyyətimiz İrandan çəkinmədiyini açıq şəkildə ortaya qoydu. Çünki biz haqlı tərəfik - İran da daxil olmaqla, heç bir qonşumuzun daxili işlərinə qarışmırıq. İran isə kobud şəkildə bizim daxili işlərimizə müdaxilə etməyə çalışır”.

Politoloq onu da bildirir ki, Azərbaycana qarşı açıq düşmənçilik, həmçinin Rusiya və Çinə qarşı demarşlar İranı daha da çətin vəziyyətə salacaq: “Onsuz da küncə qısılmış vəziyyətdədilər. Bölgənin iki güc mərkəzi ilə də münasibətləri gərginləşsə, onlar üçün daha pis olacaq. Bu baxımdan, xarici işlər nazirinin dedikləri elə söz xatirinə sözdən başqa bir şey deyil”.
Dünya SAKİT,
“Yeni Müsavat”






