İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail gərginliyinin simvolik mesajları - Tanınmış ekspert ŞOK DETALLARI AÇIQLADI

735 20.04.2024 13:40 Siyasət A A

İsrailin İsfahana hücumuna İranın reaksiyası maraqlı oldu. İranın adını açıqlamayan rəsmisinin “Reuters” agentliyinə bildirdiyinə görə, ölkəyə heç bir “xarici hücum” olmayıb, PUA-lar ölkə daxilindəki insanlar tərəfindən idarə oluna bilər. Odur ki, “İran diqqətini hücumdan daha çox sızma hərəkatı ehtimalına yönəldəcək”.

İranın bu açıqlaması nədən xəbər verir? İsrail-İran savaşı bitdimi?

OGUZ.jpeg (277 KB)

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İranın sözügedən açıqlamasını savaşda maraqlı olmadığını göstərir:

“Çünki İrana son hücumun İsrail tərəfindən edildiyi sirr deyil. Bunu İranın daxilindəki agentləri vasitəsilə və ya bilavasitə törədə bilərlər. Amma fakt budur ki, əməliyyatın arxasında Təl-əviv dayanır. Açıq şəkildə etiraf etməsələr də, əslində İsrail yetkililəri də bunu gizlətmirlər. İsrailin “Jerusalem Post” nəşri adı açıqlanmayan rəsmi mənbəyə istinadən bildirmişdi ki, “cümə günü səhər erkən saatlarda İsrailin F-35 təyyarəsi İranın İsfahan şəhərinin mərkəzindəki Hərbi Hava Qüvvələri bazasına raket zərbələri endirib”. Nəşrin bu iddiaları ilə İranın son açıqlamaları bir-birinə ziddiyyət təşkil edir və hücumun daxili qüvvələr tərəfindən həyata keçirilmədiyini göstərir. İran isə İsfahandakı hərbi bazaya hücumun kiçik dronlar vasitəsilə edildiyini və özünə ciddi zərər vurmadığını bildirərək ona cavab verməyəcəyini vurğulayır”.

Siyasi şərhçinin fikrincə, İsrailin məqsədi əslində İrana ciddi zərər vurmaq yox, sadəcə mühüm bir mesajı onun diqqətinə çatdırmaq idi: “İranın son açıqlamaları göstərir ki, verilən mesajı düzgün anlayıb və qurulduğu gündən etibarən düşmən elan etdiyi İsraillə savaşı bitirmək niyyətindədir. Başqa sözlə desək, Tehran hücuma cavab verməyəcəyi barədə əks-mesajı ilə  Təl-əvivə zeytun budağı göndərir”.

Bəs, İsrail İrana hansı mesajı vermişdi və İranın ona əks-mesajını qəbul edəcəkmi?

İsrailin İrana əsas mesajını İsfahana hücumla verməsini təsadüfi saymayan həmsöhbətimiz həmin şəhərin önəminə diqqəti yönəltdi: “Bilirsiniz ki, İsfahan vilayəti İranın mərkəzinə yaxın ərazidə yerləşir. Ən yaxın sərhədi olan İraqla arasındakı məsafə 600 km-dir. İsrail bu şəhərə hücum zərbə endirərək İrana “mən radarlara yaxalanmadan sənin 600 kilometr içərinə girə bilərəm” demək istəyib. Üstəlik, həqiqətən də hücumu F-35-lərlə edibsə, bu, onun hava qüvvələrində nə qədər böyük avantaja malik olduğunun ifadəsidir.

F-35-lərin texniki özəlliklərinə diqqət çəkən Heydər Oğuz bu təyyarələrin həqiqətən də radara yaxalanmadığını bildirdi:

 “İsrail rəsmilərinin hələ 2023-cü ilin iyin ayında verdikləri bəyanatlara inansaq, onun əlində 39 ədəd F-35 təyyarəsi var idi. Həmin dövrdən indiyədək ölkənin daha neçə eyni tipli təyyarə aldığı isə bilinmir. Təl-əvivin ilkin hədəfi bu sayı 75-ə çatdırmaq idi. Böyük ehtimalla, öz hədəflərini reallaşdırıblar da. Üstəlik, İsrailin əlindəki F-35-lər  “Lockheed Martin” şirkəti yalnız onun üçün özəl hazırlanıb və “F-35 Adir" adlanır. Başqa dövlətlərə satılmadığı bildirilən bu versiyanın daha üstün özəlliklərə malik olması istisna deyil. Məsələ burasındadır ki, İran hava hücumundan müdafiə sistemləri bu təyyarələri təsbit edə bilmirsə, iki dövlət arasında çıxması gözlənilən savaşda cənub qonşumuzun səmalarında eyni anda 75 ədəd F-35 qırıcısı peyda ola bilər. O da məlumdur ki, İsrail İranın ötən həftə bu ölkəyə atdığı 320-dən çox raket və silahlı dronlarının ən azı 90 faizini vura bilmişdi. Haqqında bəhs etdiyimiz iki hücum nümunəsi İranın İsrail qarşısında nə qədər həssas vəziyyətdə olduğunu göstərir”.

Heydər Oğuz onu da vurğuladı ki, bu həssas durum yalnız İrana da xas deyil: “İsrail Yaxın Şərqdə radar tərəfindən aşkarlanmadan istənilən ölkənin hava sahəsini poza bilən F-35 təyyarələrinə malik yeganə dövlətdir. Və bütün hava üstünlüyü iki dövlət arasında çıxacağı gözlənilən savaşda İsrailin şansını artırır. Görünür, İran da bu mesajı anladığından onunla savaşmağa maraqlı olmadığını açıq şəkildə ifadə edir və İsfahan hücumunun məsuliyyətini daxili qüvvələrin üzərinə yükləyir”.

Hücumun məhz İsfahana edilməsinin digər səbəbini İranın nüvə texnologiyasının məhz bu vilayətdə yerləşməsi ilə əlaqələndirən siyasi şərhçi İsrailin İrana “mən sənin nüvə müəssisələrini də vura bilərdim” demək istəyini düşünür: “Bilirsiniz ki, İranın ən mühüm nüvə müəssisəsi Natanz obyekti İsfahan vilayətində yerləşir. 25 ildir fəaliyyət göstərən bu müəssisə İranın böyük təbii uran ehtiyatlarından enerji istehsal edən və ya onu sentrifuqalarla UF6 adlı qaza çevirə bilən strateji obyektdir. İran rəsmilərinin bildirdiyinə görə, artıq bu müəssisədə uranın zənginləşdirilməsi prosesi 60 faizə qədər yüksəldilib. Bu isə nüvə silahı üçün tələb olunan zənginləşdimə həddinə yaxınlaşmaq deməkdir. Belə ki, nüvə silahlarının “yanacağı” 80 faiz zənginləşdirilmiş urandan alınır. Mütəxəssislər etiraf edirlər ki, İran istədiyi zaman uranın zənginləşdirmə həddini bir neçə günə və ya həftəyə kritik həddə, yəni 80 faizə çatdıra bilər. İsrail məhz bu səbəbdən həmin müəssisənin yanını hədəfə almaqla düşməninə “nəbadə, bu fikrə düşəsən, əks halda sənin nüvə obyektini göyə uçuraram” mesajı verir. Nəzərə alsaq ki, İrana bağlı proksilər dəfələrlə İsrailə onun nüvə obyektlərini hədəfə ala biləcəklərinə dair açıq mesajlar göndərib, İsrail həm də Natanza yaxınlaşmaqla düşməninə “sənin də qarnın yumşaqdır” demək istəyir”.

Bununla belə, həmsöhbətimiz İsrailin İranın sülh mesajlarına müsbət cavab verəcəyinə inanmır. Onun fikrincə, İsrail azı 15 ildir ki, İranın nüvə obyektlərini zərərsizləşdirmək üçün fürsət gözləyirdi: “Məhz bu səbəbdən də aprelin 1-də İranın Suriyadakı diplomatik nümayəndəliyinə hücum etdi. Məqsədi İranı özü ilə savaşa çəkmək idi və İranın 14 martdakı məlum hücumu ilə əslində buna nail oldu. Artıq görürük ki, dünyanın aparıcı dövlətləri də İranın hücumunu qınayır, İsraii dəstəkləyirlər. Dolayısıyla İsrail illər uzunu arzuladığı legitimliyi qazanıb. Onun bu fürsəti fövtə verəcəyinə inanmıram”.

Heydər Oğuzun fikrincə, həm İsrailin, həm də İranın son zamanlar bir-birinə verdikləri odlu mesajlar dərin simvolik anlamlar ehtiva edir və sözügedən məqamlar savaşın tezliklə bitəcəyini göstərmir: “Məlumdur ki, son insidentlər İsrailin Suriyadakı İran konsolluğuna hücumla başladı. Hücumun zamanlaması düşündürücü idi – aprelin 1-i. Aprelin biri İran İslam Respublikasının quruluş günüdür. 1979-cu ilin 1 aprelində ölkə İran İslam Respublikası, daha sonra isə Xomeyni ömürlük lider elan edildi. Yəni İsrailin bu hücumu İslam Respublikasının 45-ci quruluş ildönümünə düşürdü. Təl-əviv sanki bununla İrana səni yer üzündən siləcəyəm deyirdi. İranın ona cavabı da tarixi simvolik məna daşıyırdı: aprelin 13-dən 14-nə keçən gecə. Tövrata görə, həmin gün Pasxa bayramı başlayırdı. Yəhudilər həmin gün qurban kəsib 14-dən 15-i arasında axşamdan axşama qədər onu mayasız xəmirlə yeməlidilər. Yəhudi inancında bu bayrama “Xəmirsiz bayramı” da deyirlər. Bunun bir də tarixi bir anlamı var. Tövratın bildirdiyinə görə, miladdan çox-çox əvvəl həmin gün axşam Misir fironu yəhudilərə hücum edib. Qadınlar xəmirlərinə maya vurmadan tələsik öz yurd-yuvalarını tərk edib indiki yerlərinə - Kənan elinə qaçıblar. Ertəsi gün mayasız xəmirdən çörək bişirib bir həftə ərzində yeyiblər. Amma bu sərgərdanlıq həm də yəhudilərə Firon zülmündən qurtuluş gətirib. Məhz bu səbəbdən də həmin günü bayram edir və xörəklərini xəmirsiz çörəklə yeyirlər. İranın Pasxa qurbanlarının kəsildiyi gün hücum etməsi bu tarixi hadisəyə eyhamdır. Yəni İran demək istəyirdi ki, sən bizim dövlətimizi yıxmağa təşəbbüs göstərsən, mən sənin əhalinin başına bomba yağdıraraq yenidən sürgünə məcbur edərəm”.

Heydər Oğuzun fikrincə, İsrailin İranın cavabına cavabı da tarixi günə təsadüf edirdi: “Məlumata görə, İranın hazırkı lideri Xamenei 19 aprel 1939-cu ildə anadan olub. Sanki İsrail də hücumu həmin günə salaraq, Xameneiyə ad günü hədiyyəsi göndərmişdi. Bundan əlavə İranın hücumunun şənbə, İsrailin hücumunun isə cümə günü baş verməsi də maraqlıdır. Şənbə yəhudilərdə, cümə isə müsəlmanlarda müqəddəs günlər sayılır”.

Siyasi şərhçi İsrailin real hücumdan çox, İrana “ad günü”  hədiyyəsi göndərməsinin əsas səbəbini də Pasxa günü ilə əlaqələndirir: “Bilirsiniz ki, həm İran, həm də İsrail dini dövlətdir. Dini dövlətlər müqəddəs gündə müharibə etməzlər. Məncə, İranın Suriyadakı konsulluğa hücuma 13 gün sonra cavab verməsi həm də dini həssasiyyətindən  irəli gəlirdi. Çünki Ramazan ayı idi və Quran müqəddəs aylarda savaşmağa xoş baxmır. İran da bu səbəbdən cavab zərbəsini Ramazandan sonra gerçəkləşdirdi. İndi isə yəhudilərin Pasxa bayramı hələ bitməyib. Bir həftə davam edən bu bayramın bitməsinə 2 gün qalır. İsrail məhz bu səbəbdən İrana qansız-qadasız “ad günü” hədiyyəsi ilə kifayətləndi. Həm də onu demək istədi ki, bayram bitsin, səninlə hesablaşacağam”.

Elədirsə, onda  iki gündən sonra İsrailin daha güclü hücumları ilə tanış ola bilərikmi?

Heydər Oğuzun fikrincə, İranın “ad günü hədiyyəsi”nə “zeytun budağı” ilə cavab verməsi vəziyyəti bir qədər dəyişə bilər: “Mənim fikrimcə, İsrail bundan sonra İrandan qısasını özündən yox, onun proksi qüvvələrindən alacaq. Beləcə, İranı ya növbəti hücumlara məcbur edəcək, ya da Yaxın Şərqdəki qol-qanadını kəsməyə çalışacaq. Əslində İsrail üçün də elə bu lazımdır. Onun İranla əsas dərdi İsrailin sərhədlərinə topladığı proksi qüvvələrdən qurtarmaqdır. Çünki bu qüvvələr İsrailin təhlükəsizliyini təhdid edir. Bundan əlavə, müsəlman ərəb ölkələrini də İsrailə qarşı döyüşə həvəsləndirir. İran həqiqətən də uzatdığı “zeytun budağı”na sadiqliyini nümayiş etdirsə, proksi qüvvələri arasında tamamilə nüfuzdan düşəcək və İsrailin hücumları ilə onlar tarixə qovuşacaq. Bu isə İranın müdafiə və təhlükəsizlik strategiyası üçün ölümcül sükut anlamına gəlir.  İran indiyə qədər öz təhlükəsizliyini və müdafiəsini məhz onlar üzərində qurub. Adına “şiə hilalı” dediyi bu strategiyadan vaz keçilsə, İslam İnqilabının əsas ideyası da çökmüş olacaq və İran regionda yalnızlaşaraq daxilən dəyişikliklərə məruz qalacaq. Açığı, mən İranın bu risklərə gedəcəyinə inanmıram. Odur ki, İsrailin İranyanlısı proksi qüvvələrə qarşı başlatdığı əməliyyatlara Tehranın cavab verəcəyini düşünürəm. Bu isə İranı beynəlxalq arenada daha da zəiflədəcək və İsrailin ona qarşı hərbi əməliyyatlarını legitimləşdirəcək. Nəticədə ABŞ-ı da gözlənilən savaşa girmək məcburiyyətində buraxacaq. İsrailin də 2010-cu ildən bəri hədəflədiyi əsas məqsədi budur.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR