İran hökuməti türkləri təhqir edənləri mükafatlandırdı – FOTO
Ötən ilin noyabr ayında türkləri təhqir edən “Fitilə” verilişinin üzvləri mükafatlandırılıb.
Musavat.com İran mətbuatına istinadən bildirir ki, iyulun 25-də Firdovsi dərnəyi və İslami İrşad və Mədəniyyət Nazirliyi “Fitilə” qrupunun üzvlərini “Uşaq və yeniyetmələr üçün ən yaxşı proqram hazırlayan” qrup elan edərək mükafatlandırıb.
Xatırladaq ki, İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya verilişində türklər təhqir olunmuşdu. Belə ki, uşaqlar üçün nəzərdə tutulan proqramda diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Verilişin yayılmasından az sonra Güney Azərbaycan vilayətlərində geniş şəkildə etirazlar keçirilib. Aksiyalar zamanı çoxlu sayda etirazçı saxlanılıb, həbs edilib. Həbslər bu gün də davam etməkdədir.
Bu günlərdə isə məlum olub ki, İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Onun ardından isə Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması Güney Azərbaycanda yaşayan soydaşlarımızı daha da hiddətləndirib, narazı kütlənin qəzəbini daha da artırıb. Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilib. Təhlükəsizlik qüvvələri etirazların qarşısını almağa çalışıb, çoxlu sayda milli-mədəni fəal saxlanılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, milli-mədəni fəallar bu günlərdə yenidən etiraz aksiyaları keçirməyi planlaşdırır.
Xalidə Gəray
Musavat.com






