Erməni və farsdilli mediada yayılan xəbər və videolardan aydın görünür ki, İran İslam Respublikası rəhbərliyi Azərbaycana təhdid xəttini davam etdirir. Belə ki, ölkəmizin bütün dövlət sərhədləri boyunca İranın hərbi qüvvələrinin, artilleriya və zirehli texnikalarının cəmləşməsi müşahidə olunmaqdadır. Bəzi mənbələr iddia edirlər ki, bu cür qoşun cəmləşməsi hərbi təlimdən daha çox və əslində Azərbaycan dövlətini təhdid etmək, ictimaiyyətini qorxutmaq, bölgədə vəziyyəti gərginləşdirməkdir.
Məlumdur ki, işğaldakı torpaqlarımız azad edildikdən sonra İranla sərhəd bölgəmizdə bərpa, inşa və yenidənqurma işlərinə start verilib. Bu işlərin miqyası böyükdür və Azərbaycan bu prosesə dost ölkələrin şirkətlərini də cəlb edib. İngiltərə, İtaliya, Türkiyə, İsrail, Pakistan və başqa dost ölkələrin qurum və şirkətləri bu və ya başqa formada bölgədə yenidənqurma, inşaat, bərpa işlərinə cəlb ediliblər. Məsələn, İtalya şirkəti Zəngilanda pendir zavodu inşa edir. Həmin zavodun proqram təminatını İsrail şirkəti həyata keçirir. İngiltərənin bp şirkəti Qarabağda alternativ enerji müəssisələri inşa edir və s. Mina axtarışına, kommunikasiyaların çəkilişinə də müharibədə Azərbaycanın haqlı savaşına dəstək olmuş xarici ölkələr cəlb olunub.
Belə bir şəraitdə məhz həmin bölgədə gərginlik yaratmaq yalnız Azərbaycanı özünə düşmən bilən güclərin işinə yaraya bilər. Məsələn, Ermənistanın. Lakin bildiyimiz kimi, İran Azərbaycana dost ölkədir və bu dövlətin bütün yetkililəri bunu dəfələrlə bəyan ediblər. Bəs, nədən İran bu cür davranır, sanki Ermənistanın məğlubiyyətinin acısını yaşayırmış kimi, onu çıxartmağa oxşayan addımlar atır? Sərhədlərimizə qoşun yığaraq, müsəlman xalqı və dövləti təhdid edir? Bütün bunların sonu hara gedib çıxa bilər? İran təhdidlərinə cavabımız nə olmalıdır? İranın Azərbaycandakı səfirliyi önündə aksiyalar, Güney Azərbaycandakı dostlardan dəstək istəmək, yoxsa, sakitcə, təhdidlərə aldırmadan, işlərimizə davam etmək?
![]()
Əhməd Obalı: “İran insident yaradıb, ondan sui-istifadə etməyə çalışır, Azərbaycan buna getməməlidir”
Günaz TV-nin rəhbəri Əhməd Obalı mövzu ilə bağlı Musavat.com-a danışıb. O, qeyd edib ki, İranın Azərbaycan sərhədinə qoşun yığmasının bir çox səbəbləri var: “İran hələ də Ermənistanın uduzmasını, özünün Qafqazdan çıxarılmasını həzm edə bilməyib. Əlbəttə ki, Qafqazdan çıxması onun öz siyasətinin nəticəsidir. Digər tərəfdən, İranın öz daxilində iqtisadi və başqa çətinliklər var, məmləkət demək olar ki, çöküb, işsizlik baş alıb gedir, 2-3 gün əvvəl pulunun dəyəri yenə də düşüb, bahalaşma daha da artıb, dövlət bütün bunların qarşısında aciz qalıb. Bu səbəbdən İran daxilində yaranmış superkrizi ört-basdır etmək üçün Azərbaycan sərhədlərinə qoşun yığıb, farsçılıq, milliyətçilik hissini gücləndirib, özünü millətin içində yaxşı göstərməyə çalışır. İranın gərginlik yaratmaq istəyi dünya ölkələri tərəfindən də yaxşı qarşılanmır. Amerikalı mütəxəssislər də məsələni izləyərək qeyd edirlər ki, İran yenə də gərginlik yaratmaqla məşğuldur. Əlbəttə ki, bütün bunlar İranın öz zərərinə olacaq.
İranın Azərbaycan sərhədinə qoşun yığmaqda digər hədəfi də bu ola bilər ki, bir orada hansısa hadisə, insident yaratsın və bundan sui-istifadə edə bilsin. Əlbəttə ki, bu hadisəni Azərbaycan tərəfi yaratmayacaq və yaratmamalıdır. Lakin İran tərəfindən hər cür təxribat mümkündür.
Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur “Təsnim” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, “qonşuların sərhədlərinin pozulması və ya geosiyasi dəyişikliklər İran üçün qırmızı xətdir”. Bir Güney azərbaycanlısı olaraq sual verirəm - əgər doğrudan da belə bir qırmızı xətt var idisə, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuşdu və sərhədlər pozulmuşdu, bəs o zaman İranın qırmızı xətti harada idi? Niyə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra qırmızı xətt ortaya çıxır? Əlbəttə ki, Azərbaycan heç bir ölkənin sərhədinə keçməyib. Deməli, bu İranın yalan bəhanələridir və sadəcə gərginlik yaratmağa çalışır.
Qeyd etdiyim kimi, Azərbaycan bu gərginliyə baş qoşmamalıdır, eyni zamanda hər hansı bir insidentə hazır olmalıdır. Düşünürəm ki, güneyli-quzeyli azərbaycanlı gənclərin İran səfirliyinin önündə etiraz aksiyası keçirməlidir. Daha bir məsələ. Bildiyimiz kimi, səfirlikdən əlavə Azərbaycanda İranın bir çox siyasi mərkəzləri var və onlar orada casusluqla məşğuldurlar. Azərbaycan bu məsələyə də diqqəti artırmalıdır.
Güneyin milli-mədəni fəallarının hamısı Azərbaycan dövlətinin və dövlətçilyinin arxasındadır və İran da bunu çox yaxşı bilir. Azərbaycana bir güllə atılarsa, İranın sonu sürətlə yaxınlaşacaq. Güneydə yaşayan soydaşlarımız heç bir zaman razı olmaz ki, İran Azərbaycana hansısa ziyan vurmağa çalışsın”.
![]()
Səftər Rəhimli: “İranın ortaya çıxardığı silahlar, göstərdiyi nizam-intizam elə öz daxilində gülüşlə qarşılandı”
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli isə bunları deyib : “İranın Naxçıvan və digər sərhədlərimiz boyunca ordu yığmasının əsas səbəblərindən biri İranın içərisində xalqın hazırkı sistemə hər gün artmaqda olan nifrətini bu kimi davranışları ilə diqqəti yayındırmağa xidmət etdiyini düşünürəm. Artıq bir neçə gündür paniranistlər arasında gedən ciddi müzakirələrin şahidiyik və son seçimlərdən sonra İranın daxilində sistemin əvvəlki qaydada idarə olunmasına böyük təpkilər artmaqdadır. Sərhədlərimiz boyunca SEPAH qüvvələrinin yerləşdirilməsi ən çox İranda gülüş obyektinə çevrildi. Rejimin ortaya çıxardığı silahlar, onların nizam-intizamı İranın imicinə ciddi mənfi təsir göstərdi. İran yaxşı başa düşür ki, Azərbaycan digər dövlətlərə bənzəmir. Ölkənin 55 faizini təşkil edən azərbaycanlılar bir qığılcıma bənddir ki, ayağa qalxsın. Rejimin manqurtlaşdırmış 3-5 Azərbaycan türkünü çıxmaq şərti ilə Güney azərbaycanlılar üçün Azərbaycan dövləti qirmizi xətdir”.
Səftər Rəhimli bildirib ki, Ermənistanın məğlubiyyətindən sonra İranın iç üzü açıqca ortaya çıxdı: “Bununla da bir daha Güney azərbaycanlılar İranın Ermənistana dəstəyinin şahidi oldular. Aydın oldu ki, İranın işğalçı Ermənistana hərtərəfli dəstəyi 30 ildir davam edir. Bütün dünya Qarabağın işğaldan azad edilməsi prosesində Azərbaycanın müzəffər ordusunu, dünyanın müzakirə obyektinə çevrilən əsgərinin şücaətini və onun başında güclü iradəyə malik Ali Baş Komandanını gördü. Mənə elə gəlir ki, dünyadan təcrid olunan İranın son ümidi olan Ermənistan da Paşinyanın BMT-dəki son çıxışından sonra “İranla hər hansı bir gələcək düşünmürük”, deyərək İrandan imtina edib, üzünü Qərbə tutduğunu bir daha vurğuladı.
İranın qorxduğu isə odur ki, sərhədlərin hər iki tərəfində azərbaycanlılar yaşayır. Harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlıları müstəqil Azərbaycana müqəddəs məbəd kimi baxır və onun üçün canlarını belə verməkdən çəkinməzlər. İran özünü nə qonşu, nə də müsəlman dövləti kimi aparmır, davamlı beynəlxalq münasibətlərə, beynəlxalq hüquqa zidd olan davranışları ilə gündəmdədir. Belə davam edərsə, İranın daxilində başlayan etiraz aksiyalarına nəzarət edəcək gücünün olmadığını açıq deyə bilərəm. Dünya azərbaycanlılarının dünyanın dörd bir tərəfdə İranın yanlış hərəkətlərinə qarşı yürüşlər, mitinqlər, piketlər keçirməsi böyük səsə səbəb ola bilər. İran daxilində yaşayan vətəndaşlar nəzarəti ələ keçirə bilər və İran həqiqətən çökər. Bir sözlə, İran odla oynamamağı bir daha düşünməlidir. Mənə elə gəlir ki, Azərbaycan bu məsələlərə məhəl qoymamalı və işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərini davam etdirməlidir. Dövlətinin qayğısı ilə elindən-obasından zorla çıxarılan vətəndaşlarımızın qısa zamanda öz yurdlarına dönərək həyatlarına davam etməsini təmin etməlidir. Azərbaycan dostunu da, düşmənini də 44 günlük Vətən müharibəsində müəyyənləşdirdi. Seçim İranın özünündür: ya qonşu dövlət kimi ikitərəfli sağlam münasibət qurmaq məcburiyyətindədir, ya da atdığı səhv addımın bədəlini ağır ödəyəcəyinin fərqində olmalıdır”.
1554874079.jpg)
Aygün Muradxanlı: “Dövlət və cəmiyyət olaraq bundan sonra İranla bağlı sərt mövqeyimizi ortaya qoymalıyıq”.
Tanınmış jurnalist Aygün Muradxanlı isə vurğulayıb ki, İranın son 30 ildəki siyasəti heç bir halda Azərbaycanı qane edə bilməz: “Azərbaycan müstəqillik əldə edəndən İran heç zaman ölkəmizi həzm edə bilməyib. Hətta ölkəmizi Azərbaycan Respublikası deyil, “Bakı cümhuriyyəti” adlandırır. Bununla da sanki Azərbaycanı kiçiltmək, varlığına şübhə etdiklərini göstərməyə çalışırlar. Dəfələrlə İran rəsmilərindən “Bakı cümhuriyyəti” sözünü eşitmişik. Azərbaycanın təlim keçməsində heç bir hansısa pis niyyət yoxdur, çünki faktiki olaraq ölkəmiz müharibə şəraitindədir. Bəs İran niyə Azərbaycan sərhədlərinə ordu yığır? Hətta indi Türkiyə sərhədlərinə də ordu yığmağa başlayıb. Təbii ki, bu bir narahatlığın əlamətidir. Çox təəssüf ki, biz bu narahatlığı Ermənistan Azərbaycan torpaqlarına nəzarət edərkən görmədik, həmin vaxtlar İran tamamilə tərs mövqe tutmuşdu”.
Aygün Muradxanlı qeyd edib ki, İran Azərbaycanı təslimçiliyə sürüklənmməsi üçün bütün rolları oynayıb: “Biz əgər torpaqlarımızın işğal tarixlərinə diqqət etsək, görərik ki, istənilən ərazilərimizin zəbt olunmasında mütləq şəkildə İranın məkrli “barmağı” var. Məsələn, Şuşa 1992-ci ildə məhz İranın vasitəçiliyi təklif olunarkən, Azərbaycan-Ermənistan Tehranda danışıqlar apararkən işğal edildi. Yəni Azərbaycan o zaman hərbi əməliyyatları dayandırdı ki, İranın vasitəçiliyi ilə danışıqlar olsun. Lakin həmin dönəmdə Azərbaycanın gücsüzlüyündən istifadə edib erməni-rus qoşunları Şuşanı işğal etdilər. Yəni bütün dövrlərdə İran Azərbaycanın torpaqlarının işğal olunması üçün məkrli oyunlar oynayıb. Daha bir məsələ, İran uzun illər işğal altında qalan torpaqlarımızda narkotik maddələrin əkilib-becərilməsində, bununla bağlı kampların salınmasında, terrorçu qrupların oraya yerləşdirilməsində mühüm rol oynayıb. Bununla bağlı kifayət qədər informasiya var. Yəni, İran həm işğal dövrlərində, həm də Azərbaycan öz ərazi bütövlüyün təmin etdiyi vaxtlarda, həm də zəfər qazandıqdan sonra faktiki olaraq düşmənçilik mövqeyi tutub. Bunun başqa adı yoxdur. İran adını İslami ölkə qoyub, kafirlərin hərbi maşınları üçün benzin göndərir ki, silahlanıb müsəlman Azərbaycan ordusunu üzərinə getsin. Bu riyakarlıqdır və İran bunun cavabını almalıdır. Elə cavabı da öz daxilində Güney azərbaycanlılar verəcək və buna heç şübhəm də yoxdur”.
Aygün Muradxanlı qeyd edib ki, Azərbaycanın İranla münasibəti təqdiredicidir: “Nəhayət ki, münasibətlərimiz normal bir məcraya gəldi. Əslində bu ən normal məcradır. Yəni Azərbaycan tərəfindən İranın etdiklərinə açıq reaksiya olmalı idi. İranın dost adlandırmaqla, hansı ki, siyasətçilərimiz bu günə qədər bu yolu seçmişdilər, İran heç bir halda bizimlə dost olmaz. Ona öz yerini göstərmək lazım idi və dövlət başçımız uğurlu siyasəti ilə bunu göstərdi. Hesab edirəm ki, vətəndaş cəmiyyəti, media bütün zamanda İranla bağlı bütün məsələləri açıq şəkildə tirajlamalı, diqqətdə saxlamalıdır. Ən önəmli bir məqam isə, İran dini liderinin nümayəndəsinin Azərbaycanda hansı fəaliyyət ilə məşğul olduğu araşdırılmalıdır. Ümumiyyətlə, Ələkbər Ocaqnijat Azərbaycan Respublikasında hansı statusla fəaliyyət göstərir? Azərbaycanın İranda uyğun hansısa təmsilçiliyi varmı?”
'
Aygün Muradxanlı İranın son davranışları ilə bağlı etiraz aksiyalarının keçirilməsi təklifinə də münasibət bildirib: “Bu aksiyalar, kampaniya xarakterli daşımamalıdır. Biz dövlət və cəmiyyət olaraq bundan sonra İranla bağlı sərt mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycanda Türkiyənin, Prezident Ərdoğanın, digər bizimlə dost ölkələrin əleyhinə təbliğat aparan hər bir Azərbaycan vətəndaşı ilə bağlı rəsmi səviyyədə tədbirlər görülməlidir. Bu baxımdan İran lehinə təbliğat aparan qadınların hüquq mühafizə orqanlarına dəvət edilərək, onlarla profilaktik iş aparılmasını çox təqdir edirəm. Düşünürəm ki, bu şəxslərlə qanuni dillə danışmaq vacibdir”
Xalidə Gəray
Musavat.com






