İran-Azərbaycan gərginliyi ən sərt fazadadır. Tehranın hədələrinin dozası artdıqca, Bakının ağır cavabları da gəlməkdədir. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir:
“Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”.
Dövlət Sərhəd Xidməti də rəsmi olaraq bildirir ki, Azərbaycan dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq.
Qeyd edilib ki, Azərbaycan ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.
Bir sözlə, bütün rəsmi səviyyələrdə Tehranın nəzərinə çatdırıldı ki, ərazilərimizdə İsrail yoxdur, xoflanmasınlar. Bəs bundan sonra necə olacaq?
Bu arada isə İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda "Hüseynçilər" müqavimət hərəkatının yaradıldığı elan edilib. Bu barədə "The Middle East Monitor" portalı yazır. Hərəkat rəsmən bu günlərdə aktiv edilib. "Hüseynçilər", yaxud "Hüseyniyun" İslam Respublikasının Yaxın Şərqdəki "Müqavimət oxu" (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir. Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun "Qüds" qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir.
İranla yaşanan gərginlik dönəmində gözlər həm də sabahkı görüşdə olacaq. Belə ki, oktyabrın 12-də Moskvada Putin-Paşinyan görüşü keçiriləcək. Bu görüşdən öncə erməni müdafiə nazirinin də Moskvaya səfəri maraq və diqqətlə izlənir.
Bəzi iddialara görə, 10 noyabr Bəyənnaməsinin il dönümü ilə bağlı Rusiya Qarabağla bağlı yeni sənəd hazırlayır. Yaxın vaxtlar da Putin-Əliyev görüşünün də gözlənildiyi deyilir. Rusiyanın hazırlayacağı Qarabağ sənədinin mahiyyəti nə ola bilər?
Bu gün TVMusavat-ın canlı efirində, saat 16:10-da aparıcı Emil Salamoğlunun moderatorluğu ilə iki politoloq - Vaqif Hüseynlə Teymur Qasımlı İranla olan gərginliyi və regiondaı prosesləri müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






