İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyata xaricilərin cəlb olunması planı: ərəb pulları...

2159 14.08.2020 09:20 İqtisadiyyat A A

İqtisadçı-alim: “Dünyada hər hansı texnoloji yeniliyin arxasında ərəb dayanmırsa...”

Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlbi həmişə diqqət mərkəzində olan məsələlərdən biridir. İqtisadiyyatı və ixracı şaxələndirməklə (diversifikasiya etməklə) neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi  xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” (2015-ci ildə 2.6 faiz olub) kimi müəyyən edilib.

Son illərdə hökumət xarici investorların ölkə iqtisadiyyatına gəlişini stimullaşdırmaq üçün Azərbaycanın bir sıra beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına nail olub. Bunlar sırasında Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətqabiliyyətlilik İndeksi, Dünya Bankının “Doing Business” və sair reytinqlərvar. Lakin buna baxmayaraq, 2016-cı ildə 10,1milyard dollar təşkil edən xarici investisiyaların həcmi 2018-ci ildə 8,2 milyard dollara düşüb ki, bunun da çox mühüm hissəsi neft-qaz sektoruna yatırımlardır.

Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub: 2000-2017-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 77.8 milyard dollar məbləğində birbaşa xarici investisiyanın 85 faizindən çoxu (66.8 milyard dolları) neft-qaz sektorunun payına düşüb. Lakin ölkənin qeyri-neft/qaz sektoru, xüsusilə emal sənayesi həmin dövrdə xarici investorlarda kifayət qədər maraq yarada bilməyib. Ölkənin neft-qaz hasilatı sektorunda xarici investorların bu qədər fəal olduğu bir şəraitdə qeyri-neft/qaz (qeyri-hasilat) sahələrinə onların marağının belə az olması düşündürücü bir vəziyyətdir. Bu sektorlara birbaşa xarici investisiyarın artımına nail olmaq üçün xarici investorları çəkindirən amillərin aşkara çıxarılması və bunların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi vacibdir.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin dediyinə görə, indiyədək Azərbaycana böyük investorlar yalnız neft sektoruna gəlib: “Xarici investisiyaların da böyük əksəriyyəti neft sektoruna yönəldilib. Neft sektoruna gələn investorlara hasilatın pay bölgüsü saziş-qanunlarıyla faktiki olaraq dövlət zəmanəti verilir. Bu sazişlər üzrə yarana biləcək problemlər yalnız beynəlxalq məhkəmələrdə həll olunmalıdır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, neft müqavilələri imzalananda Azərbaycanın iqtisadi-siyasi durumu qeyri-sabit idi, ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər çoxuydu. Buna görə də gələn şirkətlər yüksək dövlət zəmanəti tələb edirdilər. Digər sahələrə gələn investorlar adətən hakimiyyətin yüksək təbəqələri ilə əlaqələri hesabına bura investisiya yatırıb, hansısa iş görüblər. Bu da Azərbaycan kimi məhkəmələrin müstəqil olmadığı, biznesə, mülkiyyətə münasibətdə təminatın çox zəif olduğu, məmur biznesinin geniş yayıldığı, korrupsiya və rüşvətxorluq risklərinin yüksək olduğu ölkələr üçün xarakterik haldır.Yəni xarici investorlar dövlətə etibar etməyərək, yüksək zəmanət istəyirlər. Bir çox hallarda bu zəmanəti də hakimiyyətin yüksək təbəqələrində olan bu və ya digər məmurun sayəsində ala bilirlər. Halbuki normalda investor sadəcə, investisiya yatırmaq istədiyi sahəni seçib, qanunların tələb etdiyi prosedurları keçməklə ora investisiya yatırmalı, normal biznesini qurmalıdır. Yəni investor qanunların işlədiyini görüb, qanunlara əmin olaraq iş qurmalıdır. Bu əminlik olmadıqda isə ölkə iqtisadiyyatına sərmayə qoymaq istəyənlərin sayı kəskin az olur, bu istəyə düşənlər isə qanunsuz yollarla zəmanətlər əldə etməli olurlar”.

Ekspert bildirir ki, indiki mühit, məhkəmə sistemi qaldığı müddətdə ölkəyə gəlmək istəyən investorların sayı az olaraq qalacaq: “Bu yolla gələn investorların sayəsində iqtisadiyyatda səmərəli dəyişikliklərin olacağını gözləmək əbəsdir. Buna görə də ən qısa müddətdə ölkə iqtisadiyyatını, iqtisadi, hüquqi və biznes mühitini investorları cəlb edəcək hala gətirməyə ehtiyac var. Ən mühüm şərt qanunun aliliyinin təmin olunması, məhkəmələrin müstəqil olmasıdır. Qanunlar hamıya münasibətdə eyni qüvvəyə malik olacaqsa, digər problemlər də öz-özünə həll olunacaq. Bu şəraitdə məmur biznesi, kimlərəsə üstünlüklərin verilməsi kimi neqativ hallar tam aradan qalxacaq”.

Qeyd edək ki, bir sıra mənbələr məhdud sayda xarici investorun neft sektorundakı hasilatın pay bölgüsü sazişləri kimi təminatlarla ölkəyə cəlb olunacağını bildirirlər. Bu sırada Çin və ərəb ölkələrindən olan investorlarla ciddi danışıqların da aparıldığı deyilir. Xüsusilə Səudiyyə Ərəbistanı ilə danışıqların artıq başladıldığı qeyd olunur. A.Mehtiyev bildirir ki, yüksək dövlət zəmanəti ilə məhdud sayda investorun ölkəyə gəlməsi Azərbaycan iqtisadiyyatı üçün zəruri olan investisiya axınının təmin olunması demək olmayacaq: “Bununla ölkədə sağlam rəqabət mühitinin formalaşması, investorlara üçün normal bazar şərtlərinin təmin olunmasına nail olunmayacaq. Digər tərəfdən, xarici investisiya yalnız maliyyə-pul demək deyil. Xarici investisiya müasir menecment təcrübəsinin, müasir idarəetmə texnologiyalarının ölkəyə gətirilməsi deməkdir. Ərəb şeyxlərinin bu təcrübə və texnologiyalara malik olduqlarını söyləmək çox çətindir. Onların çoxlu pulları ola bilər, amma bu, hələ müasir təcrübə və texnologiya, ən nəhayət, inkişaf demək deyil. Bu gün müasir dünyada hər hansı müasir texnoloji yenilik edən ərəb şirkəti, yaxud ərəb iş adamının adını çəkmək qeyri-mümkündür. Ərəb şeyxlərinin gəlib bura pul qoyub, qazanc götürməsi uğurlu xarici investisiya axını demək olmayacaq. Çünki ərəb investisiyaları Azərbaycan iqtisadiyyatının məmur biznesindən uzağa getməməsinə vəsilə ola bilər”...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR