İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank manatın növbəti devalvasiyasına gedə bilər

4332 09.07.2015 08:35 İqtisadiyyat A A

Fevral devalvasiyasından keçən beş aya yaxın müddətdə növbəti devalvasiya ehtimalları aktuallığını qorumaqdadır. Son aylar əmanətçilərin banklardan pulunu geri çəkməsi, həmçinin neftin qiymətində kəskin bahalaşmanın olmaması, yaxın illərdə neftin qiyməti ilə bağlı verilən bədbin proqnozlar manatın dəyərini yenidən itirəcəyi barədə müzakirələri yeniləyib. Əksər ekspertlər manatın ucuzlaşacağı barədə bədbin gözləntilər barədə müzakirə aparırlar. Yəni Mərkəzi Bank bu il növbəti devalvasiyaya gedə bilər və bunun üçün kifayət qədər səbəblər var.

Ekspert Əkrəm Həsənovun musavat.com-a verdiyi açıqlamaya görə, manatın növbəti mümkün devalvasiyası əvvəlki kimi əsasən neftin qiyməti və hasilatının həcmindən asılıdır. Yəni ölkəyə daxil olan dolların həcmindən asılıdır. Neftin qiyməti artmır, əksinə azalır. Buna görə də növbəti devalvasiya mümkündür. Nə vaxt olacağını demək ona görə çətindir ki, bank sektorunun maliyyə göstəriciləri şəffaf deyil. Mərkəzi Bank həqiqəti gizlədir. Bu da öz növbəsində ölkədə çaşqınlıq və gərginlik yaradaraq bank sisteminə etimadı daha da azaldır və növbəti devalvasiya təhlükəsini yaradır".

O qeyd edib ki, Yunanıstan problemi Avropa Birliyini və bütövlükdə dünya iqtisadiyyatını böhrana qərq edir. Böhran zamanı neftə tələbat daha da azalır. Deməli, qiyməti yenə enə biler. Bu da təbii ki, manata mənfi təsir göstərəcək".


Ekspert Vüqar Bayramov da vurğulayıb ki, milli valyutanın məzənnəsinin tezliklə stabilləşməsi mümkün deyil: “Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayının sonunda 8 milyard 520,2 milyon dollara çatıb. Bu isə o deməkdir ki, son bir ayda valyuta ehtiyatlarının həcmi 89,4 milyon dollar və ya 1 faizə yaxın artıb. Əslində artım faizi marjinal olsa belə, bankın azalan valyuta ehtiyatlarının son 2 ayda stabil qalması və müqayisəli çoxalması müsbət haldır. Çünki manatın məzənnəsi ilə bağlı ən ciddi təhlükə məhz Mərkəzi Bankın intervensiya xərclərinin artması səbəbindən ötən ilin axırlarında və bu ilin əvvəllərində valyuta ehtiyatlarında müşahidə edilən kəskin azalmalar idi. Valyuta ehtiyatlarının artması həm manata tələbin nisbətən çoxalması və xarici valyuta təklifinin azalması və bu aspektdən intervensiya xərclərində müşahidə edilən azalmalar, həm də Mərkəzi Bankın borclanması ilə bağlıdır. Mərkəzi Bank ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər baş bankın daxili borclanma imkanlarını artırdı. Digər tərəfdən, dollarlaşma prosesinin səngiməsi və cari xərclər üçün dollar təklifinin çoxalması da valyuta ehtiyatlarının artmasına təsirsiz ötüşmür. 

Mərkəzi Bankın valyuta ehtiyatlarının son 2 ayda artması manatın məzənnəsinin qorunub saxlanması baxımdan arzuolunandır. Bununla yanaşı, hələlik xarici iqtisadi faktorlar xüsusən də neftin dünya bazar qiymətindəki son günlər müşahidə edilən azalmalar manatın üzərindəki gərginliyi müəyyən qədər möhkəmləndirir. Eyni zamanda, avronun dəyər itirməsi də dolların, demək olar, bütün digər valyutalar üzərində güclənməsinə səbəb olur. Təbii ki, bu psixoloji gərginliyin artmasında manatın yaxın günlərdə kəskin dəyər itirəcəyi ilə bağlı devalvasiyadan sonra, ötən 4 ayda, demək olar, hər həftə bir sıra internet portalları tərəfindən yayılan sipkulyativ məlumatlar az rol oynamır. 

Bütün hallarda, mövcud vəziyyətdə manat üçün "pros" və “kons”lar var. Mərkəzi Bankın valyuta ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində artımlar müşahidə edildiyi halda, milli valyutanın məzənnəsinin stabilləşməsi mümkün ola bilər. Neftin dünya bazar qiymətində azalmalar davam edərsə bu, daxili pul bazarında yenidən xarici valyutaya olan tələbin artmasına səbəb ola bilər".


Ekspert Pərviz Heydərov da manatın devalvasiya ehtimalının olduğunu vurğulayıb: “Əhalinin banklardakı əmanətləri azalmaqda davam edir. Bu ilin mart ayından başlanan bu proses iyun ayının 1-nə olan məlumata əsasən, 7 milyard 601 milyon 100 milyon manatadək gəlib çatıb. Yəni ki, Mərkəzi Bankın açıqladığı son məlumata görə, qeyd olunan tarixə ölkədə əhalinin banklardakı əmanətlərinin ümumi həcmi məhz, bu qədər təşkil edib. Düzdür, Mərkəzi Bankın açıqladığı məlumatda deyilir ki, 2015-ci ilin əvvəli ilə müqayisədə əhalinin əmanətləri 412,8 milyon manat və ya 5,7 faiz artıb. Amma bu, yalnız yanvar və fevral aylarında əldə olunub: martdan başlayaraq azalır. Və bu tendensiyanın iyun, iyul və avqust aylarında da davam edəcəyi şübhə doğurmur.

Əmanətlərin azalmasında manatın dəyərinin ucuzlaşdırılması ilə yanaşı, əhalinin banklara inamlarının azalmasının, həmçinin real gəlirlərinin nisbətən məhdudlaşmasının da təsiri olub. Düzdür, azalma sürəti 1-2 faiz aralığında təşkil etməklə o qədər çox deyil. Lakin istənilən halda banklarda əmanət həcminin artmaqda deyil, azalmaqda olması bir sıra iqtisadi göstəricilər nöqteyi-nəzərindən ciddi siqnal kimi qəbul olunmalıdır. Üstəlik, o da məlumdur ki, manatın dəyərinin korrektəsindən sonra banklara əmanət cəlbini stimullaşdırmaqdan ötrü Mərkəzi Bank nəzdnində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu ilin fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsi 9-dan 12-yə qaldırıldı. Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhz qeyd olunan zamanda atılan bu addım olduqca yerinə düşdü. 

Belə ki, bir tərəfdən manatın devalvasiyası, digər tərəfdən isə bu ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tətbiqi şəraitində qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılması fonunda bu, ilk növbədə banklardan vəsaitlərin çəkilməsinin qarşısını almağa, ikincisi də real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsi tendensiyası zamanı əlavə stimul yaratmaq üçün məqsədəuyğun addım idi”.

P.Heydərov qeyd edib ki, ancaq göründüyü kimi, əmanətlər yenə azalmaqda davam edir: “Yeri gəlmişkən, daha bir tendensiyanı da qeyd edək: ölkədə fəaliyyət göstərən kommersiya banklarında manatla yerləşdirilən depozitlərin həcmi 2015-ci il may ayının 1-nə 45 milyard 80 milyon 300 min manat təşkil edib ki, təkcə aprel ayı ərzində bu göstərici 5 milyard 12 milyon 300 min manat və ya 10 faiz azalıb. Cari ilin əvvəli ilə müqayisədə isə sözügedən azalma 26 milyard 95 milyon 500 min manat və ya 37 faiz təşkil edib. Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarına olan məlumata əsasən əhalinin banklarda olan əmanətlərinin həcmi 77 milyard 17 milyon 200 min manat olub ki, bunun da 54 milyard 72 milyon 200 min manatı, yəni 70 faizdən çox hissəsi xarici valyutadan ibarət olub. 

Başqa sözlə desək, banklardakı əmanətlərin strukturunda xarici valyutanın çəkisi yanvarda 40 faiz təşkil edirdisə, fevralda 62,3-ə, martda 65,3-ə, apreldə isə 70,9 faiz səviyyəsinə çatıb. Həmçinin, bankların kredit qoyuluşu da azalıb. Bir ay ərzində kredit qoyuluşu 127.2 milyon manat azalıb. Son statistikaya əsasən hazırda ölkə banklarının kredit qoyuluşu 19877.6 milyon manat təşkil edir. Bu sahədə də azalma əmanətlərdə olduğu kimi martdan başlayıb. Belə ki, yanvarda və fevralda ümumi kredit qoyuluşunda artım müşahidə olunsa da martda vəziyyət dəyişdi. Apreldə kredit qoyuluşunda azalma bir az da sürətlənib. Səbəb isə aydındır: bu, bir tərəfdən Mərkəzi Bankın fevral ayının 21-i tarixdəki qərarından sonra bankların obyektiv olaraq düşdükləri müvafiq çətinliklərdən irəli gəlirsə, digər tərəfdən təbii ki, əhalinin əmanətləri ilə əlaqədar proseslərdən qaynaqlanır. 

Odur ki, əmanətlərin azalması prosesinin qarşısı təcili olaraq alınmalıdır. Əks təqdirdə, kreditləşdirmədə eniş sürəti getdikcə sürətlənəcək və faizləri aşağı salmaq çabaları nəinki heç bir nəticə verməyəcək, hətta daha da artacaq. Yeri gəlmişkən, neftin qiyməti 60 dollardan aşağıdır. Bu cür qiymət səviyyəsi uzun müddət qalarsa, ilin sonuncu 3 ayı ərzində Mərkəzi Bank manatın növbəti dəfə ucuzlaşdırılmasına gedə bilər. Bu isə əhalinin real gəlirlərinə daha ağır zərbə vuracaq. Demək, banklara əmanət qoyuluşunun artması haqda da ümumiyyətlə söhbət aparmaq mümkün olmayacaq”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR