İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ düyməyə basdı: Azərbaycan qazına görə bir ölkə qarışdı



Məlumdur ki, “Türk axını” ötən il dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərində razılaşdırılıb. “Türk axını” ildə 63 milyard kubmetr Rusiya qazını Türkiyə vasitəsilə Yunanıstandan keçməklə, digər Avropa ölkələrinə ötürməyi hədəfləyir. Amerikanın da ciddi dəstək verdiyi və Azərbaycanın açar rolunu oynadığı  TAP layihəsi isə “Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. 

*     *    *
TAP-a ilkin dövrdə dəstək vəd edən Yunanıstanın, sonra isə Avropanın daha iki ölkəsi - Makedoniya  və Serbiyanın  da “Türk axını”na qoşulacağına dair mesajlarının Vaşinqtonu ciddi narahat etməsi barədə ötən saylarımızda məlumat vermişdik. Onu da qeyd etmişdik ki, Vaşinqton həm Afinaya, həm də Makedoniya hökumətinə düşünməyə və  Rusiyanı deyil, TAP layihəsini seçməyə çağırıb. ABŞ Yunanıstanın solçu hökumətinə məsələnin ciddiliyini anlatmaq üçün hətta bu ölkədəki səfirini də geri çağırmaq üçün hərəkətə keçib. Rusiyanın yanında yerini möhkəmlədən Afina hələ ki müqavimət göstərir, Avropa Birliyi və ABŞ isə solçuları ciddi cəzalandırmağa tələsmirlər. Belə xəbərlər var ki, baş nazir Aleksis Sipras Moskvanın maliyyə dəstəyi ilə bu ilin yanvarında parlament seçkilərində qalib gəlib və indi Putinin yanında olmaqdan başqa çarəsi də yoxdur. 

ABŞ eyni xəbərdarlığı etdiyi Makedoniyada isə artıq narıncı inqilab üçün düyməyə basıb. Xəbərlərə görə, Vaşinqton bir neçə dəfə ABŞ-ın bu ölkədəki səfiri vasitəsilə Makedoniyanın baş naziri Nikola Qruevskiyə “Türk axını”na qoşulmamaqla bağlı xəbərdarlıq edib. Amma Qruevski ölkəsinin “Türk axını” layihəsində iştirak niyyətində israrlı olduğunu bəyan edir. Vaşinqton, Makedoniyanın baş  nazirindən narazılığını hələ fevral ayında bu ölkədə baş verən qarşıdurmalarda göstərmişdi. Amerikanın bu ölkədəki səfiri Dyess Beyli  bu qarşıdurmada Makedoniya müxalifətinin lideri Zoran Zayevin tərəfini  tutmuşdu. Sosial Demokrat Birliyinin lideri olan Zayevi “Amerikanın adamı” hesab olunur. 


Mayın 6-da isə Makedoniyanın paytaxtı Skopyedə  keçirilmiş kütləvi etiraz aksiyasında baş nazirin istefası tələbi qoyuldu. 2 mindən artıq makedoniyalı baş nazirin iqamətgahının qarşısına yığışaraq  polis maşınlarını yandırandan sonra hökumət binasının hasarlarını dağıtdılar. Mayın 10-da  isə Makedoniyanın şimalındakı etnik albanların yaşadığı Kumanovo bölgəsində  gözlənilmədən vəziyyət pisləşdi, 15 saat davam edən xüsusi əməliyyat zamanı hər iki tərəfdən ölənlərin sayı 22-yə çatdı.  

Etirazların səbəbi ilk baxışdan da daha çox bəhanəyə bənzəyir. Belə ki, Zoran Zayev baş naziri 2011-ci ilin iyun ayında 22 yaşlı Martin Neşkovskinin polis zorakılığının qurbanı kimi həlak olmasını gizlətməkdə və korrupsiyada suçlayır. Müxalifət lideri baş nazirlə daxili işlər naziri Qordan Yankuloskanın qatillərin kimliklərini gizlətməyin yollarını müzakirə etdikləri telefon danışığının audioyazısını yayıb. Hökumətə qarşı kompromatların müxalifətə ötürülməsinin ardınca Makedoniyanın kəşfiyyat rəisi Saso Miyalkov və daxili işlər naziri istefaya gediblər. 


Mayın 17-də isə  Makedoniyanın paytaxtı Skopyedə on minlərlə etirazçı yenidən hökumət əleyhinə yürüşə çıxıb. Onlar baş nazir Qruevskinin istefasını tələb ediblər. Yürüşü Sosial Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət partiyaları təşkil edib. 

Xəbərlərə görə,  yürüşdə 40 mindən çox insan iştirak edib. Qruevski  mayın 16-da bildirib ki, “istefa vermək, yaxud keçid hökumətini qəbul etmək niyyəti yoxdur”. Sosial Demokratik Birliyin lideri Zoran Zayev etirazı “multi-etnik” adlandırıb. Zayev deyib ki, onlar hökumət binasının qarşısında qalacaq: “Baş nazir istefa verməlidir. Getməsə, biz də getməyəcəyik”.


Son aylar rəsmi Bakı ilə xeyli yaxınlaşan Makedoniyanın baş naziri isə hələ ki getmək fikrində deyil. Kreml də ona dəstək verir və Makedoniyada baş verənləri əvvəl gündən çevriliş cəhdi kimi qiymətləndirir. Rusiya XİN hələ o zaman  bəyan etmişdi  ki, Makedoniyada hökumət əleyhinə kompromatları “xarici xüsusi xidmət orqanları” ötürüb. Makedoniyadakı etirazlar yeni qızışanda isə Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiyaya səfər edərək bu ölkəni də “Türk axını”na qoşmaq üçün danışıqlar aparıb.  Təsadüfi deyil ki, bu səfərdən əvvəl Serbiya prezidenti Tomislav Nikoliç “Türk axını” layihəsində iştirakının qeyri-mümkün olduğu haqda bəyanat versə də, sonradan bunu təkzib etdi. Moskvada 9 may paradına gələn serb prezident  jurnalistlərin onun dediklərinin  təhrif etdiklərini bildirdi. Lakin indi Serbiyanın sürüşkən mövqeyi ABŞ-ı hələ ki ciddi narahat etmir, çünki  kəmər Serbiyaya çatana qədər Makedoniyadan keçməlidir. Bu səbəbdən Belqrad Makedoniyanın taleyinin necə həll olunacağını gözləyir və şübhə yoxdur ki, son qərarı da ona uyğun verəcək.   


*     *     *
Qeyd edək ki, Azərbaycanla Makedoniya arasında yüksək səviyyəli münasibətlər var ki, son bir ayda həm bu ölkənin baş nazirinin, həm də prezidentinin Azərbaycana səfərləri bunu göstərir. Aprelin 19-da Bakıda səfərdə olan Qruevski ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. ABŞ-ın hədəfində olan baş  nazir siyasi əlaqələrlə yanaşı, ölkəsinin Azərbaycanla iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.  Makedoniya Azərbaycan qazının potensial alıcılarından biridir.  Aprelin 29-da isə  Makedoniya prezidenti Georgi İvanov Bakıda olub. Xəbərlərə görə, Makedoniya hökuməti bu ölkəyə Azərbaycan investisiyasının cəlb edilməsini arzulayır.  

*     *     *
Bəzi ekspertlər iddia edir ki, Türkiyə hökumətinin son günlər Rusiya ilə münasibətlərində yaranmış gərginliyin əsl səbəbi heç də qondarma soyqırım məsələsinə görə deyil. Daha doğrusu, Putinin İrəvana 24 aprel reveransları  rəsmi Ankara üçün göydəndüşmə olub. İddialara görə, ABŞ Ankaranı hələ ötən ildən Qərbin müttəfiqi olaraq Rusiyaya bu qədər yaxınlaşmamaq üçün sıxır. Ankara ucuz  qaz istəkləri ilə izah etdiyi “Türk axını”nın əslində  böyük geosiyasi müharibəyə çevrildiyinin fərqindədir. Türkiyədə yaxınlaşmaqda olan seçkidə prezident Rəcəb Tayyib Ərdoğanın çatmaq istədiyi ciddi planları var. Amma bunu xeyli tükənmiş daxili seçici resursları ilə həyata keçirmək çətinləşib. Ankara ehtiyat edir ki, Amerika bu seçkidə müxalifətə ciddi stavka edər və son nəticədə ölkə qarışar. Bu səbəbdən də Ərdoğan və AKP hökuməti indi “Türk axını”nın hayında deyil...

Xəbər xidməti

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR