İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKİYƏYƏ SATILAN AZƏRBAYCAN QAZININ QİYMƏTİ QALDIRILIR

8356 15.06.2009 12:11 İqtisadiyyat A A
Xatırladaq ki, Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsinin I mərhələsinin əsas alıcısı Türkiyədir. Qarşılıqlı razılaşma əsasında indiyə kimi Türkiyə Azərbaycandan qazın hər min kubmetrini 120 dollardan alırdı. Hazırda qazın Türkiyəyə bazar qiymətlərinə satılması ilə bağlı danışıqlar aparılır. «Şahdəniz» yatağının II mərhələsinin işlənməsinə qərar verilməsi isə hər iki ölkə arasında qazın Avropaya ixrac edilməsi ilə bağlı əldə ediləcək razılaşmadan, dolayısı ilə «Nabucco» layihəsindən asılıdır.
Dünən isə məlumat əldə etdik ki, Azərbaycan Türkiyəyə satdığı təbii qazın 1000 kubmetri üçün qiyməti 200-250 ABŞ dollarına qaldırmağı planlaşdırır. Azərbaycan tərəfi təbii qazın qiymətini 120 dollardan 200-250 dollara qaldırıb. Qeyd edək ki, hazırda dünya bazarında təbii qazın qiyməti 260-290 dollar ətrafındadır. Bəs, «Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini qaldırmalıdırmı» sualı ilə bir neçə siyasi partiyaya müraciət etdik.
Müsavat Partiyası başqanının müavini, deputat Arzu Səmədbəyli bildirdi ki, son vaxtlarda siyasi münasibətlərdə ortaya çıxan gərginlik fonunda qaz məsələsinin gündəmə gəlməsi bir qədər narahatlıq yaratmışdı: «Amma biz, təbii ki, qazın qiyməti ilə bağlı Türkiyə ilə Azərbaycan arasında aparılan danışıqlarda anlaşmanın tərəfindəyik. Qazın qiymətinin tənzimlənməsi məsələsində həm Türkiyənin bir qardaş ölkə kimi nəzərə alınmasının, digər dövlətlərdən fərqləndirilməsinin, eyni zamanda Azərbaycanın da dövlət maraqlarının, iqtisadi maraqlarının nəzərə alınmasının tərəfindəyəm. Biz Azərbaycan qazının Türkiyə üzərindən dünya bazarına çıxarılmasını istəyirik».
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanla Türkiyə arasında ticarətdə qiymətlərin müəyyən edilməsində konyukturaya üstünlük verilməlidir: «Türkiyə Azərbaycanın strateji maraqlarını müdafiə edirsə, dünyada maraqlarımızın qorunmasında Türkiyə ciddi şəkildə rol alırsa, biz nə üçün Türkiyə ilə qiymət proteksiyasına əl atmayaq. Biz yad dövlətlərlə ticarət münasibətini Türkiyəyə də tətbiq etməməliyik. Ümumiyyətlə, dünya bazarına da məhsul satarkən mütləq müəyyən uzağagedən maraqlar da gözlənilməlidir».
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, Türkiyəyə satılan qazın qiymətini dünya bazarına uyğunlaşdırılması qaçılmazdır və zəruridir. Siyasi təsir altında spekulyasiya etməyə ehtiyac yoxdur: «Türkiyəyə satılan qazın hazırkı qiyməti dünya bazar qiymətındən iki dəfədən də aşağıdır. Yəni söhbət satdığımız qazın dünya bazar qiymətinə uyğunlaşdırılmasından gedir. Hətta Türkiyənin baş naziri cənab Ərdoğan da Bakıda bildirdi ki, qazın qiymətinə yenidən baxılması düzgün yanaşmadır və danışıqlar davam etdirilib razılaşma əldə ediləcək. Bu gün dünya bazarında qazın qiyməti 300 dollar civarındadır. Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini 120 dollardan 200 və ya 220 dollara qaldırarsa, qardaş ölkə üçün güzəşt etdiyi aydın görünəcək. Çünki bu rəqəmlə dünya bazarındakı qiymətin arasında 100 dollara yaxın fərq var. Odur ki, qazın qiymətində müəyyən artım edilməsinin Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcəyini bəyan etmək və müzakirələr açmaq yersizdir».

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR