“Yeni Müsavat”a müraciət edən sahibkarlar Vergilər Nazirliyindəki korrupsiya halları ilə bağlı daha ilginc məlumatlar açıqlayıblar. Adının çəkilməsini özlərinin təhlükəsizliyi baxımından riskli sayan sahibkarlar deyirlər ki, hər ilin sonunda Vergilər Nazirliyinin auditorları onlardan dövriyyənin 10-12 faizi həcmində “təzminat” yığırlar: orta və iri müəssislərdə “təzminat”ın yığılmasına Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti məsuldur. Prosesə departamentin rəisi Habil Məmmədov şəxsən nəzarət edir. Auditorlar ilin sonunda hər bir orta və iri müəssisədən illik dövriyyənin 10-12 faizini tələb edirlər".
Mənbə deyir ki, auditorlar adam oğruları kimi obyekt haqda öncədən məlumatlı olurlar: “Onlar real dövriyyə barədə yetərincə məlumatlı olurlar. Bu səbəbdən də hansısa bazarlığa yer qalmır. Deyirlər ya filan qədər verməlisən, ya da obyektin bağlanacaq. Ən yaxşı halda 1-2 faiz güzəştdən söhbət gedə bilər. Onlar açıq şəkildə bəyan edirlər ki, bu nazirin şəxsi tapşırığıdır və şikayətin heç bir faydası olmayacaq”.
Ən maraqlı məqam isə qanunla işləməyə üstünlük verən müəssisələrlə bağlıdır: “Qanunla müəyyən edilmiş qaydada vergilərini ödəyən, əməkhaqqı fondunu gizlətməyən, işçilərinin hər biri ilə əmək müqaviləsi bağlayan müəssisələrə də heç bir güzəşt edilmir. Ən çox ziyanı da həmin müəssisələr çəkir. Onların qara mühasibatlıqdan istifadə etmədiyinə görə dövriyyələri yüksək olur. Auditorlar isə onlara yalnız bunu ”güzəşt" edirlər ki, imkan daxilində qara mühasibatlıqdan istifadə etsinlər. Çünki istənilən halda “təzminatı” ödəmək lazım gələcək".
Sahibkarlar deyir ki, Vergilər Nazirliyində auditlə bağlı iki struktur fəaliyyət göstərir: “Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsi. Formal olaraq eyni funksiyaların daşıyıcısı olan bu qurumların faktiki səlahiyyətləri bir qədər fərqlidir: Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti orta və iri müəssislərdə ”təzminat"ın yığılmasına məsuldur, nazirliyin Vergi Auditi Baş İdarəsi (rəisi Müsavər Nəbiyev - red.) isə kiçik müəssisələrdə “yığımlara” cavabdehdir.
Vergi Məcəlləsinə görə, sadələşdirilmiş vergi üzrə dövriyyənin paytaxtda 4, regionlarda isə 2 faizi həcmində vergi ödənilir. Belə çıxır ki, qanunla ödənilməli olan məbləğdən 3-4 dəfə çox “təzminat” yığılır. Bu da antikorrupsiya ilinin real göstəricisi. Görəsən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (vergi orqanlarında korrupsiya halları ilə bağlı bu quruma saysız şikayətlər daxil olub) nəyə qarşı mübarizə aparır?






