İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadi proqnozlaşmada dəqiqliyə nail olmaq üçün nə etməli...

Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində Prezident İlham Əliyev hökumətin Azərbaycan iqtisadiyyatı ilə bağlı hazırladığı proqnozlarla maraqlanıb. Belə ki, gələn ilin büdcə layihəsi barədə danışan maliyyə naziri Samir Şərifov icmal büdcənin yuxarı həddinin gözlənilən inflyasiya səviyyəsi nəzərə alınaraq müəyyənləşdirilməsini təklif edib.

Bu zaman nazir gələn il üçün ölkədə 4,6 faizlik inflyasiya proqnozlaşdırıldığını əsas gətirib. Dövlət başçısı isə verilən proqnozların özünü nə qədər doğrultması ilə maraqlanıb: “Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox? Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq”.

Qeyd edək ki, dünya praktikasında hansısa ölkə üzrə iqtisadi artım proqnozlarının tam dəqiqliyi ilə reallığı əks etdirməsi faktına demək olar ki, rast gəlinmir. İqtisadi artım proqnozlaşdırmasında kənaraçıxmalar həm hökumətlərin, həm də beynəlxalq qurumların, analitik mərkəzlərin təcrübəsində adi hal hesab olunur. Buna görə də hökumətlər rəsmi statistik göstəriciləri, il ərzində iqtisadiyyata təsir edəcək daxili və xarici amilləri təhlil etməklə növbəti il üçün təqribi artım səviyyəsini müəyyənləışdirməyə çalışırlar. Daha sonra il ərzində bu proqnozlara hər rübün göstəriciləri təhlil olunmaqla yenidən baxılır, müvafiq dəyişikliklər aparılır. Lakin bir qayda olaraq bu dəyişikliklər, proqnozlaşmadakı kənaraçıxmalar böyük rəqəmlərlə ifadə olunmur.

 Proqnozlar niyə doğrulmur?

Azərbaycan təcrübəsinə nəzər salsaq, görərik ki, ölkənin bir sıra makroiqtisadi göstəriciləri üzrə proqnozlaşdırmada qeyri-dəqiqlik dünya təcrübəsinə nisbətən daha yüksək həddədir. Xüsusilə gözlənilən iqtisadi artım səviyyəsinə dair elan olunan proqnozlarla real nəticələr arasında əksər hallarda ciddi fərqlər meydana çıxır. Məsələn, 2019-cu ilin dövlət büdcəsi  layihəsi hazırlanarkən hökumət bu il üçün 3,6 faizlik ÜDM artımı proqnozlaşdırıbmış. 2020-ci ildə bu göstəricinin 3,8 faiz, 2021-ci ildə 3,6 faiz, 2022-ci ildə 2,7 faiz olacağı proqnozlaşdırılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 9 ayında ölkədə 58464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb.

Gələn ilin büdcə sənədi ilə bağlı açıqlanan ilkin məlumata görə, hökumət 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımının 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımının 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəyini gözləyir. Həmçinin hökumət 2021-ci ildə artımın 3,8 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə isə 2,7 faiz olacağını proqnozlaşdırır.

Maraqlıdır ki, beynəlxalq qurumların Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarında da qeyri-dəqiqlik kifayət qədər yüksək olur. Onların əksəriyyəti 3-cü rübün əvvəlindən proqnozlarında ciddi korrektələr ediblər.

Məsələn,  Dünya Bankı iyun ayındakı hesabatında Azərbaycanda 2019-cu ildə ÜDM-in artımını 3,2 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırmışdı.

Bankın Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətə dair oktyabr ayı üzrə hesabatında isə 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,8 faiz, 2020-ci ildə 2,3 faiz, 2021-ci ildə 2,1 faiz səviyyəsində olacağı qeyd edilir. Dünya Bankında hesab edirlər ki, Azərbaycanda ÜDM-in səviyyəsinə xarici amillər, o cümlədən dünya bazarında qeyri-müəyyənliyin dərinləşməsi, qlobal iqtisadiyyatın yavaşlaması və neftin qiymətinin aşağı düşməsinə səbəb olan axın Şərqdə yüksək geosiyasi gərginlik təsir göstərir.

Beynəlxalq Valyuta Fondu(IMF) da sentyabr ayında Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarında yenilənmə apararaq,  karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə ölkəmizdə iqtisadi artımın 2,7 faizə çatacağı qənaətinə gəlib.

IMF-in proqnozlarına görə, ÜDM-in artım tempi 2020-ci ildə 2,1 faiz, 2021-ci ildə 2,1 faiz, 2022-ci ildə 2,2 faiz, 2023-cü ildə 2,3 faiz, 2024-cü ildə 2,5 faiz olacaq. Eyni zamanda qeyri-neft sektorunda artım 2019-cu ildə 3,2 faiz, 2020-ci ildə 3,3 faiz, 2021-ci ildə 3,4 faiz və 2022-2024-cü illərdə 3,5 faiz təşkil edəcək. Neft sektorunda artım 2019-cu ildə 2,5 faiz, 2020-2024-cü illərdə isə ildə 1,2 faiz olacaq.

Asiya İnkişaf Bankı da Azərbaycanda 2019-2020-ci illər üzrə ÜDM-in artım tempinə dair proqnozlarını yeniləyib. Belə ki, əgər cari ilin aprel ayında AİB Azərbaycan iqtisadiyyatının 2,5 faiz artacağını proqnozlaşdırırdısa, yeni hesabata əsasən, bu ilin sonunda ölkədə ÜDM-in artım tempinin 2,6 faiz təşkil edəcəyi gözlənilir. 2020-ci ildə isə bu göstəricinin 2,4 faiz olacağı proqnozlaşdırılır. Bundan öncəki hesabatda isə bank gələn il Azərbaycan iqtisadiyyatının 2,7 faiz artacağını proqnozlaşdırırdı.

Qeyri-neft sektorunda uçotdanyayınma yüksək səviyyədədir

Göründüyü kimi, Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırma sahəsində qeyri-dəqiqlik kifayət qədər yüksək həddədir. Bunun səbəbləri barədə danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, bu, iqtisadiyyatın təməl problemlərindən qaynaqlanan bir vəziyyətdir: “Bu təməl problemlərdən biri statistikanın siyasiləşməsidir ki, nəticədə iqtisadiyyatın real vəziyyəti barədə məlumatlar təhrif olunur. Bu halda isə iqtisadiyyatın problemləri barədə dəqiq diaqnoz qoymaq, onların aradan qaldırılması üçün effektiv mexanizmlər tapmaq mümkün olmur. Yəni tibb sahəsində diaqnostika nədirsə, iqtisadiyyatda da statistika odur. Gərək əldə dəqiq statistik məlumatlar olsun ki, iqtisadi artım və digər makroiqtisadi göstəricilər barədə dəqiq təhlillər aparıb proqnozlaşdırma aparmaq mümkün olsun”.

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Natiq Cəfərli: “Kölgə iqtisadiyyatı yüksək, statistika problemlidir”

Ekspert qeyd edir ki, statistikanın real vəziyyəti əks etdirməməsinin əsas səbəblərindən biri kölgə iqtisadiyyatının yüksək səviyyədə olmasıdır: “Rəsmi statistika kölgə iqtisadiyyatının ən yaxşı halda 10-12 faiz olduğunu göstərir. Amma beynəlxalq indikatorlar əsasında hesablama apararkən 40-45 faiz, bəzi qurumlar hətta 60 faiz qeyd edirlər. Xatırlayırsınızsa, vergilər naziri pərakəndə ticarət və ictimai iaşə sahəsində real rəqəmlərin rəsmi statistikadan 7 dəfə fərqləndiyini açıqlamışdı. Belə fərq aşağı-yuxarı qeyri-neft sektorunun hər sahəsində mövcuddur. Neft sektorunda istehsal və ixrac beynəlxalq qurumların nəzarətindədir, amma qeyri-neft sektorunda vəziyyət fərqlidir. Bu sektorda uçotdanyayınma, kölgədə qalma çox yüksək səviyyədədir. Buna görə də ölkədə iqtisadi artımla bağlı proqnozlaşdırmada dəqiqliyə nail olmaq mümkün olmur”.

N.Cəfərli bildirir ki, hökumət müşavirəsində bu məsələnin ölkə rəhbərliyi səviyyəsində məsələnin qaldırılması çox müsbət haldır: “Bunu təqdir etmək lazımdır. Amma eyni zamanda qeyd edək ki, müzakirə olunan nəticədir, onu doğuran səbəbləri düzgün müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır ki, problem təkrarlanmasın.”

Fikrət Yusifov ile ilgili görsel sonucu

Fikrət Yusifov: “Kifayət qədər pul olmayanda iqtisadiyyatda inkişaf əldə etmək olmur”

Sabiq maliyyə naziri iqtisadçı-alim Fikrət Yusifov hesab edir ki, əslində proqnozlar iqtisadiyyatın inkişaf strategiyasına uyğun müəyyən olunur: “Lakin ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrasında bir sıra qurumların ətalətlə davranması, ölkə iqtisadiyyatının inkişafına töhfə verməli olan bankların praktik olaraq iqtisadiyyatı kreditləşdirməməsi bu göstəricilərin nəzərdə tutulan səviyyədə əldə olunmasına imkan vermir. Oktyabr ayının 15-də keçirilən iqtisadi müşavirədə Prezident iqtisadiyyat və maliyyə nazirlərinə suallar ünvanlayaraq onlardan son illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul edilmiş qərarların gözləntiləri doğrulda bilməməsinin səbəblərini soruşdu. İqtisadiyyat naziri səbəblərin vəsait çatışmazlığı ilə bağlı olduğunu bildirdi. O haqlıdır. Ümumi Daxili Məhsulu 80 milyard manat olan bir ölkədə, sahibkarlıq üçün bir ildə 170 milyon manat güzəştli kredit ayırmaqla iqtisadiyyatda uğur qazanmaq mümkün deyil. Bu simvolik bir rəqəmdir və ölkənin bir ildə istehsal etdiyi ÜDM-in 0,2 faizi səviyyəsində bir vəsaitdir. Biz dəfələrlə yazmışıq və demişik ki, iqtisadiyyat insan orqanizminə bənzəyir. İnsanın damarlarında normal həcmdə qan olmayanda onun başı gicəlləndiyi kimi, iqtisadiyyat da kifayət qədər pul vəsaitləri ilə təchiz edilmədikdə onun normal inkişafı mümkün olmur. Ortada olduqca ciddi məqam budur ki, bu gün bizdə dövriyyədə olan nəqd pul kütləsinin həcmi ÜDM-un heç 10 faizi qədərində deyil. İnkişaf etmiş ölkələrdə bu göstərici həmən ölkələrin ÜDM-u səviyyəsində və bəzilərində isə bundan bir neçə dəfə çoxdur. Səbəb yeganədir. Biz bu yolla manatın məzənnəsini sabit saxlamağı daha önəmli hesab edirik”.

Sabiq nazirin fikrincə, Azərbaycan Rusiyada olduğu kimi, milli valyutanı tam üzən məzənnə rejiminə keçirməlidir: “Biz nə qədər ki, bu yolla manatı sıxıb saxlamaqdan əl çəkməyəcəyik, iqtisadiyyat normal pul vəsaitləri ilə təmin olunmayacaq. Bunun olmadığı təqdirdə isə iqtisadiyyatın normal inkişafı mümkün deyil. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun normal inkişafı sadaladığımız problemlərin həllinə sistemli və kompleks bir yanaşım olduqda mümkündür. Belə yanaşımın ortaya qoyulması isə bu günün tələbidir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Şərh yoxdur