İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadi hədəflər açıqlandı - 15 iyul müşavirəsinin təhlili

634 17.07.2020 08:40 İqtisadiyyat A A

Mərkəz rəhbəri: “Prezidentin hökumətin qarşısına qoyduğu bütün istiqamətlərdə qənaətbəxş nəticələr var”

Xəbər verdiyimiz kimi, iyulun 15-də prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda çıxış edən Prezident bildirib ki, Azərbaycanın nəqliyyat təhlükəsizliyi təmin edilib. Eyni zamanda ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır: “Bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir”.

Prezidentin diqqət yetirdiyi digər məsələ su təhlükəsizliyinin təmini olub: “Bizdə su təhlükəsizliyi məsələsi həll olunmayıb. Sirr deyil ki, su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə burada qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsi təşkil edilməlidir”.

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib ...

Dövlət başçısı pandemiyanın Azərbaycan iqtisadiyyatına da zərər vurduğunu, altı ayda 2,7 faizlik geriləmə qeydə alındığını, lakin buna baxmayaraq, bütün sosial proqramların icra edildiyini vurğulayıb: “Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.

Yeni nazir Sahil Babayev kimdir? – DOSYE | Xural qəzeti

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev çıxış edərək bildirib ki, cari ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilib. Bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib.

Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin icrasının gözlənildiyindən yaxşı olduğunu qeyd edib: “Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb”.

Samir Şərifov deputatı sərt tənqid etdi

Nazirin sözlərinə görə, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün  Prezidentin sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub: “Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib”.

Maliyyə naziri 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər olunmasının məqsədəuyğunluğunu qeyd edib. Bu təklif dövlət başçısı tərəfindən dəstəklənib.

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Bundan əlavə, iqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artıb, istehlak kreditləri isə 4,8 faiz azalıb.

Mikayıl Cabbarov: “Ölkədə əsas məhsullar üzrə ehtiyatımız var”

İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata görə, 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Prezidentin vəzifə verdiyi İnam Kərimov kimdir?

Kənd təsərrüfatı naziri İnam Kərimov isə kənd təsərrüfatı istehsalında artım əldə olunduğunu, fermerlərin texnika ilə təminatının gücləndirildiyini bildirib. Nazirin sözlərinə görə, bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiyalaşdırılması üzrə fermerlərin adından çoxsaylı müraciətlər daxil olmaqdadır: “Bu müraciətlərin icrası üçün əlavə vəsait ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Sizin aprel ayında imzaladığınız Sərəncama əsasən fermerlərimizin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilibdir”.

Prezident nazirin xahişinin nəzərə alınacağını bildirib.

Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas ...

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, altı ayda ticarət həcmimiz idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edir və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır: “Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatlarımız isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır”.

Vüsal Qasımlı: Kapitalın və əmlakın amnistiyası gözlənilir ...

Müşavirədə açıqlanan göstəriciləri dəyərləndirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezidentin hökumətin qarşısına qoyduğu bütün istiqamətlərdə qənaətbəxş nəticələr var: “Makroiqtisadi sabitliyin qorunması, COVİD-19-un yayılma sürətinin nəzarətdə saxlanılması, iş yerlərinin saxlanılması, pandemiyanın sosial təsirlərinin azaldılması, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, su resurslarının səmərəli idarəedilməsi, ərzaq təhlükəsizliyi və rəqabətqabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb. Qlobal şokların, OPEC+ öhdəliyinə uyğun neft hasilatının azalmasının və pandemiyanın təsiri altında Azərbaycanda bu ilin ilk 6 ayında ÜDM 2,7 faiz düşsə də, qeyri-neft-qaz sənayesi 11,2 faiz, bitkiçilik 1,1 faiz, heyvandarlıq 3,2 faiz, informasiya və rabitə xidmətləri isə 4,4 faiz artıb. Təqdirəlayiq haldır ki, Azərbaycanda mədənçıxarma sənayesində azalma qeydə alınsa da, emal sənayesi və elektrik enerjisi sənayesində artım var. Beləliklə, bir tərəfdən ölkədə sənaye həcmi artır, digər tərəfdən isə sənayenin strukturu xammaldan hazır məhsullara doğru yerdəyişmə edir”.

Mərkəz rəhbərinin sözlərinə görə, əvvəlcədən də gözlənildiyi kimi,  pandemiyanın təsiri altında ictimai iaşə, nəqliyyat, logistika, turizm və tikinti kimi sahələrdə geriləmə qaçılmaz olub: “Məsələn, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib”.

V.Qasımlı qeyd edir ki, Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir: “”Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk altı ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb".

O, həmçinin qeyd edib ki, ilk yarımil ərzində pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərini azaltmaq məqsədilə prudensial çərçivədə addımlar atılıb, requlyativ tətillər verilib, istehlakçıların hüquqlarının qorunması istiqamətində fəaliyyətlər davam etdirilib, əlavə kredit ekspansiyasına şərait yaradılması, digitallaşmaya keçidin təşviqi və maliyyə inklüzivliyinin artırılmasına dəstək üzrə tədbirləri əhatə edən genişmiqyaslı dəstək proqramı qəbul edilib: “Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə azalma qeydə alınsa da, ümumilikdə bu göstəricilər üzrə cari trendlər ötən illə müqayisədə daha yüksəkdir. Belə ki, cari tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faizlik artım nümayiş etdirib. Bank sektoru rentabelli şəraitdə fəaliyyət göstərib və bank sisteminin xalis mənfəəti 315 milyon manata çatıb”.

İİTKM-in rəhbəri qeyd edib ki, bu ilin yanvar-iyun ayları üzrə ticarət dövriyyəsində 2,7 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb: “COVİD-19 pandemiyasının təsiri ilə cari ilin ilk altı ayında qeyri-neft sektoru üzrə azalma müşahidə edilsə də, bir sıra sahələrdə artım da qeydə alınıb. Belə ki, 2020-ci ilin ilk yarısında meyvə-tərəvəz ixracı 328 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb. Çay ixracında 5,9 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracında 41 faiz artım olub. Maraqlı fakt odur ki, bu ilin ilk 6 ayında və 2015-ci ildə eyni həcmdə idxala görə, gömrük daxilolmaları 3 dəfəyə qədər artıb ki, bu da şəffaflığın hesabına mümkün olub. ”İqtisadiyyatın ağardılması" hesabına əldə olunan gəlirlər isə ilk növbədə sosial rifahın yaxşılaşdırılmasına yönəldilir".

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR