Türkiyənin Uşak Rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 1 il davam edən “paralel dövlət” işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.
Uşak Rayon Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirləndirilir. Gülən haqqında isə 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb edilir.
15 iyul çevriliş cəhdinə rəsmi Bakının reaksiyasından məmnun olan Türkiyə hökuməti Azərbaycanla bu təhlükə ilə bağlı məlumat mübadiləsi aparıldığını, təcrübəni qardaş ölkə ilə bölüşdüyünü bir neçə dəfə bəyan edib. Eyni zamanda Azərbaycanda Gülənə bağlılığı olan çevrələrlə əlaqədar görülən tədbirlərdən də məmnunluq ifadə edilib. Bugünlərdə isə Azərbaycanın Baş Prokurorluğu Fətullah Gülənlə bağlı olan şəbəkə ilə əlaqədar cinayət işinin başlandığını açıqladı. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, cinayət işi Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədini güdür. İstintaq sirri olduğu üçün hələ ki cinayət işi ilə bağlı geniş məlumat verilmir.
Baş Prokurorluq cinayət işinin qaldırıldığı maddələri və istintaq hərəkətləri aparılan şəxslərin dairəsini açıqlamır. Mətbuatın yazdığına görə isə bu istiqamətdə artıq bir çox işlər görülüb, zəruri istintaq tədbirlərinə başlanılıb. Məlumata görə, araşdırmalar çox geniş və əhatəlidir.
Dünən isə Qafqaz Universitetində “gülənçi” olduğu deyilən pedaqoqların kütləvi şəkildə işdən azad olunduğu xəbəri yayılıb.
Məlumata görə, universitetdən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad edilib. Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb. E.Qasımov faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: “Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”. Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.
Bu arada iqtidar və müxalifət çevrələri arasında qarşılıqlı şəkildə “gülənçi” ittihamları davam edir, tərəflər bir-birini Fətullah Gülənin şəbəkəsinə daxil olmaqda suçlayır. Baş Prokurorluqda cinayət işinin açılması ilə bağlı xəbər yayılmağa başlayandan isə artıq bəzi adlar çəkilir. Xüsusilə sosial şəbəkələrdə və online mediada “Gülən tərəfdarı” kimi bəzi şəxslərin adları hallandırılır.
Hazırda Tiflisdə yaşayan müxalifətçi Daşqın Ağalarlı öz facebook səhifəsində bu barədə yazıb. O qeyd edib ki, AXC Nəsimi rayon şöbəsindən silahdaşı olan İslam Səmədov vasitəsilə Gülən camaatını hələ 1989-cu ildən tanımağa başlayıb. 1990-cı illərdən sonra isə o vaxt AXCP üzvü olan Becan Fərzəliyevin Yasamal rayonunda olan mənzilində camaatın təmsilçiləri ilə geniş söhbətin iştirakçılarından olub. AXCP-nin Fətullah Gülənlə əlaqəsi olduğunu vurğulayan D. Ağalarlı hətta eks-prezident Əbülfəz Elçibəyə Fətullah Güləndən məktub gətirdiyini də qeyd edib. Onun iddiasına görə, 1995-ci ildən sonra AXCP strukturlarından hazırkı deputat Fazil Mustafa camaatın etibarını təmsil edib.
Fazil Mustafa isə lent.az-a açıqlamasında Azərbaycanda gülənçilərin şəbəkəsi olduğunu qeyd edib: “Onlar ölkədə geniş təhsil sistemi qura biliblər. Onu da qeyd edək ki, bu sistem uzun müddət Türkiyə rəhbərliyi tərəfindən də himayə olunub. Son proseslərdən sonra bu şəbəkənin ABŞ tərəfindən idarə edilməsi barədə iddialar ortaya çıxır. Bu şəbəkənin dövlət çevrilişinə cəhddə əli olmasına dair artıq bəzi sübutlar var. Ona görə də Türkiyədə bu məsələlərin üzərinə bu qədər sərt gedilməsi anlaşılandır”.
F. Mustafa hesab edir ki, hazırkı məqamda Azərbaycan Türkiyənin çağırışına cavab verməlidir: “Bunun üçün də Türkiyə hakimiyyət orqanları bizdə fəaliyyət göstərən, 15 iyul hadisələrinə qarışmış gülənçilərin adlarını bizə təqdim etməlidirlər. Bizim hakimiyyət də onların zərərsizləşdirilməsi istiqamətində qəti addım atmalıdır. Bu məsələlərdə çox həssas davranmaq lazımdır. Azərbaycan hökuməti çox ağıllı bir addım atdı. Şəbəkənin adı ilə hallanan Qafqaz Universitetinin fəaliyyəti dayandırıldı və bazası Bakı Ali Neft Məktəbinə verildi”.
Deputat qeyd edib ki, Azərbaycan dövləti kifayət qədər güclü olduğundan, belə bir təhlükə varsa, onu asanlıqla darmadağın edə bilər. “Türkiyə dövlətçiliyini narahat edən məsələlərdə Azərbaycan tam dəstək verməlidir və verir də”, - deyə, F.Mustafa qeyd edib. Fazil Mustafa barəsində səslənən iddialara da cavab verib: “Din fəlsəfəsi üzrə mütəxəssis olduğuma görə bütün cərəyanlarla bağlı özümün mülahizəmə malikəm. İslamın əsas mahiyyətindən kənar, vəhhabilik, nurçuluq və digər cərəyanlara qarşı həmişə mümkün qədər mübarizə aparıram. Xalqı maarifləndirməyə çalışıram. Məsələyə həmişə Azərbaycan maraqlarından yanaşırıq. Buna görə də biz rahatıq. Bu cinayət işində əməlində kriminal olan insanlar mütləq məsuliyyətə cəlb edilməlidir və bu olduqca vacibdir. Hüquq-mühafizə orqanları kimin hansı istiqamətdə fəaliyyət göstərdiyini yaxşı bilir”.

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev isə Fətullah Gülənin Azərbaycanda AXCP sədri Əli Kərimli ilə əlaqəsinin olmasını qeyd edən yazı ilə çıxış edib. Məqalədə Əli Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin “Azərbaycan saatı” adlı verilişinin Türkiyənin “Barış TV” kanalının tezliyindən yayımlandığı, bu kanalın isə Gülənə məxsus olduğu qeyd edilib. E. Fətullayevin yazdığına görə, Türkiyədə aparılmış araşdırmalara əsasən, Əli Kərimlinin fətullahçı dərgi “Kurultay”ın baş redaktoru Aydın Taşla da xüsusi əlaqələri var: “Dərgi Əli Kərimliyə də tez-tez tribuna verirdi. Və onun çıxışlarında da Azərbaycanda hakimiyyətin devrilməsinə çağırışlar yer alırdı”.
Ə.Kərimli isə öz facebook səhifəsində yazıya istinad etmədən özünün “gülənçi” adlandırılmasına etirazını bildirib. Lakin o, məqalədə səsləndirilən fikirlərin heç birinə münasibət bildirməyib. Hüquqşünas Əkrəm Həsənov isə “Gülən camaatı”nın Azərbaycanda da çevriliş etmək cəhdini istisna etməyib.
Bəzi mətbuat orqanları icra başçıları arasında da F.Gülənə yaxın olanların varlığından bəhs edən yazıları tirajlayıb. “Bugünlərdə işdən çıxarılması dəqiqləşən daha bir FETÖ-çu məmurun adı hakimiyyətə məlum olub”. Bunu isə cebhe.info xəbər verib. Məlumata görə, həmin məmur sentyabr ayında işdən kənarlaşdırılacaq. Diqqətçəkən odur ki, Rusiya TV-ləri də Azərbaycandakı “gülənçi”lərə xüsusi diqqət ayırır. Belə ki, televiziyalardan biri AXCP sədri Əli Kərimli və tərəfdarlarını “fətullahçı” adlandırıb və ünvanına ittihamlar səsləndirib.
Ümid Partiyasının sədri İqbal Ağazadə bu barədə “Yeni Müsavat”a dedi ki, fətullahçıların Azərbaycanda mövcud olması uzun illər müzakirə olunan mövzulardandır. Konkret olaraq bu barədə rəsmi məlumat olmasa da, qeyri-rəsmi olaraq müxtəlif şəxslərin adları hallandırılıb. İndiyə qədərki yanaşma bu idi ki, gülənçilər hakimiyyətin içərisində təmsil olunub. Əslində Fətullah Gülənin tərəfdarlarının da yürütdüyü xətt onu göstərirdi ki, onlar müxalifətdən daha çox, iqtidar içərisində olmağa meylli olublar. Əgər Türkiyənin özündə bu deyilən faktlar varsa, «gülənçi»lərin müxalifətə yox, iqtidarın içərisinə sızdığını 15 iyul hadisələri ortaya qoydu. Azərbaycan müxalifətində varmı, yoxmu, bu barədə məlumata malik deyiləm, çünki məlumatlar həmişə gizli saxlanılır. Amma Azərbaycanda insanların dini özünə pərdə seçməsi son illərin artan tendensiyasında olsa da, siyasi müxalifətin, yaxud siyasi təşkilatların içərisində bu, çox az nəzərə çarpır".

İ.Ağazadə xatırlatdı ki, siyasi partiyalar hər zaman bu məsələlərdə ehtiyatlı mövqe tutublar: “Həmçinin siyasi partiyaların, xüsusilə müxalif siyasi partiyaların Avropaya və Qərbə inteqrasiya məsələsində israrlı mövqe nümayiş etdirməsi bəzən bu məsələlərdə açıq mövqe qoymaqla həmin ideolojiləşmiş şəxslərin siyasi partiyaya gəlişini əngəlləyib. Amma qapalı şəkildə kimin əlaqəsi var, bununla bağlı hər hansı informasiyam yoxdur, harda çoxdur, bunu da demək çətindir. Amma məsələnin mahiyyəti ondadır ki, Fətullah Gülən hərəkatının xarakteri həmişə bu olub ki, onlar daha çox iqtidar düşərgəsində yerləşməyə meyl ediblər, Türkiyədə də bunun bariz nümunəsini gördük. Burda necədir, yəqin ki, onu araşdırmalar göstərə bilər. Əslinə qalsa, mən gerçək mənada Fətullah «gülənçi»lərin olduğunu qəbul etmirəm. Çünki Azərbaycanda dini ideolojini çox az adam əsas ideoloji xətt kimi seçib. Ola bilər, kiminsə əlaqələri, ”salamməleyk"i, ya bağlılığı olsun. Amma məhz həmin cərəyanın yürütdüyü xətt, ya bəlli bir çevrədən kənara bunların mövcud olduğunu fakt kimi qəbul etmirəm". İ.Ağazadə “fətullahçıları Azərbaycan üçün ciddi təhlükə sayırsınızmı və belə qüvvələr varmı” sualının cavabında bunları söylədi: “Hələ ki bununla bağlı prokurorluğun rəsmi məlumatı yoxdur. Ola bilər ki, ”əl-Qaidə" ilə bağlı da bir cinayət işi açılsın, amma olacaq, ya olmayacaq, bu, araşdırmanın nəticəsində aydınlaşacaq. Mən indidən bu barədə bir söz deyə bilmərəm".

ADP sədri Sərdar Cəlaloğlu “Fətullah Gülənlə əlaqələrinin olub-olmadığı haqda Teleqraf.com-a ilginc açıqlama verib. Sərdar Cəlaloğlu Fətullah Gülən və Nur hərəkatının təmsilçiləri ilə əlaqələrinə də toxunub: “Bir dəfə məni məclisə dəvət etmişdilər. Burada vaxtilə Naxçıvanda uzun illər rəhbər vəzifədə işləyən dostumla masanın bir tərəfində durub söhbət edirdik. Söhbət əsnasında kənarda duran iki şəxsdən biri müdaxilə edərək mənimlə danışan dostumdan bizi tanış edə biləcəyini soruşdu. Dostum da məni təqdim edərək bildirdi ki, Sərdar Cəlaloğludur, siyasətçidir, partiya sədridir və s. Bu zaman həmin şəxs dostumdan xahiş etdi ki, Sərdar bəylə bizim konfidensial görüşümüzü təşkil etsin. Həmin şəxs Gülənin Bakıdakı məktəblərindən birinin direktoru idi. Sonradan bəlli oldu ki, onun yanındakı şəxs Gülənin buradakı şeyxi, məktəblərə baxan şəxsdir. Belə söhbət oldu, sonra biz ayrıldıq. Bu zaman dostum mənə dedi ki, onlarla konfidensal görüşməyimi, ümumiyyətlə, kontakt saxlamağı məsləhət görmür. Mən də bununla razılaşdım. Beləcə, onlarla kontaktım olmadı. Gülən hərəkatı təxminən 3 il əvvəl mənə təklif etdi ki, biz görüşək”.
E.PAŞASOY