İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar və müxalifəti birləşdirən cəhətlər – keçmişdən qalma və daha nələr...

1128 29.03.2018 13:36 Siyasət A A

Tural Abbaslı: “Müxalifət mübarizə apardığı rəqibinə bənzəməyə başlayıb”

Əli Orucov: “Hər iki düşərgəyə də indiki status-kvo sərf edir”

Son 25 ildə Azərbaycan iqtidarı və müxalifəti arasında oxşar bir cəhət formalaşıb. Hər iki düşərgə keçmişdən ayrılmaq istəmir, uzun illər öncə baş verənləri tez-tez gündəmə gətirmək yolunu seçir. Demokratik düşərgə 1988-ci ildə meydan hərəkatı ilə başlayan və 1993-cü illərə qədər baş verən hadisələrə daha çox istinad edir, bir-birini yaxud indiki iqtidar komandasını qınayır, hakimiyyət də həmçinin həmin illəri xatırlamağı sevir.

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, hər iki düşərgənin indiki yerlərindən razıdır: “Təəssüf ki, 25 ildir nə iqtidar, nə də müxalifət dəyişir. Görünən odur ki, belə bir dəyişimdə heç bir tərəf maraqlı deyil. Hər iki düşərgə indiki yerlərindən tam razıdır. Xalqı, milləti və dövləti isə düşünən yoxdur. Dövlətin bu hakimiyyətdən qurtularaq daha gözəl günlərə qovuşmasını istəyən müxalifət öz daxilində dəyişiklik etməyə məhkumdur. Ancaq iqtidarda olduğu kimi, müxalifətdə də heç kim heç nəyi və heç kimi dəyişmək istəmir.

Image result for Tural Abbaslı

Artıq çoxdandır ki, müxalifət mübarizə apardığı rəqibinə bənzəməyə başlayıb. Bu bənzəmə həm siyasi cəhətdən, həm dözümsüzlük, həm də daxili demokratiya və başqa yanaşmalarda özünü aydın göstərir. Müxalifət də hakimiyyətdəkilər kimi nə siyasi simaları, nə şüarları, nə də uğursuz və nəticəsiz mübarizə metodlarını dəyişmir. Bütün bunlar bir yana, hakimiyyətin yeniliyə və baş tutması məcbur olan islahatlara yanaşması necə aqressivdirsə, müxalifət də öz daxilində istənilən yeniliyə və reform cəhdlərinə aqressivlik göstərir. Düşünürəm ki, artıq hər iki düşərgədə yenilik küləkləri əsməyə başlayıb və bu düşərgələrin mühafizəkarları buna nə qədər müqavimət göstərsə də, prosesin qarşısını ala bilməyəcəklər. Çünki dəyişim zamanın diktə etdiyi tələbdir. Zamanı gəlmiş dəyişikliklər isə qaçılmazdır”.

AMİP katibi Əli Orucovun qənaətinə görə, bu gün Azərbaycanın siyasi mənzərəsi və siyasi liderləri ötən illər ərzində yerində saymaqdadır: “Nə siyasətə, nə də siyasi proseslərə yeni nəfəs, yeni yanaşma gətirilməyib. Sanki iqtidardakı çoxluq təşkil edən kommunistlərlə, meydan hərəkatının yetirdiyi simalar bir-birləri ilə razılığa gəliblər ki, meydana kənar, yaxud da yeni simalar buraxmasınlar. Hər iki düşərgəyə də indiki status-kvo sərf edir. İqtidardakılar da, əks düşərgədə təmsil olunanlar da, bir zamanlar müəyyən siyasi oyunların və intriqaların içində olublar və əlaqəli fəaliyyət göstəriblər. İndinin özündə də bu bağlar qalır. İqtidar köhnə düşüncəli və inzibati-amirlik sisteminin yetirmələri olduqlarından yeniliyə qarşıdırlar və müasir idarəçiliyi bacarmazlar. Müxalifətdəkilər də özlərini əziyyətə salıb novatorluğa həvəs göstərmirlər. Yəni hər iki tərəf öz mövqelərini və “iş yerlərini” itirmək istəmirlər. Lakin ən böyük problem gənc liderlərin, yeni nəsil siyasətçilərin yetişməsi üçün əlverişli mühitin və imkanların olmamasıdır. Demokratik cəmiyyətlərdə bu tipdən olan istedadlı liderlər tez bir zamanda parlaya bilir və dövlətin idarə edilməsində fəal rol oynayır. Çünki ona bütün imkanlar yaradılır, həmin siyasətçi xalqla maneəsiz təmas qura bilir, fikir və düşüncələrini, ideya və platformalarını ictimaiyyətə çatdıra bilir. Ona mənsub olduğu siyasi qüvvə də, dövlət də böyük dəstək verir. Bilir ki, siyasi rəqabət və ağıllı, peşəkar siyasilər hansı qüvvəni təmsil edirsə etsin onun faydasını dövlət və xalq görür.

Image result for Əli ORUCOV

Azərbaycanda demokratik ənənələrin formalaşmaması və cəmiyyətin özünün siyasi proseslərdən kənarda saxlanılması, eyni zamanda idarəçilikdə rüşvət və korrupsiya kimi neqativ halların olması istedadlı, savadlı, müasir dünyagörüşə yiyələnən gənc kadrların, yeni nəsil siyasətçilərin yetişməsində, və dövlət idarəçiliyinə cəlb edilməsində ciddi maneədir. Siz baxın, Avropanın, eləcə də dünyanın inkişaf etmiş ölkələrinin parlamentlərinin ortalama yaş həddi 25-35 arasındadır. Bir sıra dövlətlərin dövlət və hökumət başçıları gənclərdir. Amma Azərbaycanda bunun tam əksidir. Sanki parlamentimiz, hökumətimiz pensiya klubudur. Eləcə də müxalifətin özü də qocalmaqdadır. Bu Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükədir. Ölkənin gələcək idarəçiliyi, yaxud da, siyasi institutların perspektivləri nikbinliyə əsas vermir. Kadrlar istər iqtidarda, istərsə də, müxalifətdə olsun, həlledici rol oynayırlar. Prezident seçkilərində iştirak edən namizədlər və onların şüarlarına baxmaq kifayətdir ki, siyasi sistemin və siyasi kadrların vəziyyəti, yaxud da islahatlar, yeniliklər haqqında fikir yürüdə biləsən. Bu gün zahirən cəmiyyətin özünün dəyişikliklərə meylli görünməməsinə baxmayaraq, bunu zəruri edən səbəblər kifayət qədərdir. Doğrudur, yeniliklər dinamizm, çeviklik, rasionallıq tələb edir ki, Azərbaycan kimi cəmiyyətlərdə bunu həvəslə qarşılamırlar. Çünki hərə başını aşağı salıb bir tikə çörək pulunu qazanmağı, ətaləti daha üstün tuturlar. Hərəkətlilik, dinamizm, islahatlar və yeniliklər bəzən çətinliklərlə, kataklizmlərlə, qeyri-sabitliklərlə də müşayiət olunur. Bunu isə nə cəmiyyət, nə iqtidar, nə də müxalifət düşərgəsi arzulamır. Gənclik isə enerjili, yenilikçi, islahatçı, inkişaf və tərəqqiyə can atır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR