Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun son açıqlamaları geniş müzakirələrə səbəb olub. O, “yəqin ki, yaxın zamanlarda boş qalmış dairələrə seçkilər keçiriləcək”, - deyə bildirib.
Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Daha bir deputat Eldəniz Səlimov həbs olunub, məhkəmənin sonunda onun mandatının ləğv ediləcəyi şübhə doğurmur.
Ölkə müxalifəti Məzahir Pənahovun seçki açıqlamalarına inanırmı və seçkiyə hazırlaşırmı? Bu bəyanat demokratik düşərgədə hansı reaksiyanı yaratdı?
AĞ Partiya başqanı Tural Abbaslı MSK sədrinin boşuna belə fikirlər səsləndirmədiyini qeyd etdi: “Məzahir Pənahov qanunla götürsək, seçkilərlə bağlı səlahiyyətli şəxslərdən biridir, bəlkə də birincisidir. Güman edirəm ki, Mərkəzi Seçki Komissiyasının sədri kimi o bu barədə, özü də belə həssas mövzu ilə əlaqədar təsadüfi fikirlər səsləndirməz. Yəni söz xətrinə söz deməz. Ən səlahiyyətli qurumun rəhbəri deyir ki, boş qalmış dairələrə seçkilər keçiriləcək və bu açıqlamanın boşuna verilmədiyinə ümid edirik. Bu baxımdan inanmağa çalışırıq ki, seçkilər olacaq. Artıq iki ilə yaxındır ki, parlament yarımçıq şəkildə fəaliyyət göstərir, yəni tam formalaşmayıb. Bu da dərinə getsək, konstitusiyaya ziddir. Çünki konstitusiyada Milli Məclis 125 nəfərdən ibarətdir. Amma faktiki olaraq bu gün parlament 119 nəfərlə fəaliyyətini davam etdirir. Bu baxımdan boş qalmış yerlərə mütləq şəkildə seçkilər keçirilməlidir. Amma bizlər onu da bilirik ki, Azərbaycanda siyasi reallıqlar heç də kağız üzərində olduğu kimi deyil.

Tural Abbaslı: “Siyasi qərarların verilməsində Məzahir Pənahovun rolu yoxdur”
Yəni siyasi qərarların verilməsində Məzahir Pənahovun rolu yoxdur. Boş qalmış yerlərə seçkilərin keçirilməsi siyasi bir qərar olduğu üçün AĞ Partiya olaraq dərhal Seçki Qərargahı yaratmamışıq. Namizədlərin müəyyən edilməsi, təbliğat, təşviqat işlərinin aparılması və digər məsələlər üzrə konkret qərarlar qəbul etməmişik. Çünki hüquqi baxımdan Məzahir Pənahov tam səlahiyyətli şəxs olsa da, siyasi qərarların verilməsi baxımından ondan daha səlahiyyətli şəxslər var. Onların açıqlamalarından sonra məsələ daha çox ciddiyyət qazana bilər. İstənilən halda seçkilər keçirilməlidir və hətta deyərdim ki, burada yubanma davam edir. Hakimiyyətin əsas qollarından biri olan qanunvericilik qolu tam şəkildə formalaşmadan yoluna davam edir. Bu çox davam edə bilməz. Təkrar seçkilər keçirilməli, partiyalar orada iştirak etməli və təmsilçilik qazanmalıdırlar. Dövlət idarəçiliyində partiyaların iştirakı çox vacibdir və burada qeyri-adi bir şey yoxdur”.

Qulamhüseyn Əlibəyli: “Bu bəyanatın ciddiyə alınmasının tərəfdarı deyiləm”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli fərqli mövqeyə sahibdir: “Qanuna görə nəticələri ləğv olunan dairələr üzrə seçkidən sonrakı 6 ay müddətində seçkilər keçirilməlidir. Bu mənada Seçki Məcəlləsinin, qüvvədə olan qanunvericiliyin tələbləri pozulub. Hakimiyyətin seçki keçirmək istəyində olmaması ucbatından belə səbəblər ortaya çıxıb. Açıqlamanı oxudum və birmənalı şəkildə söz verilməyib ki, filan vaxtı seçkilər keçiriləcək. Ölkənin taleyüklü problemləri çoxdur. Ümid edirik ki, seçkilərlə bağlı da problemlər həll olunar. Məzahir Pənahovun dedikləri tam o anlama gəlmir ki, mütləq seçkilər keçiriləcək. Seçkilər təyin olunmalı və ondan sonra baş tutmalıdır. Parlament seçkilərinin təyin olunması Prezident tərəfindən olur. Hər halda, bu bəyanatın ciddiyə alınmasının tərəfdarı deyiləm. Amma bütün siyasi partiyalar istənilən vaxt seçkilərə hazır olmalıdır”.

Fuad Əliyev: “O, nəsə bilir ki, belə bəyanat verib”
ALDP rəhbəri Fuad Əliyev referendumun keçirilməsini daha vacib sayır: “Boş qalmış dairələrə seçkilərin keçirilməsi qanunla tənzimlənir. İstənilən vaxt bu seçkiləri keçirə bilərlər. O ki qaldı Məzahir Pənahova, inanmaq və yaxud inanmamaq məsələsinə gəldikdə, yəqin ki o, nəsə bilir ki, belə bəyanat verib. Mənim fikrimcə, boş qalmış dairələrə seçkilərin keçirilməsi yox, referendumun keçirilməsi daha məqsədəuyğun olardı. Bir neçə məsələlər var ki, onları referenduma çıxarmağa ehtiyac var. Bu məsələlərdən biri proporsional seçkinin bərpasıdır. Bu məsələ öz həllini tapsa, onda 6 dairə yox, bütövlükdə parlament seçkilərinin keçirilməsi lazım olacaq. Mənim fikrimcə, bu daha düzgün olar”.

Elşad Musayev: “Müxalifət Məzahir Pənahova inanmır”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, müxalifət Məzahir Pənahova inanmır: “Amma qanunvericiliyə görə, bizim Milli Məclis 125 nəfərdən ibarət olmalıdır. Hazırda boş qalan seçki dairələri var. Bir müddət əvvəl pandemiya əsas gətirilirdi ki, bu şəraitdə seçki keçirmək olmaz. İndiki şəraitdə seçki keçirmək, boş qalan seçki dairələrini tamamlamaq olar. Bu, iqtidarın arzusu və iradəsindən asılıdır. Məzahir Pənahova göstəriş verilməyənə qədər seçki keçirilməsini gözləmək isə sadəlövhlük olardı”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






