İqtidar niyə Amerika səfirliyinə bina tikməyə yer vermir?
“İqtidar daxilində anti-Amerika ritorikası güclənib. Mən də Amerikanı ikili standartda qınaya bilərəm. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyada da ikili standartlar var. Bu məsələdə Amerikanın üzərinə gedərkən Rusiyanı kənarda qoymaq obyektivlikdən uzaqdır. Rusiyaya ayrıca torpaq sahəsi verilir, qonaqlar üçün bina tikilir. Ancaq Amerika səfirliyinə torpaq sahəsi ayrılmır".
Bu sözləri “Yeni Müsavat”a şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu rəsmi Bakının Amerika səfirliyinə yeni bina tikintisi üçün ərazi ayırmaması haqda danışarkən qeyd etdi. Politoloq dəfələrlə ABŞ səfirliyində olduğunu və binanın darısqallığını vurğuladı: “Hətta yer olmadığı üçün dəhlizdə stul qoyub fikir mübadiləsi aparılıb.
SSRİ ilə Amerika arasında gedən “soyuq müharibə” dövründə belə Moskvada ABŞ səfirliyi üçün geniş sahə ayrılmışdı, bina tikilmişdi. Rəsmi Bakı qeyd edir ki, Azərbaycan regionun lider dövlətidir. Amma bu məsələdə görünür ki, lider dövlət Gürcüstandır. Çünki Amerikanın ən böyük səfirliyi Tiflisdə yerləşir. Əli Həsənov “Blumberq” agentliyinə müsahibəsində qeyd etmişdi ki, bəzi problemlər var, amma enerji sahəsində sıx əməkdaşlıq edilir. Əgər belədirsə, imkan yaradılmalıdır ki, səfirlik bina tiksin. Con Kerri bununla əlaqədar zəng edirsə, deməli, rəsmi Vaşinqtonu narahat edir".
Siyasi analitik səfirliyə yer verməkdən imtina olunmasında Rusiya faktoru olduğunu düşünmür. Onun fikrincə, Kreml amili çox şişirdilib və Azərbaycan tərəfi hər addımında şimali qonşusunu nəzərə ala bilməz: “Mən Rusiya faktorunu şişirtməyin əleyhinəyəm. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını açıqlayır, amma Krımın işğal olunduğunu dilə gətirmir.
Hər yerdə Rusiya maraqlarını nəzərə almaq olmaz ki? Düşünmürəm ki, bu məsələdə rus faktoru var. Ola bilsin ki, böyük səfirlik daha çox diplomatın işləməsi deməkdir və ona görə razılıq vermirlər. Mən də İraq və Suriya siyasətində Amerikanı bəyənmirəm. Ancaq hər məsəldə bu dövləti günahkar çıxarmaq olmaz. Nəzərə almaq lazımdır ki, ABŞ fövqəldövlətdir. Bir qütblü dünyada təkqütblüyə iddia edən dövlətdir. Azərbaycan isə kiçik dövlətdir.
Yadıma gəlir ki, 90-cı illərin ortalarında Amerika ilə ikitərəfli əməkdaşlıq yüksək səviyyədə idi. Sadəcə, ABŞ da Dağlıq Qarabağ probleminin həllində səylərini artırmalıdır, İlham Əliyevi Vaşinqtona dəvət etməlidir. Heydər Əliyev bir neçə dəfə Amerikada olmuşdu. Vaşinqton bunları da görməlidir. Azərbaycan tərəfi isə səfirliyə torpaq verməməklə əlavə gərginlik yarada bilər".
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, rəsmi Bakı ABŞ-a müharibə elan edib. Onun sözlərinə görə, səfirliyə ərazi verməkdən imtina olunması qeyri-adı və anlaşılmaz haldır. Politoloq bununla belə, torpaq sahəsi ayrılmasından imtina edilməsini mümkün sayır: “Hətta bir-birinə rəqib dövlətlər qarşılıqlı belə münasibət saxlamır. Səfirliyə torpaq verməkdən imtina olunması artıq siyasi-diplomatik münasibətlərdən kənar addımdır. Diplomatik əlaqələrdə müəyyən tənzimləmələr var. Dövlət əhəmiyyətli tikintilərin inşasında razılaşmalar olur. Görünür, münasibətlərdə bizim bilmədiyimiz çox ciddi problemlər var”.
Ə.Oruclu iqtidardakı dairələrdən birinin ABŞ-la münasibətləri gərginləşdirməkdə maraqlı olduğunu istisna etmir: “Ancaq nəzərə almaq lazımdır ki, iqtidar piramidası mövcuddur və qərarların verilməsində birinci şəxsin xəbəri olur. Sadəcə, bilmədiyimiz nüanslar var, siyasi münasibətlərdə hansısa ziddiyyətlər mövcuddur”.
Qeyd edək ki, Azərbaycan hökuməti ABŞ-la əvvəllər imzalanmış müqaviləyə əsasən Bakıda bu ölkə üçün səfirlik binası tikilməsinə icazə verməkdən imtina edib. Səbəb 2013-cü il seçkilərinin nəticələrinin Vaşinqton tərəfindən tənqid edilməsidir. “Turan”a diplomatik mənbələrdən bildirilib ki, dövlət katibi Con Kerri 2014-cü ilin fevralında prezident İlham Əliyevə məktub ünvanlayaraq rəsmi Bakını əməkdaşlığa çağırıb.
Yada salaq ki, sabiq deputat Hüseyn Abdullayevlə hakimiyyət arasında narazılıq da məhz ABŞ səfirliyi üçün nəzərdə tutulan yeni bina məsələsinə görə gərginləşmişdi.
Ötən ilin fevralında H.Abdullayev prezident İlham Əliyevə müraciətində bu barədə geniş məlumat vermişdi. Sabiq deputat iddia edirdi ki, Heydər Əliyev Mərkəzinin qarşısında - Yusif Səfərov küçəsi, 30 ünvanında, eləcə də Alatava küçəsi, 2 ünvanında yerləşən valideynlərinə məxsus torpaq sahələrində ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün alqı-satqı müqavilələr imzalamış və ilkin razılaşma əldə olunub.
Amma bu müqavilələr bağlandıqdan və alqı-satqı prosesinə start verildikdən sonra prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov H.Abdullayevə zəng edərək bildirib ki, onun amerikanlarla müqavilə bağlamağı prezidenti qəzəbləndirib.
Emil SALAMOĞLU






