Koronavirus təhlükəsi və xüsusi karantin rejimi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların sədrləri arasında görüşlərin davamlı olmasının qarşısını alıb. Lakin müxalif partiya sədrlərinin açıqlamalarından belə məlum oldu ki, prosesin birdəfəlik dayandığını söyləmək düzgün olmazdı. Yəqin ki, xüsusi karantin rejimi ləğv edildikdən sonra təmaslar, danışıqlar yenidən davam edəcək.
AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirdi ki, Prezident Administrasiyasından hələlik növbəti görüş və ya dialoq barədə heç bir dəvət yoxdur: “Doğrudur, Novruz bayramı ilə əlaqədar həm prezidentin adından, həm də Ədalət Vəliyevin özündən bayram təbriki olub. Bunu pozitiv jest və kontakt hesab etmək mümkündür. Ancaq, koronavirus pandemiyasından az öncə başlamış siyasi dialoq hələlik elə məhz bu problemlə bağlı müvəqqəti dayandırılıb. Ancaq bizə bildirilib ki, pandemiya təhlükəsi aradan qalxan kimi və vəziyyət normallaşan kimi proses davam etdiriləcək. Biz AĞ Partiya olaraq bu prosesin davam etdirilməsində maraqlayıq və belə bir prosesin dövlət və xalq maraqları üçün faydalı olduğunu düşünürük. İqtidar-müxalifət dialoqlarında müzakirə olunacaq kifayət qədər çox və önəmli məsələlər var. Ümid edirəm ki, dövlət və xalqın birlikdə əlaqəli şəkildə fəaliyyəti nəticəsində bu bəladan xilas olacağıq. Bundan sonra bütün proseslər öz qaydasında davam edəcək. Hazırda əsas məsələ koronavirus bəlasından birgə xilas olmaqdır. Bu yöndə Allah xalqımıza və bütün dünyaya yar və yardımçı olsun”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə dedi ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən hazırda növbəti görüşlə bağlı dəvət olmasa da mövcud karantin rejimi başa çatdıqdan sonra belə görüşlərin davamlı olacağı gözlənilir.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, küçəyə çıxmaq qadağalarının gündəmdə olduğu vaxtda görüşlərin olması gözlənlmir. Lakin başlanmış dialoq prosesinin birdəfəlik dayandığını da söyləmək düzgün olmazdı: “Bizə hələ gündəmdə görüş planının olduğu barədə heç bir məlumat verilməyib. Hesab edirəm ki, xalqın sağlamlığı, ölkə üçün taleyüklü məsələlərin önə çıxması halında siyasi qüvvələr arasında görüşlər, siyasi fəaliyyət kimi məsələlər arxa plana keçməlidir. Təkcə Azərbaycanda deyil, əksər dünya ölkələrində də belədir - digər bütün siyasi, ictimai tədbirlər dayandırılıb, hətta konfliktlər, ən müqəddəs dini ayinlərin icrası belə dayandırılıb. Fövqəladə vəziyyətdir. Belə vəziyyətdə yəqin ki, iqtidar-müxalifət görüşü də hələ ki, reallaşmayacaq. Lakin bu, bir müddət öncə başlanan prosesin dayandığı hesab olunmamalıdır. Hər halda karantin rejimi aradan qalxdıqdan sonra görüşlər keçiriləcək”.
AXP sədri Pənah Hüseyn bildirdi ki, başlanan prosesə koronovirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib. Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Eyni zamanda “evdə qal” çağırışlarına əməl edilir: “Karantin dövründə iqtidar təmsilçisi ilə siyasi partiyaların sədrlərinin görüşünün olması hazırda gündəmdə deyil. Lakin bu məsələ daha çox hakimiyyət tərəfindən asılıdır. Görüşlərə davam olacağı, yoxsa artıq davam etdirilməyəcəyi barədə dəqiq fikri hakimiyyət tərəf bildirə bilər”.
Etibar Seyidağa,
Musavat.com






