İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar Azərbaycanı yeni mərhələyə daşıyır...

11746 04.09.2014 09:00 Siyasət A A


Çoxsaylı suallar həm də ona görə doğur ki, dünyanı idarə edən demokratiya paytaxtları Azərbaycandakı proseslərə olduqca səbrlə yanaşırlar. Şərti olaraq, “demokratik düşərgə” adlandırılan müxaliflər bağırırlar ki, ölkədə vəziyyət dözülməz həddə qədər pisləşib; azadlıqlar daha da məhdudlaşdırılıb, həbslər intensivləşib,  Qərbdən gələn mərkəzləşdirmə ideologiyasına - demokratiyaya bağlı fərdlər və təşkilatlar darmadağın edilib, maliyyə axınları qapadılıb...

Və bütün bunların fonunda iqtidar komandasının soyuqqanlı, lakin kəskin gedişləri hətta ciddi analitiklər tərəfindən çaşqınlıqla izlənir. Demokratik açılım, yumşalma, gərilmiş iplərin boşalması gözlənildiyi halda, tam tərsi sayıla biləcək sürəci müşahidə etməkdəyik. Görünən budur ki, hakimiyyət, başda prezident olmaqla, israrla ölkəni yeni mərhələyə keçirir. Cəmiyyətə yenidən dizayn vermək üçün bütün resurslar işə salınıb. Bəs, elə isə, biz hara gedirik?


Məsələnin maraqlı tərəfi budur ki, hazırda Qərb paytaxtlarındakı donor təşkilatlarla daha yaxından işləməyə başlayan, onlardan birbaşa maliyyə dəstəyi alaraq, müəyyən işlər görən müstəqil QHT-lərin sıradan çıxarılmasına siyasi partiyaların funksioner elitası da soyuqqanlı yanaşır. Sanki rəqiblərin sıradan çıxarılmasından yaranan məmnun təbəssüm bir tablo kimi müxalif lider obrazında cəmiyyətə əl edir...

Onlar niyə belə rahatdırlar? Sadə müxalifətçilərdə, lap elə müstəqil qəzetçilərdə və hesabları bağlanan, təzyiqlərə məruz qalan QHT sektorunda olan panikadan müxalifət funksionerlərində niyə yoxdur. Heç bir etiraz tədbirinə, aksiyalara, fləş-moblara istinad etmədən, gözləyirlər... Deməli, sadə protestçinin bilmədiyi məlumata malikdirlər. Onlar bilirlər ki, Azərbaycan iqtidarı əslində nə edir; bu prosesə Qərb paytaxtları niyə səbrli yanaşır və iqtidara istədiyini etmək üçün kart-blanş verir...

Bu məqamda mövzunu açmaq üçün ölkənin ən məlumatlı ekspertlərindən olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi dinləyək. O düşünür ki, hakimiyyət təmsilçilərinin son mesajları ilə onlardan gözlənilən demokratik açılım sürəci arasındakı ziddiyyətlərin əsas səbəbi Azərbaycanın beynəlxalq öhdəlikləri ilə bağlıdır: “Söhbət Avropa Birliyi ilə strateji modernləşmə sazişindən gedir. Avropa Birliyinin prezidenti Barrozo Bakıda olanda bildirmişdi ki, saziş artıq hazırdır və yaxın zamanlarda imzalanacaq. Məncə, Azərbaycan hakimiyyəti demokratik açılımla bağlı sazişi imzalamaq ərəfəsində özünə mane olan və ola biləcək bütün qurumları və şəxsləri təsirsiz hala gətirmək, sıradan çıxarmaq istəyir. Çünki zaman azdır. Avropa Birliyi ilə həmin saziş imzalanandan sonra analoji addımların atılması hakimiyyət üçün ciddi problemə, böyük başağrısına çevrilə bilər. İlham Əliyev basqı ilə hansısa addımlar atmaq istəmir. Prezident hesab edir ki, ona heç kəs basqı göstərməməlidir. O, nümayiş etdirir ki, Avropa Birliyi ilə bağlanacaq saziş üzrə öhdəliklər iqtidarın öz təşəbbüsüdür”.  Mehman Əliyev deyir ki,  Avropa Birliyi iqtidarın əksər şərtlərini qəbul edib və bu sazış olacaq. 

Barrozo Bakıda olanda bildirmişdi ki, saziş artıq hazırdır və yaxın zamanlarda imzalanacaq. Məncə, Azərbaycan hakimiyyəti demokratik açılımla bağlı sazişi imzalamaq ərəfəsində özünə mane olan və ola biləcək bütün qurumları və şəxsləri təsirsiz hala gətirmək, sıradan çıxarmaq istəyir”


Yəni məsələ də budur ki, bütün məlumatlı obyektlər-  o cümlədən də siyasətlə peşəkarcasına məşğul olan müxalifət liderləri bilir ki, AB ilə modernləşmə sazişi imzalanacaq və ölkə yeni mərhələyə daxil olacaq. İndi hər kəs çalışır ki, bu yolda verilən “demokratiya şəhidi” başqası olsun. Bu baxımdan, “qrantlardan milyonlar yeyib, müxalifətə heç nə verməyən” QHT rəhbərlərinə görə kimsə özünü yandırmaq istəmir...
Mehman Əliyevin də  söylədiklərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycanın demokratik düşərgəsinin böyük ümidlər bəslədiyi Qərb paytaxtları, rəsmi Bakının şərtlərini qəbul etdiyi üçün son 10, hətta 15 il əməkdaşlıq etdiyi şəxsləri, qurumları Azərbaycan hakimiyyətinə “güzəştə gedib”. Ortada ciddi “itkilər” olsa belə  Mehman Əliyev durumu gözlənilməz saymır: “Baş verənləri bir savaş kimi təsəvvür etmək gərəkdir. Savaşda canlı itkilər mütləq olur. Təbii, heç bir tərəf əsgər, zabit itirmək istəmir. Ancaq müharibənin öz qanunları var. Qurban kimi gördüyümüz insanlar da getdikləri yolun fərqində idilər. Onların həbsdən sonrakı çıxışlarında da bu ritorika var - təxminən hamı həbs olunacağını bildiyini deyir. Bu gün Azərbaycanda ictimai fəaliyyətlə məşğul olan, xüsusən iqtidarda hər hansı qıcıq yaradan qüvvə bundan sığortalanmayıb”.


Mehman Əliyev deyir ki, bizim köklü dəyişiklik saydığımız məqamlar Qərb üçün sadəcə korrektədir: “Azərbaycan fərqli bir mərhələyə qədəm qoymaqdadır.  Bu mərhələnin adına ”idarə olunan demokratiya" demək olar. Hakimiyyət ASAN xidmət kimi, daha bir neçə bu cür layihə tətbiq edə bilər... Məsələn, gələn ilə Elektron Məhkəmələr layihəsinin tətbiqinə başlanacaq. Azərbaycan məhkəmə sistemindəki durumu nəzərə alsaq, bu, inqilabi qərar olacaq. Bu gün Azərbaycan məhkəmələrində çəkiliş aparmaq mümkün deyil. Ancaq məhkəmə proseslərinin tam şəkildə lentə alınması, internetdə yayılması, məhkəmənin şəffaflığının bu şəkildə təmin olunması Elektron Məhkəmənin tələbidir. Dövlət başçısı İlham Əliyev buna artıq imza atıb, hökumətə layihənin icrası üçün gərəkli tədbirlərin görülməsi haqqında tapşırıq verib. Bir vaxtlar məhkəmələri onlarla QHT monitorinq eləyirdi, indi bu prosesi hakimiyyət özü həyata keçirəcək. Birdən-birə mənzərə tamamilə yeni xarakter alır. Bu cür layihələr Azərbaycanda gündəmi tamamilə dəyişə bilər. Hakimiyyət buna gedir və buna getməyə məcburdur. Hakimiyyət dərk edir ki, bu addımları atmağa məcburdur, bu proses qaçılmazdır. Ancaq istəmir ki, bu, basqı altında olsun. İlham Əliyev hakimiyyətdə və tarixdə        böyük reformator kimi qalmaq istəyir. O,  praqmatikdir və situasiya ilə hesablaşır".

Yekunda qeyd edək ki, oxucu və cəmiyyət üçün açmaq istədiyimiz mürəkkəb situasiyanı sadə cümlələrlə adi xəbər halına gətirməsi səbəbindən, biz mövzunun mahiyyətini  Mehman Əliyevin dili ilə açmağa daha çox üstünlük verdik. Görünən budur ki, ölkəmizi “yuxarıdan döyə-döyə modernizasiya” prinsipi ilə yeni mərhələyə daşıyan Azərbaycan iqtidarı yaxın gələcəkdə açılımlara gedəcək; sistemdaxili idarə olunan demokratiya modelinə, daha sonra isə, bacarsa, daha irəli sürəcə müraciət edəcək. Bunu bildiyi üçün yolunu “təmizləyir”... Bunu bildiyi üçün müxalifət də     “təmizlik” hədəfi olmaq istəmir; manevr edir, yayınır, gözləyir. Və həm də “sistemin” elementi olmaq üçün mübarizə aparır...

““Bizdəki məlumata görə, bu prosesdə ən önəmli rol gələcək ”xüsusi seçilmiş parlament"ə veriləcək. Yəni 2015-ci ildə seçiləcək parlament ölkənin taleyində “ASAN xidmət” qədər önəm daşıyacaq“


Bizdəki məlumata görə, bu prosesdə ən önəmli rol gələcək “xüsusi seçilmiş parlament”ə veriləcək. Yəni 2015-ci ildə seçiləcək parlament ölkənin taleyində “ASAN xidmət” qədər önəm daşıyacaq. 

Bəs bu saziş nə zaman imzalanacaq, “təmizlənmə” nə zaman açılıma keçəcək? 
Mehman Əliyev bu barədə deyir: “Hakimiyyət sürətli dəyişikliklərə hazır deyil. Çünki bunun arxasında ciddi məmurların müəyyən maraqları dayanır. Bu da prosesi müəyyən qədər yox, əhəmiyyətli dərəcədə ləngidir”.

O hesab edir ki, proseslərin buraya qədər ləngiməsinin səbəbi də budur. 
Lakin limit artıq dolub...

T.TURANÇI,
Aygün MURADXANLI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR