İqnor terrordur və mən terrorçuyam... (Əli Əkbərin köşəsi)
Dostum Günel Mövlud bir gün, ad çəkmədən, dedi: “Bir baş redaktor var, səndən yaman qorxur”. Siz olsanız gülməzsiniz? Soruşdum: “Niyə qorxur? Tanışıq onunla, ona nəsə etmişəm?” Dedi: “Nə sən onu, nə o səni şəxsən tanımırsınız. Sadəcə qorxur. Səndən baş aça bilmir deyə qorxur.”
Son cümlə artıqlaması ilə açıqlayıcıdır – “başa aça bilmir”. Bu, çox yaxşıdır. Bunu qazanmaq lazımdır. Qazanmaq da çətindir. Mən paxıl adam deyiləm, uğurun formulasını da paylaşmağa hazıram, amma bir az gerilərdən başlayacam. Mətləbdən uzaqlaşmıram, əlaqəli ekskurs olacaq.
Hikmət Hacızadə, həmişəki xırda “xuliqan” üslubunda bir söz sərf etdi, mövzu qıtlığı(!) yaşayan jurnalistlərin də əlinə girəvə düşdü, gedib cürbəcür mənalı-mənasız, dolu və boş, ağıllı və debil adamları danışdırıb, Hikmət Hacızadənin “səviyyəsiz” adlandırdığı adam və poeziyası haqda münasibət öyrəndilər, Hikməti yıxıb sürüdülər, neçə gün başlarını bununla girlədilər. İlk gündən, özlüyümdə reaksiyam belə oldu ki, Hikmət Hacızadənin heçmi qüruru yoxdur, o adamın adını tələffüz edir? 2000-lərin ilk yarısında bir qisim AYO-çu və “ekstrim”çilərin etdiyi və bağladığı söhbəti bir daha açır, dirildir. Söhbət nədi! Adamın özünü dirildir, ölünü xortladır, ona can üfləyir. Nə adla, nəyin naminə? Filankəs yaltaq olub, “suka” olub, adam satıb, şair güllələtdirib kimi söhbətlər köhnəlmədimi? Bəs mən elə bilirdim bunlar artıq dünənki gündür.
Hikmət Hacızadənin hərəkəti bəhanə oldu, yoxsa fiziki və mənəvi ölüləri zaman-zaman xortladanlar arasında dostlarım olmasaydı, bu yazı da alınmazdı. Yuxarıda adını çəkdiyim Günel Mövlud qismən, yazar dostum Seymur Baycan isə əsasən ölü diriltməklə məşğul olan həmkarlarımdır.
Seymur Baycanın illərdir minusovkası dəyişmir: “İsa Qəmbər filan adamın kitablarını sevir, başının üstündə tutur, onu dəyər sayır, ona görə də İsa Qəmbər pisdir.”
İsa Qəmbərin pis olması nəticəsinə varmaq üçün, Seymurun seçə biləcəyi ən zəif meyar, İsa Qəmbərin ədəbi seçimidir. Mən niyə özümü İsa Qəmbərə, ya da qeyrisinə sırımalıyam, ya da sən filankəsi oxuma, bəyənmə, feşmankəsi oxu və bəyən deməliyəm? Axı mənim, ya da başqasının filankəsdən yaxşı olub-olmadığına İsa Qəmbər özü qərar verməlidir, mən yox. Mənim qürurum var və bir yazar kimi özüm özümü başqası ilə necə müqayisə edə bilərəm?
Əlbəttə ki, Seymurun əks arqumenti mənə yaxşı tanışdır. Söhbət onun özünü kiminləsə müqayisə edib-etməməsindən getmir, Seymur bunu ictimai və ideoloji əsaslarla etdiyini deyir və özünə görə sağlam dəlillərlə İsa Qəmbərin ədəbi seçiminə görə qınanmalı olduğunu əsaslandırır. Lakin hara fırladırsan fırlat, sən bir yazar kimi ölü adamların, ölü təşkilatların adını çəkəndə, özünü onlarla müqayisə etmiş, üstünlüyü özünə tanımış olursan. İstər istəməz.
Mən də ona görə soruşuram – bəs qürur?
Şəxsən mənim üçün Azərbaycanda maraqlı olan, məna kəsb edən adamların sayı bəllidir – Seymur Baycan və Günel Mövludla dostluğum var, ədəbiyyatüstü münasibətimiz, səmimiyyətimiz var. Onların adını sevə-sevə çəkərəm. Birini güclü yazıçı, digərini güclü şairə hesab edirəm (üstəgəl publisistika və tərcüməçilikdə də ad-san qazanmış bir ədəbiyyat fədaisidir). Bir də şair kimi güclü nəfəsi olan, amma nəsri mənə maraqlı olmayan Həmid Herisçi var ki, 2000-lərin ortalarında yazıçı kimi formalaşmağımda xidmətləri danılmazdır, haqqını yeyə bilmərəm. Geridə qalan heç kəs mənə maraqlı deyil. Adı adımla yanaşı anıla bilməz, özümə sığışdırmaram. Seymurun və Günelin buna dair qənaəti başqadır və bir daha deyirəm, mənə bəllidir. Sayğı duyuram, amma razı deyiləm.
Baxın, sizə bir söz deyəcəm. Müsavat Partiyasının üzvüyəm və bu partiyada məndən zəhləsi gedən o qədər adam var ki, adam bu haqda oturub ciddi-ciddi düşünsə, faciəyə çevirsə qanı qaralar. Həmçinin bilə-bilə ki, “Yeni Müsavat” qəzetində mənə nifrət edən kalan adam var, mən bu qəzetdə yazmağa davam edirəm. İnsanların nifrəti, mənə olan pis münasibəti belə pis çıxmasın, öz yolumda və formda qalmağıma mane olmur. Mən yüz Euro-luq əskinas deyiləm ki, hamı məni sevsin, bəyənsin. Bu qədər dəymədüşər olmaq olmaz. Adam qürurlu olar, özünə sayğılı olar, lap belə təkəbbürlü olar.
Seymurun İsa Qəmbərin siyasətçi kimliyinə amansız tənqidləri ilə işim yoxdur: “2003-də hardaydın, nə iş görürdün, Elçibəy yolu nədir dəqiqə başı deyib durursan, nə bilim uğursuz siyasətçisən ki, iqtidara gələ bilməmisən” və s. Bir partiya liderinə deyilə biləcək sözlərdir. Amma onun ədəbi-bədii zövqünü sorğulamağı başa düşə bilmirəm. Seymur öz arqumentlərini mənimlə əlli min dəfə paylaşıb, amma hər dəfə də içimdə bir şübhə qalıb, tam qane ola bilməmişəm. Çünki qürurum imkan vermir ki, hansısa ölü adamın və ölü qurumun adını dilimə gətirim. İsa Qəmbər, demokratiya, azadlıq, mübarizə, dava, partiya kontekstində olsa belə.
İnsanları, xüsusən maraqlı və yaxşı insanları hansısa ölü adamın və onun başçılıq etdiyi ölü qurumun üzərindən vurmağın adını prinsip qoyub, onları küsdürməyin mənasını görmürəm. Hesab edirəm ki, İsa Qəmbər də belə maraqlı və yaxşı insanlardan biri kimi, ünsiyyətə və dostluğa layiq adamdır. Dost itirməyə nə var, gör dost qazana bilirsənmi?
Mən hələ də Seymura mənən və cismən ölü adamların və onların ölü təşkilatlarının adını çəkməyi yaraşdıra bilmirəm. Bununla barışa bilmirəm. Hər dəfə də mənə təklif olunanda, ya da sual ediləndə ki, “bəs sən nə əcəb ölü adam haqqında, onun qurum haqda yazmırsan” çaşıb qalıram. Bilmirəm nə deyim, necə deyim ki, düz başa düşülüm.
Ona görə ölü adam(lar) və ölü qurum(lar) haqqında yazmıram ki, mənə düşmən olmağa layiq, nifrətimə layiq, adını anmağıma layiq kim var sualına cavabım yoxdur. Çünki elə bir adam yoxdur. Necə ad çəkim, kimin adını çəkim? O adamın adını çəkərəm ki, hadisədir, bir məna kəsb edir. Tutaq ki, siyasətdən yazıramsa siyasi meydandakı oyunçuların adını çəkərəm – onları sevsəm də, sevməsəm də onlar var. Onlar bu ölkəni idarə edirlər, onlar bu ölkəni idarə edənlərə müxalifdirlər, ya da idarə edənlərə və müxalif olanlara müxalifdirlər. Bir kəsin adını çəkməkdən ötrü, onun mənim üçün mövcud olması ilk şərtimdir. Zaman var idi, AYO-nun jurnal və qəzet əlavələrində yazırdıq, məzələnirdik. Sonra vaxt gəldi öz əsərlərimizi yazdıq, tanındıq, pis-yaxşı oxunduq. İmkanım olsa, zaman maşını ilə geriyə dönə bilsəm bilmirəm, yenə də AYO-ya meyl edərdimmi? O ölü adamlar və onların ölü təşkilatı haqda bircə kəlmə yazardımmı?
Dərin, amansız iqnor və “hər şey dizimdən aşağıdır” modunda yaşamaq məsələsində özümə çatanı görmədim, eşitmədim. Axtarmıram da. Bilirəm ki, asan deyil. Təkəbbürümü sevirəm, çünki bu elə unikal bir təkəbbürdür ki, özünü göylərə qaldırmadan, eləcə başqalarını iqnora atmaqla məhdudlaşır. İqnor terrordur və bu mənada mən terrorçuyam. İnsan özünə dəyər verməli, sayğı duymalıdır. Ölmüşlər və canlı ölülər nə qədər mövzu edilər və yaşadılar? Məqsəd nədir, onların yox olmağı deyil? Sən özündə, ürəyində və dilində onları yox etməmisənsə, toplum üçün necə yox edəcəksən? Adama deməzlərmi: “Yoxdur, ölübdür dediyin adamların adını nə deyə gündə dilinə gətirirsən?”
Sənin əsərin varmı, sözün varmı, işin varmı? Bunların hamısı varsa, dava nəyin davasıdır? Öz sözünlə, öz əsərinlə dillərə düşə bilmisənsə, bundan böyük səadət ola bilərmi? Bu yolun alternativi yoxdur - sən fiziki və canlı ölüləri söydükcə, onlarla məzələndikcə bu söyüşlər və məzələr sənin əsərlərini, sənin öz sözünü, sənin öz yolunu kölgədə qoyacaq. Sənin əsərlərinə, yazdıqlarına reaksiya səni qane etmirsə, daha artıq yaz, üzərində çalış və canlı ölülərlə fiziki ölülər bir daha, bir daha, bir daha ölsünlər. Məqsədin bu deyilmi? Bacarırsansa buyur, meydan sənindir.
O iyvermiş yerin və ora toplaşmış çürümüş adamların adlarını nə qədər çəkmək olar? Hikmət Hacızadə 2000-lərin ilk yarısında edilən söhbətləri indi təkrar edir. Çox banaldır axı bu söhbətlər. “Filankəs səviyyəsizdir, adam satıb, həmkarını sürgün elətdirib...” Onların adı gələndə ətim ürpəşir, iyrənirəm, bəs Seymur, Hikmət, Günel bunların adlarını necə çəkirlər?
Mən adımı yazıçı qoymuşamsa, mənim üçün özümdən başqası yoxdur. Nəinki adını çəkməklə, heç onu və onları düşünməklə belə şərəfləndirə bilmərəm. Mənim yaradıcılığım kimə görəsə pis, kimə görəsə yaxşıdır. Mən özümdən razıyam və mövcud vəziyyət məni qane edir. Mənim minlərlə oxucum var, çalışıram daha çox olsun, öz üzərimdə işləyirəm, oxuyuram, yazıram, öyrənirəm. Prosesin özündən həzz alıram. Bilirəm ki, Seymur da alır, amma hərdən gərəksiz söhbətlər edir, ona layiq olmayan adamların adını anmaqla onlara nəfəs verir, dirildir, gündəmə oturdur. Seymurun xəbəri yoxdur ki, bu gün trend onun özüdür, ölü adamlar və onların ölü qurumu deyil. Seymur isə onlardan əl çəkmir, hələ onlara görə İsa Qəmbərlə də dava edir. Bunu anlamaq çətindir. Ola bilsin problem məndədir, başım işləmir, məntiq sarıdan sıxıntım var. Ola bilər. O zaman Seymur gərək bir daha cəhd etsin və məni inandırsın ki, ölülərin adını çəkmək nədən ötrü gərəkli və zəruridir.
Qayıdıram Günel Mövludun adını çəkmədiyi, məndən qorxan baş redaktora və onun timsalında məndən “qorxan” başqalarına. Güclü olmaq – həm də qətiyyətli iqnor bacarığıdır. Güclü olmaq qürurlu olmaqla mümkündür. Səninlə hesablaşsınlar, səndən çəkinsinlər, sirlərlə dolu olasan, həm də çox əlçatan və sadə. Özünü o qədər sevəsən ki, bu sevgi səni güclü etsin. Bu sevgi sənin dilinə layiq olmayanların adlarını anmaqdan səni saxlasın, qorusun. Onların adını dilinə gətirmək sənin üçün ölümə, məhvə bərabər olsun. Özünü o qədər ucalarda görəsən ki, aşağılarda sənə söz çatdırmaq istəyənlərin səsi eşidilməsin.
O qədər güclü olmalısan ki, heç bir söz, söyüş, təhqir sənə yapışmasın. Həmin o “qorxu”nu salasan ürəklərə. Bu qorxunun rasional açıqlaması yoxdur, eləcə qorxurlar, çəkinirlər, nöqtə! Sənə hansı tərəfdən yaxınlaşacaqlarını bilməsinlər. Əsərlərin var və sən varsan. Zəif damarın yoxdur, ya da bilinmir. Səni cırnatmaq, məhv etmək mümkün olmasın. Səni nə keçmişinlə, nə ailənlə, nə valideynlərinlə, nə hansısa hərəkətinlə vurmaq mümkün olmasın. Haqqında nə deyilsə lehinə çevrilsin və deyənin başında çatlasın.
Mən bunları əldə etmişəm deyə, istəyirəm dostlarım da əldə etsinlər.
Hikmət Hacızadə isə həvəsi varsa dünənin köhnəlmiş mövzuları və köhnəlmiş adamları ilə vaxt itirməyə davam eləsin. Özü bilər.






