İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlim qurşağı və qurşaqdan aşağı mövzular ajiotajı

3568 23.04.2021 08:20 Yazarlar A A

 

O adamın etdiyi böyük qəbahətdir. Bu, onun nə ağsaqqalığına, yaşına (76), nə ziyalılığına (yazıçıdır), nə ictimai-siyasi statusuna (sabiq deputatdır, siyasət adamıdır), nə alimliyinə (universitet müəllimidir), nə də məmurluğuna yaraşır.

Bu yaşda ağsaqqal belə iş görməz, həm də nəvəsi yaşda olan bir qıza qarşı.

Oxucularına, cəmiyyətə mənəviyyat və əxlaq dərsi keçən adam bu sayaq hərəkətlər etməməlidir.

Uzun illər legitim və ya qeyri-legitim olmasından asılı olmayaraq mandat daşımış adam xalqın qarşısına bu cür videolarla çıxmamalıdır.

Yaşlı və ailəli pedaqoq şagird və tələbələrinə övlad gözü ilə baxmalıdır.

Qulluq mövqeyindən sui-istifadə edərək, tabeliyində olan işçiyə qarşı o cür hərəkətlər etmək seksual qısnama sayılır və dünyanın hər yerində pislənir, hətta cinayət məsuliyyətinə səbəb olur.

Yəni hansı üzündən baxsan, o adamın hərəkətinə heç bir vəchlə haqq qazandırmaq mümkün deyil. Hətta yumşaldıcı elementlər tapmaq da çətindir.

Amma ta nə etmək olar, ox yaydan çıxıb, olan olub, keçən keçib. Bir rüsvayçılıq yaşanıb, Allah axırından saxlasın.

Bir də ortada görüntülü biabırçılığa məruz qalmış bir başqası – ağsaqqalın qəbahətli hərəkətinin qurbanı olan gənc qadın var.

Min dəfələrlə yayılan videolarda anonimlik gözlənilmir, xanımın üz cizgiləri mozaiklənmir və tanıyanlar onun kim olduğunu bilirlər.

Bunun özü də qəbahətlər zəncirinin bir həlqəsidir. Belə olmamalıydı. Biz o qadının üzünü görməməliydik.

Bura Şərq ölkəsidir, siyasi baxımdan Avropa ailəsinə daxil olsaq da, mentalca asiyalıyıq və burada insanların arasındakı intim münasibətlər bəlli bir çərçivədə tənzimlənir. Heç kəs əlini-qolunu sallayaraq, istədiyi kimi, dəyərlərə məhəl qoymadan seksual həyat yaşaya bilməz.

O qadının da kişi qohumları var, indi onlar təhqir olunmuş duruma düşüblər və onlar videoda görünənlərə fiziki xəsarət yetirə bilərlər və bir biabırçılığın üstünə daha biri əlavə olunar.

Fikir verirsinizsə, insanların intim həyatına aid videolar, şəkillər, xəbərlər bu ölkədə bir anın içində milyonların diqqətini cəlb edir, hamının dərhal o söhbətlərdən xəbəri olur və uzun-uzadı müzakirələr başlayır. Güman ki, bu, bir xeyli dərəcədə iqlim qurşağı ilə bağlı məsələdir. İsti-ilıq ölkələr eşq-məşq məsələlərində çox həssasdırlar.

O üzdəndir ki, dünyanın, eləcə də ölkəmizin heç bir problemi (bahalaşma xaric) intim həyata aid materiallar qədər müzakirə edilmir.

Biz bu görüntülərə dayanaraq sözügedən, üzü görünən adamların bütün şəcərəsini, siyasi mənsubiyyətini, ailə vəziyyətini, keçmişini, dostlar, qohumlar dairəsini, ailəsini müzakirə edirik. Müzakirə etməklə qalmır, hökmlər veririk, damğalar vururuq.

Avropa ölkələrində də belə rüsvayçılıqlar olur və onlarda da müzakirələr gedir, amma çox qısa müddətdə başa çatır, biabır olmuş adamlar vəzifəlidirlərsə, mütləq istefa verirlər, ailəlidirlərsə, iki variant var: ya videosu çıxanların həyat yoldaşları öz ərinə (arvadına) dəstək verir, ya da boşanmaq üçün məhkəmə müraciət edirlər. Beləcə, söhbət bitir.

Biz isə bu söhbəti uzun müddət ballandıra-ballandıra danışır, bitməsini istəmirik. Mövzu insanlara çox şirin gəlir və yüz minlərlə insan bu mövzuda gülər üzlə, çoxlu zarafatlar, lağlağılar edə-edə danışırlar.

Halbuki seksual qısnama məsələsi bəyənmədiyimiz feministlərin uzun illərdən bəri ciddi-ciddi, reputasiyalarını, hətta cismlərini zərbə altında qoyaraq həllini tələb etdikləri problemdir.

Keçənlərdə İtaliyanın Silvio Berluskoni ad-soyadlı bir baş naziri vardı, ahıl yaşına baxmayaraq, qocalıqda yorğalıq edirdi, adı seks qalmaqallarında çəkilirdi, üzünə duranlar vardı. Onun hökumət kabinetinin bir xeyli üzvü gənc və gözəl qadınlardan ibarət idi. Bundan başqa, adam öz şəxsi iqamətgahında tez-tez eyş-işrət məclisləri təşkil edirdi. Adı dillər əzbəri olmuşdu. İtaliya xalqı onu çox müzakirə edirdi, amma seçkilərdə adamın partiyasına iqtidarda olmağa bəs edəcək qədər səs verirdilər.

Bizdə fərqlidir, əlini dinc qoymayan vəzifəli (və ya vəzifəsiz şəxs) el içində rüsvay olur. Hətta keçmişlərdə seks videosu yayıldığına görə 10 ildir adam arasına çıxmayan, hamıdan gizlənənlər var. Ayıbına kor olmayan, yerin gələndə adamın gözünü dələnlər də az deyil.

Bu, elə məsələdir ki, ikili standartlara yol vermək olmaz. Eyni rüsvayçı materiallar müxalifət düşərgəsinə mənsub olan insan barədə yayılırsa, bunu uzun-uzadı müzakirə etmək olar, amma iqtidar düşərgəsinə aid olan biri barədədirsə, susmaq lazımdır. Ya da əksinə. Belə şey yoxdur. Ya iki halda da rüsvayçı olaya önəm vermək lazım deyil, ya da hər iki halda söhbətin başını buraxmaq lazımdır – haracan gedər, gedər.

Ən yaxşısı o olar ki, başımızın üstündəki təhlükələri, problem və qayğıları bu cür kütləviliklə müzakirə edək, qurşaqdan aşağı məsələlərə dair ajiotaj yaratmayaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR