“Özünü də, samuray nunçakusunu da polisə təhvil vermişəm”; BŞBPİ-dən açıqlama
Ümid Partiyasının sədri, eks deputat İqbal Ağazadəyə qarşı 45 gün fərqlə 2 təxribat törədilib. İqbal Ağazadə ona qarşı baş vermiş təxribatlar haqda “Yeni Müsavat”a açıqlamasında deyib ki, təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evinə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz sızmasını xəbərdar edən xətt sıradan çıxarılıb: “Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək olayın araşdırılmasını xahiş etdim. Ərizəmə videogörüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.
Noyabrın 26-da yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaətini yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu (nunçaku) var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə, susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə suallara heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm".
İqbal Ağazadə saxladığı şəxsi Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil verib: “Mənə məlum olan bəzi məsələlər var. Saxladığım şəxsin 30-32 yaşı var, məhz elektrotexnika sahəsində işləyən şəxsdir. Harada işlədiyi də mənə məlumdur. Mən o adamı tanımıram, o da məni tanımır. İşığımı öz xoşu ilə kəsməyib. Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq”.
İqbal Ağazadə hüquq-mühafizə orqanlarının rəhbərlərindən hadisənin professional araşdırılması üçün gərəkən tapşırıq verməsini xahiş edib: “Hazırda təhqiqat aparılır. Bu şəxs Vladislav Yuriyeviç Bistryakovdur. Aldığımız bilgilərə görə, bu şəxs əvvəllər məhkum edilməyib. Bu şəxslə bağlı məndə məlumatlar çoxdur. Hələlik dərinə getmirəm, bölüşmək niyyətində deyiləm. Bildiyim budur ki, Vladislav Yuriyeviçin konkret iş yeri yoxdur, fərdi sifarişləri yerinə yetirir - internet və texnologiyalar sahəsi üzrə”. İqbal bəy deyib ki, işığını kəsən şəxsi saxlayarkən aldığı xəsarətlər yüngül olub: “Əlindəki samuray nunçakusu ilə - idman çubuğu ilə əlimdən vurub. Elə də ciddi xəsarət almamışam. Özünü də, samuray nunçakusunu da polisə təhvil vermişəm”.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.
İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.
Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.
Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Musavat”






