Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin növbəti qalmaqallı məhkəməsi keçdi. Əvvəlki proseslərdə olduğu kimi yenə də, hüquq müdafiəçisinə dəstək olmaq üçün çoxlu sayda insan məhkəmədə iştirak edirdilər.
Proses vaxtından yarım saat gec başladı. İlk olaraq müdafiə tərəfinin vəkilləri bir sıra vəsatətlərlə çıxış etdilər.
Vəkil Fəxrəddin Mehdiyev təqsirləndirilən şəxsin zaminə buraxılması ilə bağlı vəsatət qaldırdı: “Əvvəlki proseslərdə İ.Əliyevin qanunsuz həbsdə saxlanılmasını bildirmişik. Arqumentlər də gətirmişik. Hesab edirik ki, onun barəsindəki həbs qətimkan tədbiri ləğv edilmədir. O, tanınmış ictimai-siyasi xadimdir. Dünyanın bir sıra nüfuzlu hüquq müdafiə təşkilatlarının üzvüdür. Zaminə buraxılarsa, öhdəliklərə əməl edəcəyinə inanırıq. Ölkəmizin tanınmış simaları Hacı İlqar İbrahimoğlu, Gültəkin Hacıbəyli, Şahvələd Çobanoğlu, Yalçın İmanov, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Arzu Abdullayeva və Qurban Məmmədov İ.Əliyevin zaminə buraxılması barədə sənəd imzalayıblar. Biz də məhkəmədən onun barəsində bu qərarın verilməsini xahiş edirik”.
Prokuror vəsatətin təmin olunmasına əsas görmədiyini söylədi.
Hakimlərin yerində keçirdikləri kiçik müşavirədən sonra vəsatət təmin edilmədi.
Müdafiə tərəfinin digər vəkili Şəhla Hümbətova istintaqın götürdüyü sənədlərin geri qaytarılması ilə bağlı vəsatətlə çıxış etdi: “İ.Əliyev həbs edilərkən, ofisində axtarış aparılıb. Sənədlər topa şəklində götürülüb. Bir qismi istintaq işinə əlavə olunub, digərlərindən isə, xəbər yoxdur. Bütün bunlar müdafiə istiqamətində görəcəyimiz işlərə ciddi mane olur. Faktiki olaraq, müdafiəsiz qalmışıq. Prokurorluğa müraciət etmişik. Yenə də qaytarılmır.
Heç bir əsas gətirilmir. Bizə qaytarılan sənədlərin cinayət işi ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Vəkil Elçin Sadıqov qrant və qeydiyyatdan keçən müqavilə sənədlərinin qəsdən qaytarılmadığını qeyd etdi.
İntiqam Əliyev vəsatətlə bağlı bunları dedi: “Yanaşmanız mənə qəribə gəlir. Qanunsuzluqlar qalıb kənarda, vəsatətin qanunu olub-olmamasından danışırsınız. İstintaq orqanı sənədləri müsadirə edib”.
|
İntiqam Əliyev: “Həbsimin arxasında Avropa Məhkəməsinə göndərdiyim şikayətlər durur” |
Təqsirləndirilən şəxsin çıxışının bu yerində hakimin rişxəndlə gülməsi onun etirazına səbəb oldu: “Möhtərəm hakim, nəyə gülürsünüz? Özünüz yaxşı bilirsiniz ki, bu məhkəmə deyil, məzhəkədir. Gülməyə ixtiyarınız yoxdur. Burada gülməli söz danışmıram. Sənədlərlə bağlı dəfələrlə vəsatət vermişik. Artıq istintaq başa çatıb. Sənədləri saxlamağa heç bir ehtiyac və ixtiyar yoxdur. Anar Məmmədli də istintaq bitən kimi, bütün sənədlər qaytarıldı. İş materiallarına 101 sənəd əlavə olunub. Bizə lazım olanlar isə, bilərəkdən verilmir.
Gülşən Orucova ifadəsində insanları pulsuz müdafiə etməyimlə bağlı xəbərlərin yalan olduğunu bildirmişdi. Sənədlər qaytarılsa, sübut olunar. Hazırda Avropa Məhkəməsinə göndərdiyim işlərin çoxu kommunikasiya mərhələsindədir. Nüfuzlu şəxslərin işləri var.
İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Həsən Kərimov və digərləri, eləcə də, 2 aprel məhbusları, seçki ilə bağlı işlərdir. Həbsimin səbəbi məlumdur. Həbsimin arxasında Avropa Məhkəməsinə göndərdiyim şikayətlər durur. Avropa Məhkəməsinin bəyanatı var. Vacib sənədlərin qaytarılması ilə bağlı. Zakir Qaralovla görüşləri zamanı bunu bildiriblər. Amma yenə qaytarılmır. İstintaq orqanı top-tüfənglə silahlanıb. Mən isə, qandallı vəziyyətdəyəm. Heç olmasa, qandalı açın, sənədləri qaytarın”.
Ş.Hümbətova Ədliyyə Nazirliyinin Reyestr Xidmətinin kitabının alınması və Unibankda Əfsanə Orucovanın adına olan hesabdan çıxarılan məbləğlə bağlı çıxarışların əldə edilməsi vəsatətini verdi: “Reyestr Xidmətində qeydiyyatdan keçən layihə və ödəniş müqavilələri var. Xidmətin kitabının məhkəməyə təqdim olunmasını xahiş edirik. Bundan əlavə, Əfsanə Orucovanın adına olan hesabdan çıxarılan pullarla bağlı bankdan sənəd tələb edirik. Bəlkə heç ortada olan pul yoxdur”.
İ.Əliyev vəsatətlərə münasibət bildirdi: “Mənə vergi ödəmədiyimi deyirlər. Hətta miqdarı 65 minə qaldırıblar. 12 il iş vermək üçün. Qeydiyyatla bağlı bildirişlər var. Reyestr Xidmətinin qeydiyyat kitabı alınsın. Onda sübut olunacaq”.
Dövlət ittihamçısı hər iki vəsatətin baxılma zamanının təxirə salınmasını istədi.
Məhkəmə heyəti vəsatətlərin heç birini təmin etmədi.
Proses zərərçəkmiş Əfsanə Orucovanın ifadələri ilə davam etdi: “Bacım Gülşən Orucova İ. Əliyevin təklifi əsasında ofisdə işləməyimi bildirdi. Mən də razılaşdım. Staj yazılacaqdı. Cədvəllərə imza atırdım. Başqa işlər görürdüm. Ofisin telefonlarına cavab verirdim. 143 manat maaş alırdım. Müntəzəm işə gəlmirdim. Sonralar bacım mənə dedi ki, İntiqam müəllim istəyir sənin adına bank hesabı açılsın. Razılaşdım. İşlədiyim müddətdə əməkhaqqı almamışam. Sənədlərə atılan imzalar mənə məxsus deyil. Bacım mənə deyəndə bankdan pul çıxarırdım. Gətirib ona verirdim. O da İ.Əliyevə çatdırırdı”.
|
Gülşən Orucova: “Hamınız ermənisiniz. Arvad, bacılarınızı tanımırsınız. Ata-ananız bəlli deyil” |
Zərərçəkmişin ifadəsindən sonra suallar verildi.
Dövlət ittihamçısının Ə.Orucovaya verdiyi “Media Hüquqları İnstitutundan hesabınıza pul köçürülübmü?” sualına zərərçəkmişin nümayəndəsi Nemət Heydərov müdaxilə edərək, sualın çıxarılmasını tələb etdi. Hakim onun tələbinə əməl etdi. Bu prokuror və müdafiə tərəfinin etirazına səbəb oldu.
İ.Əliyev etirazını belə ifadə etdi: “Möhtəşəm oyun oynadınız. Əhsən sizə”.
Müdafiə tərəfinin sualları qarşısında Əfsanə Orucova aciz durumda qalırdı. Hakim əksər sualları heç bir əsas olmadan çıxarırdı.
Vəkil E.Sadıqovun “istintaqda mənəvi zərər çəkdiyinizi demisiniz. Nəyi nəzərdə tutursunuz?” sualına zərərçəkmiş cavab verə bilmədi.
Müdafiə tərəfinin vəkili F.Mehdiyevin “İ.Əliyev həbs olunmasa, şikayət verəcəkdiniz? “, - sualının çıxarılması zalda hiddətlə qarşılandı.
E.Sadıqov növbəti sualını verdi: “İstintaqda tərcüməçi kimi adınızın yazıldığı qeyd olunub. Amma burdakı ifadənizdə qeyd etmədiniz. Ziddiyyəti necə əsaslandırarsız?” Ə.Orucova bu suala susmaqla cavab verdi. Vəkilin “bankda başqa hesabınız var idi?” sualına hakim açıq şəkildə müdaxilə etdi.
Əfsanə Orucovanın çətin duruma düşdüyünü görən bacısı Gülşən Orucova və ittiham tərəfinin nümayəndəsi Nemət Heydərov prosesi pozmağa başladı. G.Orucova tez-tez yerindən müdaxilə edirdi. Buna etiraz edən müdafiə tərəfinin vəkillərinə ağır sözlər deməkdən çəkinmirdi: “Kəsin səsinizi. Əcəb edirəm. Səsiniz beynimə düşür”.
Hakim Rasim Sadıqov müdafiə tərəfini susdurmağa cəhd edirdi. İ.Əliyev buna etirazını bildirdi: “Siz hakimsiniz yoxsa ittiham tərəfinin vəkili? Burada müdafiə və ittiham tərəf dartışır. Bu normal haldır. Siz buna şərait yaratmalısınız. Qanundan xəbəriniz olsa. Biz sizə sədr kimi etiraz edirik”.
R.Sadıqov hər bir etirazın protokola yazılmasını deməklə, pozuntuların üzərindən keçir, zərərçəkmişi çətin durumdan çıxarmağa çalışırdı.
Məhkəmədə yaşanan rəzalət bundan sonra başladı. Gülşən Orucovanın hakimdən söz istəməsi müdafiə tərəfinin narazılığına səbəb oldu. Onlar bu addımı yönləndirmə kimi qəbul etdiklərini bildirdilər. Lakin hakim G.Orucovaya söz verdi. O, üzünü hakimlərə yox, zalda əyləşən jurnalistlərə çevirdi və inanılmaz təhqirlər səsləndirməyə başladı: “Hamınız ermənisiniz. Onlara işləyən şərəfsizlər. Arvad, bacılarınızı tanımırsınız. Ata-ananız bəlli deyil”.
Bu sözlər zaldakıların hiddətinə səbəb oldu. İntiqam Əliyev bunun provokasiya olduğunu və hər kəsi sakit olmağa çağırdı. Zalda qismən sakitlik yarandı. Lakin G.Orucova daha ağır təhqirlər səsləndirdi. Bundan sonra zalda qarşıdurma baş verdi. Yerindən duran media nümayəndələri etiraz səslərini ucaltdılar. Zərərçəkmiş və ittiham tərəfinin nümayəndəsi Nemət Heydərov təhqirlərini davam etdirdilər. Hətta N.Heydərov jurnalistlərin üzərinə gələrək, var-yox söyüşü işlətdi. Polislər müdaxilə etdilər.
Hakim məcburiyyət qarşısında qalıb prosesi yarımçıq dayandırdı. Növbəti məhkəmə martın 17-də saat 11:00-da olacaq.
Prosesdən sonra xarici təşkilatların nümayəndələri mətbuata açıqlama verdilər.
İnsan Hüquqları Naminə Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsi gördüklərindən dəhşətə gəldiyini bildirdi: “Könüllü olaraq məhkəmədə iştirak edirdim. Davanın düşməsinə səbəb müdafiə tərəfinin istədiyi sübutları əldə edə bilməməsi idi. Alınan yüzlərlə sənəd geri qaytarılmır. Hakim belə bunun səbəbini izah edə bilmədi. Hakimin münasibəti qarşı tərəfi açıq şəkildə müdafiə etdiyini göstərirdi. Jurnalistlər təhqir olundu. Ermənilərə işləməkdə suçlandılar. “Ata-ananız bəlli deyil” kimi sözlər işləndi. Bu sözlərlə təhqir olunanların məhkəməyə müraciət etmələrini məsləhət görərdim”.
İntiqam Əliyevin həyat yoldaşı yaşananların ona ağır təsir edəcəyini qeyd etdi: “Hamı ona görə zalda əyləşmişdi. Əgər oturanlar təhqir olundusa, demək ona ağır təsir edəcək. Zərərçəkmiş və nümayəndəsi açıq şəkildə təhqirlər işlətdi. İntiqam Əliyev çox sarsılacaq. İstəməzdi belə şey olsun”.
Vəkil Cavad Cavadov sualları belə cavablandırdı: “Özünüz gördünüz. Bunu məhkəmə adlandırmaq olmaz. Hakimin prosesi kəsməsi çox şeyi deyirdi. Məhkəmə kifayət qədər gərgin keçir. Bu da ittihamın qondarma olması ilə əlaqədardır. Yerli məhkəmələrdən heç bir gözləntimiz yoxdur. Təhqir xoşagəlməz bir haldır. Məhkəmə buna mütləq reaksiya verməlidir”.
Cavanşir ABBASLI
Fotolar müəllifindir