İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnsanlar Novruzda Ukraynadakı sanatoriyalara getmək istəyirdi, amma...”

388 17.03.2022 08:20 Gündəm A A

Turizm şirkətləri bayram tətilində gediləcək ölkələrin adını açıqladı

 

Qarşıdan Novruz bayramı gəlir. Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq. Kimisi 9 günlük bayram istirahətini xarici ölkələrdə, kimisi də müxtəlif rayonlarda keçirməyə çalışır. Yerli turizm şirkətləri Novruz bayramı günlərində dincəlmək üçün ölkə daxilinə və ölkə xaricinə turlar təklif edirlər. Bəs görəsən, əhali Novruz tətilində hansı ölkəyə getməyə üstünlük verir?

Bir neçə turizm şirkəti ilə əlaqə saxlayıb mövcud durumu öyrəndik.

“Avantage Tourism” şirkətinin satış təmsilçisi Nəsirova Pərvanə “Yeni Müsavat”a bunları dedi: “Hazırda Bakıdan Şarm El Şeyxə yeni istiqamət açılıb. Yerlər tez bir zamanda dolub, Novruz tətilində ən çox gedilən yer sayılır, bir boş yer belə qalmayıb. Dubay turları da çoxalıb, hətta Dubay turu üçün əlavə təyyarə reysləri də açılıb. Dubaya uçmaq üçün təyyarələrdə yer yoxdur. İstanbula da yeni reyslər açıldı, artıq bilet qalmayıb. Dediyim kimi, əsas istiqamətlər Misir, Dubay, Türkiyədir”. 

Pərvanə Nəsirova “Rusiya-Ukrayna müharibəsi şirkətin işində problem yaradıbmı” sualına belə cavab verib: “Moskvaya qarşı sanksiyalar çox olduğundan və öz təyyarələri az olduğundan Moskva reysləri ləğv olundu. Digər turlarsa ləğv olunmayıb, hər şey qaydasındadır. Amma Ukraynada sanatoriyalar var ki, məsələn, yayda müştərilər Lvova gedəcəkdilər, böyük ehtimalla həmin reyslər ləğv olunacaq. Orada gözəl sanatoriyalar var idi, insanlar məhz ora getmək istəyirdilər, bu baxımdan çətin olacaq”.

“Come Travel”in da nümayəndəsi qəzetimizə mövzu ilə bağlı açıqlama verdi: “Novruzda əsasən Türkiyəyə-İstanbula, Gürcüstüna müraciət edənlər çoxdur. Amma ümumilikdə ötən illə müqayisə etsək, Ukrayna müharibəsinə görə müraciətlərin sayı azalıb”.

“Delta Group” şirkətinin əlaqələndiricisi isə bizimlə söhbətdə bildirdi ki, son dövrlər müştərilər əsasən Rusiyaya və Türkiyəyə getmək üçün müraciət ediblər: “Hazırda müraciət edənlərin 90 faizi Türkiyəyə səyahət etmək istəyənlərdir. Rusiyaya bron edilən yerlər isə məlum səbəblərdən ləğv edildi”.

Kənan Quluzadə: “Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək”

Kənan Quluzadə: “Ən populyar istiqamətlər Yaxın Şərq, Türkiyə, Gürcüstandır”

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verdi: “Son dövrlərdə ən populyar istiqamətlər Yaxın Şərq, Türkiyə, Gürcüstandır. Əlbəttə, bu rəqəmlər pandemiya dövründəki rəqəmlərdən çox fərqlidir. Necə ki, Azərbaycana gələn turistlərin sayında azalma var. O cümlədən Azərbaycandan gedən turistlərin sayında da azalma var. Bu istiqamətlər Azərbaycan turistləri üçün ənənəvi istiqamətlərdir. Bundan əlavə, populyar istiqamətlər MDB ölkələri və İran istiqaməti idi. Sərhədlərin bağlanması ilə bağlı müəyyən dəyişikliklər olub. İndi məlumdur ki, MDB ölkələrində müəyyən uçuşlar dayandırılıb. Fərqli siyasi situasiya var deyə, o istiqamətlərdə demək olar ki, müraciətlərin sayında azalma var”.

Onu da qeyd edək ki, iki il pandemiya dövründə ən çox zərərçəkən sahə turizm sektoru oldu. O səbəbdən ölkələr bu sektoru dirçəltmək üçün pandemiya şərtlərini yumşaldır, bütün maneələri aradan qaldırırlar. Yeri gəlmişkən, turoperatorlar turistlərdən COVİD sertifikatı və test nəticələri tələb etməyən ölkələrin adını da açıqlayıb.  Monteneqro hakimiyyəti martın 11-dən 25-dək anti-COVİD qaydalarının yumşaldığını elan edib. Ölkəyə gələnlərin artıq peyvənd sübutunu göstərməsinə ehtiyac yoxdur.

Avstriya isə  məcburi peyvənd tələbini ləğv edib. Bolqarıstanda martın 10-dan ictimai yerləri ziyarət etmək üçün COVİD sertifikatından istifadə ləğv edilib. Almaniyada martın 19-dan etibarən əksər anti-COVİD tədbirlərinin ləğvi elan edilib.

Yeni Zelandiya dövlət karantin mərkəzlərini və müşahidə hotellərini bağlayır. İyunun sonuna kimi 32 təcridxanadan 28-i adi mehmanxana kimi təkrar istifadəyə veriləcək. İslandiya daha əvvəl, fevralın 25-dən səyahət edənlər üçün bütün COVİD tələblərini ləğv edib. Martın 6-dan səyahətçilərdən İrlandiyaya daxil olarkən peyvənd, sağlamlıq və ya PCR testi sertifikatını təqdim etmələri tələb olunmur.

Martın 7-dən etibarən Macarıstana daxil olmaq üçün peyvənd sertifikatları və test nəticələri tələb olunmur. Restoranlarda və digər ictimai yerlərdə də həmçinin.

Tayland iyul ayına qədər koronavirusu endemik elan etməyi planlaşdırır. Bu, ölkəyə giriş tələbləri də daxil olmaqla, yüngülləşdirici tədbirlərə səbəb olacaq. Oxşar mövqe Vyetnamda da var idi. Yaxın iki həftə ərzində yerli Səhiyyə Nazirliyi tərəfindən pandemiyadan endemik vəziyyətə keçid üçün yol xəritəsi hazırlanacaq. Agentlik artıq PCR testinin nəticəsi və doldurulmuş sağlamlıq bəyannaməsi ilə məhdudlaşaraq, ölkəyə giriş üçün peyvənd pasportlarının ləğvini təklif edib. Beləliklə, Vyetnam peyvənd olunmamış turistlərə açılacaq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR