“İnsan və qadın olaraq xahiş edirəm, məni rahat burax…” - Gülər Əhmədovadan Xədicə İsmayıla zəhər kimi sözlər
Sabiq deputat Gülər Əhmədova müstəqil jurnalist Xədicə İsmayıl haqqında sosial şəbəkədə status yazıb. Buna səbəb xanım jurnalistin səhifəsində onun barəsində yer alan hansısa tənqidlər olub.
Musavat.com xəbər verir ki, Gülər Əhmədova Xədicə İsmayıla müraciətlə aşağıdakıları yazıb: “Xədicə İsmayıl, səndən artıq dərəcədə xahiş edirəm. Durub dururkən mənə sataşma. Hər ikimiz çətin günlər yaşadıq. Hər ikimiz qadınıq. Mənim səninlə bölünəsi heç bir şeyim yoxdur. Barəndə bir kəlmə də danışmadım və ya yazmadım. Mənim səhhətim səninlə söz güləşdirməyə, səhifəndə məni söydürtdüyünlərə cavab verməyə imkan vermir. Ateist olduğun üçün Allaha da and verə bilmirəm ki, deyəm ki, “Allaha xatir, əl çək!” İnsan və qadın olaraq xahiş edirəm, məni rahat burax. Əgər sosial şəbəkə və mətbuatı monopoliyan hesab edirsənsə, onu da de, işimizi bilək”.
Musavat.com bildirir ki, Gülər Əhmədovanın bu statusuna səbəb onun Ərdoğanın xeyrinə yazdığı fikirlərin saytlardan birində yayımlanmasından sonra, Xədicə İsmayılın onu özünün Facebook səhifəsində xüsusi və yönəldici təqdimatla paylaşmasıdır. Məhz X. İsmayılın səhifəsində G. Əhmədova ciddi şəkildə təhqirlərə və alçaldıcı ifadələrə məruz qalıb.
Gülər Əhmədovanın yuxarıdakı etiraz statusuna Xədicə İsmayıl, hələlik, heç bir cavab verməyib.
Musavat.com






