İnsan haqlarını pozanların ABŞ-a daxil olmasına qadağa gündəmə gəldi
ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvləri Ben Kardin (demokrat) və Con Makkeyn respublikaçı qlobal insan haqları cavabdehliyi barədə qanun layihəsi təklif ediblər. “Azadlıq” radiosu xəbər verir ki, qanun layihəsi dünyanın hər hansı yerində insan haqlarını pozanların Birləşmiş Ştatlara daxil olmasına və Amerikanın maliyyə təsisatlarından istifadə etməsinə qadağanı nəzərdə tutur.
Ben Kardin qanun layihəsini belə təqdim edib: “Birləşmiş Ştatlar dünyanın harasında baş verməsindən asılı olmayaraq korrupsiyaya və insan haqları pozuntularına qarşı mübarizədə liderliyi qoruyub saxlamalıdır. Yeni qanun ABŞ-ın maliyyə təsisatlarını çirkli pulları yuyaraq qazanmaq istəyənlərdən qoruyacaq. Bu, Zimbabvedən Ukraynaya, Hondurasdan Papua – Yeni Qvineyayadək insan haqlarını kobud şəkildə pozanlara, öz ölkələrində hərəkətlərinə görə hesabat verməyənlərə xəbərdarlıq olacaq ki, məsuliyyətdən qaça bilməyəcəklər”.






