Qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1982-ci il təvəllüdlü Gülnar Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən G.Mirzəyevaya şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Gülnar Mirzəyeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Bir neçə qadın idarəyə müraciət edərək G.Mirzəyevanın onları aldadaraq, işləmək adı ilə Türkiyənin İstanbul şəhərinə apardığını, ümumvətəndaş pasportlarını əllərindən alaraq, otellərdə pul qarşılığında kişlərlə görüşdürdüyünü deyiblər.
Araşdırmalardan sonra G.Mirzəyeva həbs edilərək ona qarşı Cinayət Məcəlləsinin 144-2.1-ci (insan alveri; hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
İ.Muradov
Musavat.com






