Sülh və Demokratiya İnstitutunun sədr müavini, konfliktoloq Arif Yunus şübhə etmir ki, ərəb ölkələrindəki xalq inqilabları lokal xarakter daşımayacaq, getdikcə dünyanın müxtəlif nöqtələrində ciddi proseslərin başlamasında stimul rolunu oynayacaq:
- Baş verən proseslər bəzi hallarda 1988-89-cu illərdə sosialist sistemi ilə bağlı gedən hərəkata bənzəyir. Fikir verirsinizsə, eyni proseslər bütün ərəb dünyasını əhatə etmir. Bu hadisələr yalnız o ölkələrdə baş verir ki, orda dövlət və dinlə münasibətlər korlanıb və avtoritar rejimlər var. Düzdür, ərəb dünyasında demokratik ölkə də yoxdur. Amma harda ki, vaxtilə ərəb sosializmi ilə bağlı proseslər gedib, hakimiyyətdə formal olaraq dünyəvi rəhbərlərdir, özlərini qərbyönümlü adlandırdılar. Yəni formal olaraq özlərini müsəlman adlandırsalar da, hər şey edirdilər ki, İslam cəmiyyətdə heç bir rol oynamasın. Bu, Əlcəzairdə də, Tunisdə də belə idi. Hətta Misir Konstitusiyasında sosializmlə bağlı bəndlər var idi, təzə-təzə yığışdırıblar. Yəni bu proseslər ilk növbədə həmin ölkələrdə gedir. 80-ci illərin sonunda Avropada gedən proseslər bu gün ərəb dünyasında yaşanır. O zaman SSRİ var idi və Qərblə münaqişə gedirdi. Bu gün isə münaqişə Qərblə İslam dünyası arasında gedir. İslam dünyasında meydana yeni nəsil çıxıb. Bu, bir tərəfdən yeni texnologiya ilə bağlıdır. Vaxtilə hansısa ölkədə gedən proses digər ölkələrə aid olmurdu. Bu günsə Tunis və ya Misirdə yaşananlara Azərbaycanda böyük maraq var. Yeni texnologiya insanların şüuruna təsir edir. Digər tərəfdən, son illər İslam dünyasında antiqərb meyllər güclənib. Bu, bir tərəfdən onunla bağlıdır ki, İslama qayıdış başlanıb. Digər tərəfdən, İslam dünyasında həmişə belə fikir var ki, Allah bizimkidir, əgər hər şey bizim əlimizdədirsə, niyə İslam dünyası zəifdir, Qərb ölkələri, ABŞ fironluq edir? İnqilabların baş verməsindən danışarkən korrupsiya və digər məsələlərdən də danışmaq olar. Ancaq başa düşməliyik ki, hər ölkədə korrupsiya var. Eyni vəziyyət Azərbaycandadır. Formal olaraq hakimiyyətdəkilər bəyan edirlər ki, müsəlmanıq. Amma açıq-aşkar İslama qarşı təzyiqlər edilir. Ərəb ölkələrində də avtoritar rejimlər var, burda da. Yəni bizim də vaxtımız gələcək. Ərəb dünyasında baş verən proseslər mənimçün təbii xarakter daşıyır.
- Baş verənlərə münasibət birmənalı deyil. Politoloq Vəfa Quluzadə deyir ki, ABŞ Yaxın Şərqdəki 60 illik siyasətinin yanlış olduğunu dərk edib və regionda demokratik proseslərə rəvac verib. Bu fikirlə razılaşırsınızmı?
- Birmənalı yanaşmıram. Çünki Tunisdə baş verənlər həm Amerika, həm Avropa ölkələri, ilk növbədə isə Fransa üçün gözlənilməz idi. Qərb ölkələri bu proseslərdən özlərini itirib. Eləcə də Misirdə baş verənlərlə bağlı Qərb əvvəlcə nə edəcəyini bilmirdi. Çünki Mübarək rejimi ilə yaxın idilər. Fakt budur ki, Qərb ölkələrində islamofobiya, İslam qorxusu var. Hətta Azərbaycanda Qərb diplomatları bizimlə görüşəndə deyirdilər ki, Misir sizin üçün nümunədir. Səbəbini soruşanda deyirdilər ki, həm sizə, həm digər ölkələrə keçid dövrü lazımdır, birdən-birə heç nə olmur. Amerikalılar İslam dünyasında belə bir təbliğat aparırdılar ki, demokratiyaya keçid dövrü lazımdır və keçid dövründə avtoritar rejimlər olmalıdır. Son hadisələr göstərir ki, bu siyasət iflasa uğrayıb. Amma mən o fikirlə razı deyiləm ki, guya bütün bu proseslərin arxasında ABŞ, yaxud Qərb ölkələri dayanıb. Sadəcə onlar anlayırlar ki, əgər bu proseslərdən kənarda dayansalar, neytral mövqe sərgiləsələr, onda vəziyyət başqa cür olacaq. Baş verənlər onları məcbur edir ki, ya proseslərdə iştirak etsinlər, ya da təzyiq göstərsinlər. Bu mənada Misirdə Amerika və Avropa Birliyinin bəzi ölkələri aktiv rol oynadılar. Onlar qorxurlar ki, orda hadisələr nəzarət altında olmasa, sabah Allah bilir hansı qüvvələr hakimiyyətə gələcək.
- Deməli, ABŞ bu səbəbdən prezident Mübarəkin hakimiyyətdə qalmasında maraqlıdır?
- Yox, Amerika onun prezidentlikdə qalmasında maraqlı deyil. Onlar anlayırlar ki, Mübarək gedəcək. Amerikalılar çox praqmatik insanlardır. Onlar müttəfiqi mövqeyi və nüfuzu zəifləyənədək müdafiə edirlər. Güclü müttəfiq zəifləyəndə isə proseslərə müdaxilə edib onu Amerikaya yaxın fiqurla dəyişirlər. Eləcə də Misirdə, Amerika başa düşür ki, Mübarək hakimiyyəti dəyişsə, onun nüfuzuna ciddi zərbə dəyəcək. Ona görə də istəyirlər ki, heç olmasa hakimiyyətin dəyişməsi prosesində keçid dövrü olsun, köhnə sistemlə yeni sistem arasında boşluq yaranmasın. Çünki yarana biləcək boşluğu islamçı qüvvələr doldura bilər. Ancaq bu, o demək deyil ki, Amerika Mübarəki dəstəkləyir. Sadəcə, ABŞ istəyir ki, Mübarəki elə adam əvəzləsin ki, ölkədə prosesləri nəzarət altında saxlaya bilsin və radikal qüvvələr hakimiyyətə gəlməsinlər.
- Analoji hadisələrin qonşu İranda da təkrarlana biləcəyi ehtimalı nə dərəcədə realdır?
- Mən bu gün eyni hadisələrin İranda baş verəcəyini gözləmirəm. Bu, sonra olacaq. İş ondadır ki, İran vətəndaşlarının şüuru bizim şüurumuzdan bir az fərqlənir. Bizdə millətçilik böyük rol oynayır. İranda isə hətta bizim soydaşlarımız küçələrə çıxsalar belə, daha çox hesab edirlər ki, İran onların dövlətidir. Digər tərəfdən, nə vaxt ki, İrana Qərb tərəfindən təzyiq edilir, yaxud Amerikanın müharibəyə başlayacağı xəbəri yayılır, onda istər-istəməz İran cəmiyyəti birləşir. Yəni Əhmədinejadı qəbul etməyənlər də bir araya gəlir. Bu səbəbdən bir çoxları deyir ki, Qərb tərəfdən təzyiqlər olmasa, İran xalqı özü Əhmədinejadla məsələni həll edə bilər. Bu mənada hesab etmirəm ki, yaxın vaxtlarda İranda siz deyən variant olsun. Amma başa düşməliyik ki, ərəb dünyasında yaşananlar bir prosesin əvvəlidir. Ola bilsin ki, bu proses bir-iki ayla qurtarmasın, ondan sonra da getsin. Bu isə o deməkdir ki, İslam dünyasında yeni bir zaman başlanır. Ərəb dünyasında baş verənlər mütləq İranda da baş verəcək. Ancaq nə vaxt, mən bilmirəm. İranda da internet, mobil texnologiya yayılmaqdadır.
- Necə bilirsiniz, Azərbaycan hakimiyyəti nədən narahatdır? Son vaxtlar baş verənlər maraqla izlənilir, məmurlar özünütənqidə keçiblər, vətəndaşa qayğı ilə yanaşmağın zəruriliyi barədə tapşırıqlar verirlər. Bu, hansısa qrant layihəsidir, yoxsa ərəb dünyasında baş verənlərin təsiridir?
- Mən son vaxtlar beynəlxalq təşkilatlardan birinin eksperti kimi Orta Asiyada gedən prosesləri də yaxından izləyirəm. Azərbaycanda nə baş verirsə, eyni proseslər Orta Asiya respublikalarında gedir. Ərəb dünyasında cərəyan edən hadisələr birbaşa da olmasa, dolayısı ilə bu ölkələrə təsir etdi. Fikir verin, nə Orta Asiyada, nə də Azərbaycanda nümayişlər yoxdur. Amma xalqın ürəyində bir inam yaranıb ki, bizdə də bu olmalıdır. Fakt budur ki, həm Orta Asiyada, həm də Azərbaycanda avtoritar rejimlərdir. Orta Asiya ölkələrinin hakimiyyətləri də qorxuya düşüb, Azərbaycan iqtidarı da. Çox maraqlıdır, həm Orta Asiyada, həm də Azərbaycanda göstəriş veriblər ki, xalqa daha diqqətlə yanaşın, korrupsiya ilə bağlı tədbirlərə başlanılıb. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan iqtidarının şəxsi təşəbbüsü deyil. Bu, qorxu hissinin nəticəsidir. Düzdür, Azərbaycandakı kimi Orta Asiyada da rəsmilər deyirlər ki, vəziyyət stabildir, hər şey nəzarət altındadır, bizdə Misir variantı keçə bilməz. Ancaq bununla yanaşı, siz dediyiniz tədbirləri görürlər. Bu isə onu göstərir ki, məmurların ürəyində inqilab qorxusu var. Hətta mən zarafatyana biznesmenlərə deyirəm ki, bu gün imkan yaranıb, tez gedin gömrükxana ilə bağlı nə işiniz varsa, görün, çünki rüşvət az alırlar. Sözsüz ki, sabah Misirdə vəziyyət sabitləşsə, Azərbaycanda və ya Orta Asiyada yenə də əvvəlki vəziyyətə qayıdılacaq. Korrupsiya ilə bağlı verilən göstəriş qısamüddətlidir. İnanmıram ki, Azərbaycan hakimiyyəti həqiqətən də islahatlar aparmaq istəsin. Sadəcə, görürlər ki, bizdə də rüşvətxorluq, özbaşınalıq, süründürməçilik var. Əhalinin nədən narahat olduğunu da gözəl anlayırlar. Ona görə də əhalini sakitləşdirmək üçün belə tədbirlərə əl atıblar.
- Narazılıq dalğasını səngitmək üçün ölkə başçısı nə etməlidir? Məsələn, hesab olunur ki, hökuməti tam tərkibdə istefaya göndərmək çıxış yollarından biridir.
- İnamım yoxdur ki, kadr dəyişikliyi ilə nəyisə dəyişmək mümkün olsun. Sistem dəyişdirilməsə, hər şey əvvəlki kimi qalacaq. Biz başa düşürük ki, Heydər Əliyevin köhnə komandası Azərbaycana böyük zərbə vurur və islahatlar aparmağa imkan vermir. Amma ortaya sual çıxır, prezident özü bu islahatları istəyirmi, ya yox? Azərbaycanda faktiki, köhnə sovet sistemi qalır. Sadəcə olaraq adlarını dəyişiblər. Yəni köhnə Kommunist Partiyası bugünkü YAP-dır. Dünənki Ali Sovet bugünkü Milli Məclis, dünənki kənd soveti bugünkü bələdiyyə, “Raykom” isə icra hakimiyyətidir. Biz hətta Bakı merini seçə bilmirik. Ona görə də sistem dəyişməsə, hər şey necə varsa, eləcə qalacaq. Kadr dəyişikliyi ilə iş qurtarmır.
- Belə fikirlər səslənir ki, Misirdəki hadisələr Azərbaycandakı parlament seçkilərindən əvvəl olsaydı, öz təsirini göstərərdi. Bəs, ərəb dünyasında baş verməkdə olan hadisələr Azərbaycandakı 2013-cü il prezident seçkilərinə təsir edəcəkmi?
- O vaxta kimi çox şey dəyişə bilər. Hələ məlum deyil digər ölkələrdə nə baş verəcək. Biz tələsirik. Bəlkə o vaxta kimi Qarabağda müharibə başladı, yaxud İranla bağlı nəsə oldu.
- Azərbaycan müxalifəti hazırda Qərb üçün cəlbedici qüvvədirmi, yoxsa onun özünün azərbaycanlı “Baradeyi”si var?
- Tunis hadisələri göstərdi ki, vahid lider məsələsi o qədər də vacib məsələ deyil. Heç bu ölkədə müxalifətinin vahid lideri yoxdur. Amma buna baxmayaraq inqilab oldu, hakimiyyət dəyişdi. Bizdə çox deyirlər ki, vahid lider lazımdır, müxalifətin vahid lideri kim olacaq və s. Ancaq Tunis hadisələri vahid liderin həlledici məsələ olmadığını göstərdi. Digər tərəfdən amerikalılar praqmatik olduqlarından onlar bu gün müxalifət deyəndə ilk növbədə islamçı qüvvələri nəzərə alırlar. Amerika üçün müxalifət islamçı qüvvələrdir. Əgər qüvvə varsa, deməli, bu qüvvə ilə hər hansı bir formada ya iş aparırlar, ya da addımlarını izləyirlər. Onlar da görürlər ki, Azərbaycanda bu gün dünyəvi müxalifət zəifdir, dini müxalifət güclüdür. Təbii ki, dünyəvi müxalifətlə bağlı görüşlər olacaq, ehtiyat kimi saxlayacaqlar ki, hansısa proseslər baş verəndə həmin qüvvədən istifadə etsinlər. Artıq Amerikada başa düşüblər ki, İslam dünyası ilə bağlı siyasətə dəyişiklik etmək lazımdır. Hesab edirlər ki, İslam adı ilə çıxış edənlərə hörmətlə yanaşılmalıdır. Ancaq hələ ki, islamofobiya müsəlman ölkələrindəki proseslərə real yanaşmaq imkanı vermir. Kim dünənə qədər bilirdi ki, əl-Baradeyi ortaya çıxacaq? Bizim səhvimiz odur ki, həmişə indiki liderlər arasında axtarışlarda oluruq. Amma başa düşmürük ki, belə tipli hadisələr baş verəndə Allah bilir meydana kim çıxacaq. Necə ki, Vəzirovun dövründə İsa Qəmbər, Əli Kərimli kimi şəxslərin meydana çıxacağını heç kim bilmirdi. Sabah Azərbaycanda nəsə baş versə, mümkündür ki, meydanda ayrı liderlər olsun. Əsas odur ki, cəmiyyət islahat istəsin, hakimiyyətin siyasətini qəbul etməsin. Meydana çıxanda lider də ortaya çıxacaq. Hər şeyin öz vaxtı var. Liderlər həmişə hərəkat dövründə meydana çıxırlar. Başqa vaxt lider axtarmaq boş söhbətdir.
- Bu gün Azərbaycanla İran arasında nə baş verir?
- Bu ölkələr arasında çoxdandır “soyuq müharibə” gedir. Sadəcə olaraq bu, rəsmi səviyyədə deyilmir. Ancaq biz gözəl bilirik ki, İran və Azərbaycan bir-birinə qarşı hansısa prosesləri aparır. Bu “soyuq müharibə” müxtəlif formada gedir. Əsasən təbliğat kampaniyası aparılır. Proses bundan sonra da gedəcək. Ancaq kimsə hesab edirsə ki, nəticədə Azərbaycanla İran arasında müharibə olacaq, yanılır.
- Azərbaycan öz ərazisindən İranın vurulmasına razılıq verə bilərmi?
- Mən buna inanmıram. Bizimkilər daxili məsələlərdə nə qədər səhvə yol versələr də, anlayırlar ki, İran məsələsinə ayrı cür yanaşmaq lazımdır. Üstəlik mən inanmıram ki, Amerika İrana qarşı hərbi əməliyyatlardan istifadə edəcək. Bizim hakimiyyətin İrana münasibəti necə var idisə, elə də qalacaq. Yəni rəsmi şəkildə deyiləcək ki, hər şey normaldır, digər ölkəyə ərazimizdən istifadə etmək imkanı verməyəcəyik.
- Bəs, Qarabağda hərbi əməliyyatlara start verilə bilərmi?
- Bunu gözləmirəm. Müharibənin başlayacağı o vaxt inandırıcı ola bilər ki, müharibə ilə bağlı hansısa tədbirlərin aparıldığını görək. Çünki savaşı birdən-birə başlamırlar, bununla bağlı dövlət səviyyəsində tədbirlər görürlər. Təbliğat müharibəsi bundan sonra da davam edəcək. İndiki şərtlər çərçivəsində müharibənin başlayacağı inandırıcı deyil.






