2019-cu ilin dekabr ayından koronavirus pandemiyasının başlandığı dövrdən etibarən dünyada bu bəladan ölən insanların sayı 3 milyonu keçib. Onun 1 milyonu Avropanın payına düşür. Lakin göstərilən rəqəmlər daha artıq ola bilər.
Musavat.com xəbər verir ki, bununla bağlı Fransanın “Le Monde” qəzetində maraqlı yazı dərc olunub.
Qəzet həmin rəqəmlərin qitədən-qitəyə, ölkədən-ölkəyə dəyişdiyini bildirir.
Məsələn İspaniyada 75 300 insanın koronavirusdan dünyasını dəyişdiyi qeyd olunur. Ötən ilin dekabr ayında Pedro Sançes hökuməti 2020-ci ilin mart-may aylarına olan ölüm statistikasının 70% daha yüksək olduğunu açıqlamağa məcbur qalmışdı. May ayında İspaniya Səhiyyə nazirliyi 27 127 ölüm halının baş verdiyini bildirsə də, Milli Statistika institutunun yoxlamaları zamanı bunun üzərinə 45 684 ölüm vaqiəsi əlavə olunmuşdu.
Polşada pandemiya zatən bərbəd durumda olan demoqrafik vəziyyəti daha da pisləşdirib. Ölüm və doğum sayları arasındakı fəlakətli nisbət İkinci dünya müharibəsinin statistikasına yaxınlaşır. Hələ 2012-ci ildə sıfır səviyyəsinə enən əhali artımı 2020-ci ildə 129 min mənfi göstəriciyə düşüb.
Elə Mərkəzi və Şərqi Avropa ölkələrində də statistik məlumatların heç də düzgün verilmədiyi ortaya çıxıb. Məsələn Serbiyada ötən ilə nisbətən ölənlərin doğulanlara olan nisbəti 15 mindən artıq olub. Halbuki hökumət ölkədə koronavirusdan 5270 insanın vəfat etdiyini bildirmişi.
ABŞ-da vəziyyət daha kritikdir. Con Hopkins universitetini rəqəmlərinə əsasən, ölkədə 562 min vətəndaş pandemiyadan ölüb. Bu bütün dünyadakı kovid-ölümlərin 19%-ni təşkil edir. Lakin Amerika tibb assosiasiyasının təsbitlərinə əsasən, təkcə 2020-ci ilin mart-avqust ayları arasında verilən rəqəmlərdən 67%-dən çox ölüm halı müəyyən olunub. Üstəlik bu rəsmi statistikada əks etdirilməyib. Bu səbəbdən koronavirusdan vəfat edənlərin göstərilənlərdən dəfələrlə çox olduğu güman olunur
ABŞ-da pandemiyadan dünyasını dəyişənlərin etnik tərkibindəki fərqlər də maraq doğurur. Məsələn Nyu-York ştatının səhiyyə departamentinin aldığı nəticələrə görə, “Covid-19”dan ölən hər 100 min ABŞ vətəndaşından 22,8 mini latın amerikalı, 19,8 mini afro-amerikalı, 10,2 mini ağdərili, 8,4 mini isə asiya mənşəli insanlardır.
Musavat.com






