İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərənin yaşayan əfsanəsi Klayv Marşal “Yeni Müsavat” Media Qrupuna gəldi və elə sözlər dedi ki... (FOTOLAR)

2537 04.10.2019 14:21 Son xəbər A A

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin (PA Media Group) baş icraçı direktoru Klayv Marşal oktyabrın 4-də “Yeni Müsavat” Media Qrupunun ofisində olub.

Musavat.com xəbər verir ki, K. Marşal “YM” Media Qrupun təsisçisi Rauf Arifoğlu ilə görüşüb, qəzetin və ona bağlı olan saytların fəaliyyəti ilə yaxından tanış olub.

Klayv Marşal Rauf Arifoğlundan Azərbaycanda medianın durumu və onun azadlıq limiti haqda soruşub. Eyni zamanda, özünün tənqidi qeydlərini də söyləyib. R. Arifoğlu müxbirimizə deyib ki, Klayv Marşalı ən çox narahat edən məqam həbsxanada Azərbaycan jurnalistlərinin olması faktıdır: “Biz bu barədə, eləcə də ölkədəki media mühiti haqqında onunla açıq danışdıq. K. Marşalın bütün suallarına açıq, səmimi cavablar verdim. Onu da dedim ki, kimlərsə sizə Azərbaycanda medianın durumu haqda yanlış məlumatlar veriblər və qara rəngləri həddindən artıq işlədiblər.

K. Marşal dünən ADA universitetində tələbələrlə görüşdüyünü, bu görüş zamanı açıq təndiqlərlə çıxış etdiyini, lakin bu zaman heç bir neqativ, məhdudlaşdırıcı reaksiyaların olmadığını söylədi. O dedi ki, tələbələrlə görüş onda Azərbaycan haqqında ciddi nikbinlik yaradıb.

Cənab Marşal məndən soruşdu ki, bizim görüşlə bağlı xəbəri və burada onun hökumətin media siyasətini tənqid etməsi cümləsini verə biləcək qədər azadlığınız varmı? Bundan sonra sizi tutmazlar ki? Mən onun bu test-sualına qəhqəhə ilə güldüm və cənab Klayv Marşalı canlı yayın studiyamızın önünə apardım. Həmin anlarda müxalifət liderlərindən biri – KXCP sədri Mirmahmud Mirəlioğlu canlı yayında idi və hakimiyyəti kəskin tənqid edirdi. Cənab Marşala dedim ki, kimlərsə sizinlə zarafat edib, Azərbaycanda medianın problemləri var, amma burada problemlərlə yanaşı azadlıqlar da var. Bunu ona “Yeni Müsavat”ın timsalında bilavasitə göstərə bildiyim üçün məmnunam”.

Klayv Marşalla canlı yayın studiyamızın önündə

Rauf Arifoğlu dedi ki, Azərbaycanda medianın mövcud problemləri və son zamanlar həyata keçirilən dəyişikliklər, televiziyalarda baş verən açılımlar haqqında danışıb: “Eyni zamanda, “Yeni Müsavat” qəzetinin böyüyərək, Media Qrupu kimi fəaliyyət göstərməsi barədə də qonağa təfsilatlı məlumat verdim. Bu gün bir çap media vahidinin necə böyüməsi, saytlara, canlı yayın studiyalarına, youtube və Facebook platformalarında 100 minlərlə abunəsi olan auditoriyalara sahib olması “Yeni Müsavat”ın timsalında qürurla ortaya çıxarda biləcəyimiz bir örnəkdir. Qonağa onu da söylədim ki, mənim- müstəqil bir media quruluşu rəhbərinin hakimiyyətin istənilən instansiyası ilə dialoq qurmaq, operativ təmas saxlamaq imkanlarım var və mən bu imkanlardan istifadə edə bilən yeganə media meneceri deyiləm”.

Redaksiyamızın əməkdaşları və iş şəraiti ilə tanış olan cənab Klayv Marşal sonda xatirə şəkli çəkdirib.

K. Marşalı Bakı görüşlərində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.

Musavat.com bildirir ki, cənab K. Marşal bir sıra dövlət başçılarından, o cümlədən də Rusiya prezidenti V. Putindən və Azərbaycan prezidenti İlham Əliyevdən müsahibələr alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR