İngiltərə mediası hərbçilərin Rusiyaya məxsus “super səssiz” sualtı qayıq ilə bağlı fikirlərini dərc ediblər.
Musavat.com star.com.tr-ə istinadən xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzetində məqalə dərc edilib.
Qəzet yazır ki, ingilis əsgərlər Rusiyanın "super səssiz" sualtı qayıqlarının Kral Donanması tərəfindən aşkar edilmədən, dəniz yolu vasitəsilə ölkənin ərazisinə soxulması ilə bağlı həyəcan təbili çalırlar.
Qəzetin İngiltərə Silahlı Qüvvələrindəki mənbələrinə istinadən yazdığı xəbərdə qeyd edilir ki, ingilis əsgərlərin fikrincə, Rusiyanın 636.3 "Varşavyanka" layihəsi əsasında istehsal etdiyi "super səssiz" sualtı qayıqları ölkə üçün təhdidə çevrilib.

Qəzetə danışan mənbələr qeyd ediblər ki, rus sualtı qayıqları İngiltərə Donanmasının Şimal Atlantik bölgəsindəki hərəkətlərini izləyir, sualtı əlaqə tezliklərinə sıza bilirlər. Bu isə Londonun təhlükəsizliyi üçün ciddi təhdiddir.

Bundan başqa, xəbərdə "Varşavyanka" sualtı qayığının akustik səssizliyi, hədəfi tapma məsafəsi və həm su altında, həm də su üstündə olan hədəfləri zərərsizləşdirə bilmə qabiliyyəti sayəsində Kral Donanmasının flaqmanı olan "HMS Queen Elizabeth" gəmisinin çalışmalarına da əngəl ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, 636.3 "Varşavyanka" layihəsi üçüncü nəsil sualtı qayıqların inşasını reallaşdırır. 20 knot sürətə, 300 metr dərinliyə qədər enmə qabiliyyətinə malik və 52 nəfərlik ekipaja sahib olan bu sualtı qayıq qrupu, 533 millimetr kalibrli torpedo silahları (6 ədəd), minalar və hücum raket sistemləri ilə təchiz olunub.
"Varşavyanka" sualtı qayığı düşmənlərin aşkarlaya biləcəyi hədəfləri 3-4 dəfə tez aşkar edə bilir.
Toğrul İsmayıl,
Musavat.com






