İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilislər öz nazirlərinin 10 funtluq hamburgerini zəhər etdilər: bəs bizdə?

886 30.06.2013 09:42 Gündəm A A

Bəs görəsən azərbaycanlı siyasətçilər nahara nə qədər pul xərcləyirlər və onlar İngiltərə cəmiyyətinin bu məsələyə belə kəskin reaksiya verməsinə necə baxırlar?
İqbal AğazadəÜmid Partiyasının sədri, deputat İqbal Ağazadə deyir ki, hər xalqın özünün mental dəyərləri var: “Məsələn, Azərbaycanın yas məclislərinə baxanda bu, böyük bir kampaniyanı xatırladır. Ancaq dünyanın heç yerinə belə yas məclisləri yoxdur. Eyni ilə də toy məclisləri. Bu kimi məclislərdə çox böyük israfçılıq olur. Bütün bunların müqabilində təbii ki, bir məmurun nahara 10 funt-sterlinq, 100 manat və yaxud da bir qədər artıq pul xərcləməsi mental dəyərlər çərçivəsində baş verir. Azərbaycan əhalisinin pula münasibəti, ingilislərin pula münasibətindən çox fərqlidir. Bizdə pul müəyyən mənada başqa dəyərlərə sahibdir. İngiltərədə isə pul insanın yaşayışını təmin edir. Ancaq bizdə pulu olan insanın görəcəyi ilk iş özünə bahalı mülklər almaqdır. Sırf bu üzdən deyirəm dəyərlər və mental xüsusiyyətlər tamam fərqlidir.  İngiltərədə başqa cür qəbul olunan məsələlərə Azərbaycanda tamam başqa cür baxılır və ya tam əksinə. İngiltərə maliyyə nazirinin bir oturuma 10 funt-sterlinq pul xərcləməsi və bunun ingilislərin qınaq obyektinə çevrilməsi bizim cəmiyyət üçün  gülməli hal olar. Bizdə də elə hal ola bilər ki, onu da ingilislər qəbul edə bilməzlər. Düzdür, mən özüm də Azərbaycan əhalisinin pula münasibətini doğru hesab etmirəm. Bizdə insan-pul münasibətləri tərbiyə sisteminə hələ keçməyib. Ancaq neynəyək ki, bu, belədir”.
“Bəs bir oturuma nə qədər pul xərcləyirsiniz” sualına isə partiya sədri bunun oturacağı insanların sayından asılı olduğunu dedi: “Bu mənimlə bərabər olan insan sayından asılıdır. Ancaq mənim özüm tək olsam, naharımı restoranlarda etmirəm. Maksimum dərəcədə çalışıram ki, evdə yemək yeyim. Hətta ac olsam belə evdə yeməyə üstünlük verirəm. Məsələn, ən yaxın dostum olar, onunla məkanından asılı olmayaraq çox rahatca, ucuz bir yerdə oturub nahar edə bilərik. Ancaq bəzən olur ki, xarici qonaqlar olur, bəli, onda qonaqpərvərlik edib öz dəyərlərimizə uyğun şəkildə qonağı ağırlayırıq”.
Fəzail AğamalıDigər deputat Fəzail Ağamalı bunun İngiltərənin həyat tərzindən asılı olduğunu vurğuladı: “Bu ingilislərin bu olaya münasibətidir. Məsələn, elə adam var ki, bir oturuma 100 manat pul xərcləyir.  Avropanın elə ölkələri var ki, orada 20 avrodan aşağı yemək yoxdur. Əslində mən bu cür halların bu dərəcədə qabardılmasını qeyri-ciddi hesab edirəm”. Deputat evdə nahar etməyə üstünlük verdiyindən o qədər də restoranda olmur: “Bəzən elə olur ki, xüsusi mərasimlər istisna olmaqla, restoranda bir oturuma 5-6 manat, maksimum isə 10 manat pul xərcləyirəm. Ondan o tərəfə keçə bilməz”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da fikrini öyrəndik. O, bunun cəmiyyətin səviyyəsi ilə bağlı olduğunu söylədi: “Bu hallar müxtəlif cəmiyyətlərin siyasi, ictimai, mədəni səviyyələri ilə əlaqədardır. Elə yerlər var ki, orada cah-cəlala xüsusi önəm verirlər və ya tam əksinə. Bəzi ölkələrdə vəzifəli şəxslərin özlərini cəmiyyətdən ayrı tutmasına normal baxırlar, bəzilərində isə bu, qəbul olunmur. Sərdar CəlaloğluMəsələn, İngiltərə cəmiyyətini, bir oturuma 10 000 dollar pul xərcləyən ölkəmizlə  müqayisə etsək, İngiltərə cəmiyyətinin nə qədər  yüksək səviyyədə inkişaf etdiyini görərik. Azərbaycanda hamı bilir ki, məmurlar olduqca çox böyük cah-cəlallı, bahalı həyat tərzi keçirilər. Azərbaycanda məmurlar boş-boş, mənasız yerlərə, kef-əyləncə məclislərinə həddindən artıq çox pul - milyonlarla dollar xərcləyirlər, təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin səviyyəsi hələ də bu halın davam etməsinə imkan verir. Əgər cəmiyyətin səviyyəsi yüksək olsa, heç bir məmur qeyri-qanuni yolla nə pul əldə edə bilər, nə də o qədər pul xərcləyər. Bəzən elə olur ki, qonaqlıqlara 10 000 dollarla pul xərcləyirlər. Pulun fəlsəfəsi belədir ki, "pul necə qazanılırsa, elə də xərclənilir". Ancaq təbiidir ki, oğurluqla əldə olunan pul, məbləğindən asılı olmayaraq çox asanlıqla xərclənilir. Əgər pul zəhmətlə qazanılırsa, o pulun hər qəpiyi  qiymətlidir".
S.Cəlaloğlu ümumiyyətlə restoranlarda yemək yeməyi sevmədiyini dedi: “Bəzən elə olur ki, 5-6 nəfərlə restoranda oturmuşuq, 100 dollar pul xərcləmişik. Bu da adam başına 20 dollar edir. Ancaq mən ümumiyyətlə nə evdə, nə də restoranda nahar etmirəm”.
Fazil MustafaBöyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu halın ingilislərin cəmiyyəti tərbiyələndirməsi üçün çox vacib amil olduğunu dedi: “İngilislər bu cür halları qabartmaqda məqsədi vəzifəli şəxslərin acgözlük, görməmişlik etməklərinin qarşısını almaqdır və onlar istəyirlər ki, məmurlar cəmiyyətlə dayanışma həmrəyliyi içində olsun. Bununla yoxsul insanların da müəyyən dərəcədə halını, yaşam tərzini xatırlasınlar. Bu baxımdan da bu ingilis həyat tərzi üçün yetərlidir. Bizdə təbii ki, 10 funt-sterlinqə yemək yeyən nazirə gülərlər. Çünki biz bunu daha çox görüntü xətrinə edirik. Ancaq normal, mədəni, demokratik cəmiyyətlərdə olduğu kimi insanlar hansı auditoriyada olur-olsun başqalarından çox seçilməyə maraq göstərməməlidirlər, görməmişlik etməməlidirlər. Bu hala İngiltərədə israfçılıq kimi baxırlar, ancaq Azərbaycan cəmiyyətində isə buna bir az qabiliyyətsizlik kimi baxırlar. Gördüyünüz kimi, aramızdakı fərq çox böyükdür. Bizim cəmiyyətə isə bunu tətbiq etmək çox çətindir”.
Fazil Mustafa Bakıdan kənarda yemək yeməyi sevmədiyindən, restoran yeməklərinin təhlükəli olduğunu nəzərə alıb naharı ancaq evdə etdiyini dedi: “Şəxsən mən restoran yeməklərini təhlükəli, keyfiyyətsiz hesab etdiyimdən yemirəm. Adicə toy məclislərində 2-3 günün yeməklərini insanlara ikram edirlər. Ancaq məcburiyyət qarşısında qaldıqda, qonağım olduqda məcburam restoranlarda yeyəm. Mən məsələn, Türkiyədə və başqa ölkələrdə olduqda sadə insanların arasında yemək yeyirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR