“Qarabağ bəyanatından sonra o, onsuz da Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətsiz fiqura çevrilib”
“Sergey Lavrov yenidən Rusiya hökumətində təmsil olunsa da, olunmasa da, bu qərar artıq Azərbaycan üçün böyük əhəmiyyət kəsb etmir. Çünki təxminən bir ildən çoxdur ki, Azərbaycan ictimaiyyəti demək olar yekdilliklə Lavrovu bir vasitəçi kimi tamamilə qəbul etmir və ona inanmır”.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi.
Qeyd edək ki, Vladimir Putin növbəti dönəm üçün prezident seçiləndən sonra Rusiyanın yeni hökumətinin tərkibində yer almayacaq şəxslərin sırasında mənşəcə erməni olan Sergey Lavrovun da adı çəkilir. Azərbaycana qarşı qərəzli mövqeyinə görə Rusiya hakimiyyət mənsubları içərisində xüsusilə seçilən, hətta rəhbərlik etdiyi xarici siyasət idarəsini də anti-Azərbaycan qurumuna çevirməyi bacaran S.Lavrov təkcə Azərbaycan-Rusiya münasibətlərinə problemlər yaratmayıb. O, həm də Rusiyanı sivil dünya ilə üz-üzə qoymağı bacarıb və nəticədə təmsil olunduğu ölkə sanksiyaların təsiri nəticəsində böhranlı dönəmə qədəm qoyub. Düzdür, Rusiyanın xarici siyasəti heç də birmənalı şəkildə Lavrovun fəaliyyətindən asılı olaraq formalaşmır. Amma onun bu prosesdə nə qədər neqativ rol oynadığını hətta aparıcı dövlətlərin rəhbərləri də qeyd edirlər. Məsələn, Böyük Britaniya baş naziri Tereza Mey parlamentdəki çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nazir postuna layiq olmadığını söyləyib. Bunun qarşılığında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş nazirinin Lavrovla bağlı sözlərinə münasibət bildirib. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. “Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur”, - deyə Zaxarova Facebookda yazıb. (APA)
T.Zülfüqarov da İngiltərənin baş nazirinin Lavrov barədə dediklərini sıradan məsələ saymır: “Bu, çox ciddi, personal bir ittihamdır”.
Lavrovun dünyada necə qəbul olunması məsələnin bir tərəfidir. Bizimçün tam aydındır ki, Rusiya XİN başçısı Azərbaycana qarşı olan, Ermənistanı və Qarabağ separatçılarını dəstəkləyən birisidir. T.Zülfüqarov da əmindir ki, Azərbaycan ictimaiyyətinin S.Lavrova tam şəkildə heç bir etimadı qalmayıb: “O, keçən ilin yanvarında məşhur bəyanat verdi. Dedi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil və Azərbaycan suverenliyinin bir hissəsini itirib. Ondan sonra Lavrov Azərbaycan ictimaiyyətində özünə olan etimadı tam itirdi. Onunla bağlı proseslər də həmin bəyanatdan sonra başlandı. Keçən ilin avqustundan dərc olunan yazılarda Lavrov Azərbaycana qarşı Moskvadakı qüvvələrin, Azərbaycan-Rusiya əlaqələrinə maneə törədən qüvvənin başçısı kimi təqdim olunurdu. Amma indi demək olar ki, o, Qarabağla bağlı tənzimləmə prosesindən neytrallaşdırılıb. Qarabağla bağlı Polşanın Krakov şəhərində keçirilən görüşdə sonuncu cəhd oldu. Orada ortaya həll variantı qoyulmuşdu. Lakin sonra məlum oldu ki, bunlar keçmiş rusiyalı həmsədr Kazimirovun vaxtilə verdiyi təkliflərdir. Yəni Lavrovun fəaliyyəti bütövlükdə uğursuzluğa düçar oldu, Azərbaycan ictimaiyyəti onu şiddətlə tənqid etdi. Bu baxımdan Lavrov Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətsiz fiqurdur. İndi onu yenidən nazir təyin edəcəklər, ya etməyəcəklər, artıq bu, Rusiyanın problemidir”.
Sabiq nazir qeyd etdi ki, Ermənistan-Rusiya əlaqələri də digər qurumlar vasitəsilə həll olunur və XİN-in rolu arxa plana keçib: “Normal vasitəçilik o vaxt mümkündür ki, hər iki tərəf etimad göstərir. Bir tərəf vasitəçiyə etimadını itiribsə, digər tərəflə normal iş aparmaq mümkün deyil. Bu mənada Lavrov faktoru tam kənarda qalıb. Bu, Azərbaycan üçün tam vacib məsələ idi”.
T.Zülfüqarov digər tərəfdən, Rusiyanın böhran vəziyyətində olmasına da diqqət çəkdi: “Biz vaxtilə demişdik ki, Rusiya xarici siyasəti böhran içindədir. İngiltərə, Avropa ittifaqı ilə olan böhranlı vəziyyət, izolyasiya davam edir. Mən o mövzuya toxunmaq istəmirəm ki, günahkar kimdir, adamları kim zəhərləyib və s. Amma başlayan böhran indi çox aktiv bir fazaya keçib. Təbii ki, bu böhranlı vəziyyətdə iki yol var. Birinci, bu xətti davam etdirmək, Qərblə konfliktin davamı üçün siyasət qurmaqdır. Əgər bu istiqamət seçilsə, inanmıram ki, Rusiya üçün uğurlu olsun. Təbii ki, Lavrov bu istiqamət üçün Rusiyaya lazımdır, çünki konfrontasiya yolunun simvoludur. Amma Rusiya digər bir xətti seçsə, bu, fərqli bir durum yaradar. Rusiya prezidentinin təkbaşına bu böhranı aradan qaldırması mümkün deyil. Kokain qalmaqalından sonra Lavrov kimi adam təbii ki, qəbuledilməzdir. Deməli, Putinə dəstək verəcək normal bir xarici işlər nazirinə ehtiyac var”.
Maraqlıdır, S.Lavrov komandadan uzaqlaşdırılacağı halda, onun Rusiya XİN-ə yerləşdirdiyi kadrlar Azərbaycana qarşı fəaliyyət göstərə bilərmi, yoxsa Lavrovsuz bu, mümkün olmayacaq?
T.Zülfüqarov: “Belə kadrlar həmişə mövcud olub. Bundan sonra onlara ehtiyac olacaqmı, ya yox, demək çətindir. Məncə, bu, texniki bir məsələdir. Ümumilikdə mən də inanmıram ki, o, xarici işçilər naziri kimi qalacaq. Hər halda, gözləyək”.
Cavid TURAN,
“Yeni Müsavat”






