Sintizator çalanı bıçaqlayan müğənninin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Ə.İsmayılov özünü təqsirli bilmədiyini deyib.
Sərbəst ifadə verən Ə.İsmayılov söyləyib ki, Nəsimi rayonu ərazisində yerləşən "Nar" kafesində zərərçəkmiş Asif İbadovla bir yerdə işləyirmişlər.
Mübahisələri də iş üstündə olub: "Mən müğənni idim, Asif sintizatorda ifa edirdi. Daha əvvəl onunla "Pərvin" kafesində musiqi avadanlıqlarının üstündə mübahisəmiz düşmüşdü. Münasibətlərimiz heç də yaxşı deyildi. "Nar" kafesində isə o, əvvəl orada müğənni kimi çalışan qızların məndən əvvəl mahnı ifa etməsini istəyirdi. Mənim də öz müştərilərim var idi. O imkan vermirdi ki, əvvəl mən mahnı oxuyum".
Suallara cavab verən Ə.İsmayılov dindirilən zaman daha əvvəl ruhi xəstəliyi olduğu üçün müalicə aldığını deyib.
Dava baş verən gün yaşananlar haqda isə Ə.İsmayılov bunları deyib: "Kafedə Asiflə mübahisələrimiz davam edirdi. Sonra çölə çıxanda Asif məni çiynimin arxasından bıçaqla vurdu, yerə yıxıldım. Qalxanda isə sol gözümdən yumruqla zərbə endirdi. Mən də onu bıçaqlayıb, bacımgilə getdim. Asifi qorxduğum üçün vurdum. Bacımgil evə həkim çağırdı. Asifi bıçaqlayanda Əhməd də orada idi. Kürəyimdə də çapıq var".
O, hadisəni törətdikdən sonra Bakıdan qaçmaq istəməsi barədə də suala cavab verib.
Deyib ki, hadisə barədə polisə məlumat verməyib və bir ay Bakıda qalıb və xarici pasport çıxartdırıb: "Qardaşım Rusiyada yaşayırdı. Dedi ki, gəl bura müalicə olun. Mən də Rusiyaya getdim. Orada bir müddət qalandan sonra yenidən Bakıya qayıtdım. Hava Limanında polislər tərəfindən saxlanıldım".
Hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yanında baş verib. İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Ə.İsmayılov ölkəndən qaçmaq istəyərəkən Hava Limanında saxnılıb.
İlkin Muradov,
Musavat.com






