İmamzadənin axundu Hacı Tahir: “Bir ruhaninin öz ölkəsinə dua etməsi qəbahət deyil”
Gəncə İmamzadəsinin rəhbəri, QMİ-nin Gəncəbasar bölgəsi üzrə xüsusi nümayəndəsi Hacı Tahir Abbasovun Aşura çıxışı sosial şəbəkələrdə geniş müzakirə olunur. Hacı Tahir çıxışında dövlət rəhbərliyi, həmçinin Gəncə şəhər rəhbərliyi haqqında tərifli ifadələr işlədib.
Din xadiminin İmam Hüseynin (ə) matəm mərasimində - Aşura günü bu şəkildə danışması, siyasi hakimiyyətə yönəlmiş tərifləri birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Hacı Tahirin özü ilə əlaqə saxladıq. Hacı Tahir deyir ki, o, hər zaman dualarında vətəni, xalqı, ordunu unutmur:
- Mən hər zaman çıxışıma başlayanda Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə, millətinə dua ilə başlayıram. Hər zaman çıxışımda müstəqilliyə, azadlıq uğrunda şəhid olanlara dua edirəm. Biz milli-azadlıq mübarizəsinin canlı şahidləriyik, 20 yanvar, 1988-91-ci illər mübarizəsinin şahidiyik, nəsillərimiz 70 il davam edən sovet zülmünə məruz qalmışdır. Hər bir ölkədə - fərqi yoxdur, İran olsun, Səudiyyə olsun, Pakistan olsun - din xadimi çıxışının əvvəlində dua edir. Dualarında ölkə, xalq, dövlət, ordu, onun başçısına dualar edilir.
- Ancaq sizin budəfəki çıxışınız tənqidlə qarşılanıb...
- Sentyabrın 20-də mən Aşura günü günorta İmam Hüseyn (ə) meydanında çıxış etmişəm. Həmin çıxışın bir hissəsi internetdə yayılıb. İnşallah, yaxın günlərdə tam olaraq internetə yüklənəcək. Mən çıxışıma zülmü lənətləmək, zalımlara lənət oxumaqla başladım. İmam Hüseynin keçmiş və bugünkü düşmənlərinə lənət yağdırdım. Onların hərəkətlərini pislədim və İmam Hüseynin (ə) böyük müqəddəs şəxsiyyət olduğunu qeyd elədim. İslamda “haqqun nas” deyilən bir şey var, yəni insanın layiq olduğu haqqı vermək. Mən ruhani, din xadimiyəm. 1992-ci ildən İmamzadə ziyarətgahına rəhbərlik edirəm, sonra isə Şeyxülislamın bölgə təmsilçisi təyin olunmuşam. Bu müddətdə hər zaman çıxışlarımda Azərbaycan dövlətinin ordusuna dua etmişəm. Çünki bu bir siyasi çıxış deyil, mən siyasətə qarışmıram, heç bir siyasi təşkilatın üzvü deyiləm. Siyasilərə fərq qoymadan bu xalqa dua edirəm, bu xalqın içində müxalifət də var.
- Aşura çıxışınızda, yəni daha dəqiqi, yayılan videoda siz şəhər rəhbərliyini qeyd edirsiniz...
- Bildiyiniz kimi, Gəncə İmamzadəsi bərbad gündə idi, dağılmışdı. Prezident İlham Əliyev birinci seçkilərindən sonra İmamzadəni xanımı ilə birlikdə ziyarət etdi və buradakı vəziyyəti gördü. O zaman bildirdi ki, ziyarətgahı bərpa etdirəcək, elə də etdi. İmamzadənin təmir və bərpası ilə bağlı sərəncam imzaladı. İmamzadə çox gözəl şəkildə bərpa olundu, orada “Zeynəbiyyə”, “Hüseyniyyə” zalları tikildi və xalqın istifadəsinə verildi. İmam Hüseyn meydanı, mərasim zalı var. İki məscid tikilib. Mən də çıxışımda təbii şəkildə dua edərkən bu ziyarətgahı tikib xalqın istifadəsinə verən şəxsi də xatırlamışam, ona dua etmişəm. Bizdə adət var, istənilən yerdə bir məsciddə ibadət edərkən onu tikdirənə dua edirik, yaxud da bir bulaqdan su içərkən onu tikdirənə dua edirik. Mən də dövlət başçısına bu İmamzadəni təmir etdirdiyi üçün təşəkkür edib dua edirəm.
Bundan başqa, cənab prezident builki seçkilərdən sonra İmamzadəni ziyarət edib, yaxud da Şamaxı Cümə məscidini təmir etdiribsə, biz bu əməlinə görə ona minnətdarlıq edib dua edirik. Bəzən görürsən ki, başqa bir ölkədən gəlib burada bir köynək paylayanda ona dua edirlər, ancaq öz xalqına, millətinə, ibadət evini tikib xalqın istifadəsinə verən rəhbərə dua etməyi siyasiləşdirmək olmaz. Bu siyasi məsələ deyil.
- Yəni düşünürsünüz ki, çıxışınıza bu cür reaksiyaların verilməsi məqsədli olub?
- Bu yeni məsələ deyil, ötən illərdə də İmam Hüseyni (ə) istəməyənlər tarixən olub, indi də var. Ötən illərdə İmam Hüseyni (ə) istəməyən bəzi qüvvələr bu mərasimlərə şər-böhtan atdırır, keçirilməsinə mane olmağa çalışırdılar. Həmin insanlar Gəncədə keçirilən İmam Hüseyn (ə) məclisini gözləri götürmür və trollar vasitəsilə əks təbliğat aparmağa başlayıblar. Bir ölkənin ruhanisinin öz ölkəsinə dua etməsi qəbahət deyil. Bu cür fəaliyyətlər bizi yolumuzdan döndərə bilməz.
İmam Hüseyn (ə) düşmənləri bu gün də yaşayır, iftiralarını davam etdirirlər. Bəzi öyrədilmiş adamlar məclisə gələrək izdihamın içərisinə daxil olaraq əza məclisinə layiq olmayan işlər görür, sonra da onu çəkib yayırlar.
İmam Hüseyn (ə) şəhidlik, xeyirxahlıq məktəbidir. Biz də onu göstəririk. Bu il Gəncədə gəncəlilərə yaraşan şəkildə böyük bir Aşura mərasimi keçirildi. İmamzadə ərazisində qazanlar asıldı. Ehsan süfrələri açıldı, çay verildi. Heç bir polis müdaxiləsi olmadan insanlar sərbəst şəkildə İmamzadəyə daxil olaraq ziyarət etdilər. Heç bir insident olmadı, insanlar rahat, sərbəst ziyarətlərini etdilər. Məclis Tasua günü başladı və Aşura günü azana 15 dəqiqə qalmışa qədər davam elədi. Son 15 dəqiqəni mən çıxış elədim. Bu vaxt ərzində mən Kərbəla hadisəsi barədə məlumat verdim, xalqa dua elədik, Xocalı faciəsini yad elədik, onu Kərbəlaya bənzətdik. O zaman mən şəhər rəhbərliyinə də dua etdim. Çünki “haqqun-nas” var. Gəncədən İmamzadəyə zəvvarları aparmaq üçün 100-ə yaxın avtobus ayrılmışdı. Şəhər rəhbəri həmin gün gəlib İmamzadədə Aşura mərasimini camaatın arasında izləyirdi. İndiyə qədər belə şey olmamışdı. Bu, şəhər rəhbərliyi ilə xalqın, dindarların arasında bir bağ idi. Mən də buna görə şəhər rəhbərliyinin ayağının düşərli olmasını istədim.
- Ümumiyyətlə, Aşura mərasimlərində digər şəxslərə dua edilməsi məqbuldurmu? Dini baxımdan bunun hökmü nədir?
- Mən bu il şəhər rəhbərinin davranışını nəzərdə tutaraq dua etdim. Gələcək il şəhər rəhbərliyinin öz əlindədir. Mən onun əvəzolunmaz bir şəxs olduğunu demədim, əməllərinə qiymət verdik. Tərif Allaha layiqdir. Allaha, Peyğəmbərə, Hüseyn ibn Əliyə layiqdir. Mən tərif deyil, təqdir etmişəm. Təqdir etmişəm ki, Azərbaycan dövlətinin rəhbəri dinə, dindarlara qayğı göstərir. Gəncə şəhər icra başçısını təqdir etmişəm ki, öz kabinetindən durub xalqın içinə gəlib dini mərasimlərdə iştirak edir. Bir daha təkrar edirəm ki, çıxışımda dövlətimizin, xalqımızın düşmənlərinə bəddua etmişəm, Allah onları zəlil və xar eləsin. Mənə qarşı təbliğat aparan, qara yaxanlara da lənət oxumuram, Allah onları islah eləsin.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”






