Fəzail Ağamalı: “İlyas İsmayılovun bu cür fikirləri onun ciddiliyini kifayət qədər şübhə altına alır”
Tural Abbaslı: “İlyas bəyin təklifini dəstəkləyərdim”
Ədalət Partiyasının sədri İlyas İsmayılov ovqat-com-a geniş müsahibə verib. Müsahibədə bir sıra diqqətçəkən məqamlar olsa da, partiya sədrinin bir fikri daha çox müzakirələrə səbəb olub.
Sitat: “Hesab edirəm ki, Azərbaycanda demokratik və ədalətli seçki keçirməyin bir yolu var: Suriyadakı kimi, seçkilərin BMT tərəfindən keçirilməsi”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı məsələlərə bu cür yanaşmanın tam əleyhinədir: “Azərbaycan müstəqil dövlətdir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün kifayət qədər təcrübəyə malikdir. Hər seçkidən-seçkiyə Azərbaycan bu təcrübəsini təkminləşdirərək, seçki prosesini inkişaf etdirərək, dünya standartları çərçivəsində işini qura bilir. Təsadüfi deyil ki, ölkəmizdə seçkiləri müşahidə edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti Azərbaycanda indiyə qədər, xüsusilə son dövrlərdə keçirilən seçkilərin azad, ədalətli və demokratik keçirilməsini etiraf ediblər. Bununla bağlı onların rəyləri də ortalıqdadır. Doğrudur, bəzi anti-Azərbaycan qüvvələrinin təsiri altında olan qurumlar, xüsusi olaraq, daha çox məmurların cəmləşdiyi Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu ölkəmizə qarşı hər zaman qeyri-obyektiv fikirlərini ortalığa qoyur. Buna baxmayaraq onlar ayrı-ayrı xarici təşkilatların, siyasətçilərin, parlamentarilərin vermiş olduğu bu orkestrin yüksək səviyyəli ifası qarşısında cılız görünürlər. Xalqımızın iradəsi ortaqlıdadır. Birmənalı olaraq Azərbaycan xalqı ölkə prezidentinin yanındadır, ona xalqımızın etimadı ortadadır. Bu ilin aprel seçkilərində də Azərbaycan xalqı ölkə prezidentinə yüksək etimadını ortaya qoydu. Hər kəs bu fikirlərimlə razılaşar ki, bu gün Azərbaycanın siyasi arenasında İlham Əliyev qədər yüksək intellektə sahib güclü bir siyasətçi görünmür. Bunun olmadığı bir reallıqdır. Deputat seçkiləri ilə bağlı keçirilən seçkilər də xalqın iradəsini ortaya qoyub. Bu zaman bir sual meydana çıxır. Şəxsiyyətinə hörmət bəslədiyim İlyas İsmayılov vaxtı ilə deputat seçiləndə nədən bu məsələni qoymadı ki, bu seçkilərə BMT-nin iştirakı ilə qatılmaq istəyirəm. İlyas müəllim deputat da seçildi, Milli Məclisdə də təmsil olundu. O zaman belə fikirlər səsləndirmirdi. İndi İlyas İsmayılov kənarda qalıb. Bu və ya bunabənzər təklifləri ciddi səslənmir. Hər halda mənə elə gəlir ki, cəmiyyətdə kifayət qədər ciddi siyasətçi, adam kimi tanınan İlyas İsmayılovun bu cür fikirləri onun ciddiliyini kifayət qədər şübhə altına alır”.

AĞ Partiya başqanı Tural Abbaslı İ.İsmayılovun fikirlərində həqiqətlər görür: “Əslində Azərbaycanda 1993-cü ildən bu tərəfə keçirilən seçkiləri nəzərə alsaq, İlyas bəyin təklifində qeyri-adi bir şey yoxdur. Əgər bizim dövlətin MSK-sı illərdir bircə dəfə belə olsun ədalətli, şəffaf və obyektiv seçki keçirməyibsə və ya keçirə bilməyibsə, demək ki, bu işi onlardan almağa hər bir əsas var. Təəssüflə qeyd etməliyəm ki, bu illər ərzində Azərbaycanda keçirilən seçkilərin legitimliyi nə xalq tərəfindən, nə də beynəlxalq aləm tərəfindən tam qəbul olunmayıb. Bu da öz növbəsində dövləti, dövlətçiliyi və dövlətə olan etimadı zəiflədən əsas faktorlardan biridir. Bütün sadaladıqlarımızı nəzərə alanda mən də İlyas bəyin təklifini dəstəkləyərdim. Ancaq, burada ikinci bir tərəf də var. Bu da Azərbaycanın beynəlxalq aləmdəki imici məsələsidir. Əgər biz daxildə keçirilən seçkilərimizi beynəlxalq təşkilatlara həvalə etsək dövlət olaraq bizim nüfuzumuz nə olacaq? Bütün dünya daxildə şəffaf seçki keçirməyi bacarmayan ölkəyə necə yanaşar? Hələ nəzərə alsaq ki, biz ölkə olaraq beynəlxalq səviyyədə həm də Qarabağ mübarizəsi aparırıq, o zaman vəziyyət daha da qəlizləşir. Belə ki, Qarabağdakı separatçılar və Ermənistan bütün dünyaya car çəkməzmi ki, öz daxilində şəffaf və ədalətli seçki keçirə bilməyən Azərbaycana Qarabağı necə qaytaraq? Odur ki, bu barədə danışanda həm də bunu nəzərə almaq lazımdır.

Şəxsən mənim və AĞ Partiya üçün Qarabağ məsələsi istənilən siyasi rəqabətdən öndə gəlir. Yəni Qarabağı bizdən uzaqlaşdıra biləcək istənilən addımın da əleyhinəyəm. Ancaq, bu günkü iqtidar da unutmamalıdır ki, Qarabağın azadlığı güclü və demokratik Azərbaycandan keçir. Bunun üçün onlar da üzərlərinə düşən məsuliyyəti dərk etməli və Azərbaycanda özləri ədalətli və şəffaf seçkilər keçirməlidirlər. Bu seçkilər onların iqtidarına bais olsa belə, bizi xalq, dövlət olaraq xarici qüvvələrin ümidinə buraxmamalıdırlar”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”






