Keçmiş Baş prokurordan “Yeni Müsavat”a ilginc
açıqlamalar
“25 ildir heç bir rəsmi şəxs bu suala cavab vermir və
konkret sual da verilmir. Bakıya sovet ordusunu kim dəvət edib, kim rəsmi
müraciət edib. Bu sualı həmin vaxt Azərbaycan Respublikasının Baş Prokuroru
olmuş və hazırda Milli Məclisin deputatı olan İlyas İsmayılova ünvanlayıram. Cənab
İlyas İsmayılov! 1990-cı ilin yanvar ayının 20-də Bakıda qırğın törədən sovet
ordusunu Azərbaycana kim dəvət edib?” Bunu sosial şəbəkədəki şəxsi profilində
hüquqşünas Osman Kazımov yazıb. Mövzunun aktuallığını və illərdir cavabı verilməyən
sualın cavabını almaq üçün qanlı yanvar hadisələri zamanı Azərbaycanın Baş
prokuroru işləmiş deputat İlyas İsmayılovla danışdıq.
Müsahibə zamanı xeyli ilginc məqamlar ortaya çıxdı:
- İlyas bəy, 1990-cı ilin 20 yanvarında Bakıda sovet
ordusunu kim dəvət etmişdi?
- Mənim bu haqda heç bir məlumatım yoxdur. Bunu siyasi
rəhbərlikdən soruşun.
- Heç olmasa Azərbaycandan dəvətlə bağlı gümanınız
varmı?
- Mən gümanla danışmaq istəmirəm.
- Bəs Vəzirov, yaxud digər keçmiş Azərbaycan rəhbərliyinin
bu hadisədəki məsuliyyəti barədə ən azı bir hüquqşünas kimi rəyə maliksinizmi?
- Buna fikir bildirməkdən ötrü əlinin altında konkret
faktlar olmalıdır. Mən başqaları kimi deyə bilmərəm ki, “maa elə gəlir ki...”
Hüquqşünas konkret fakta söykənməli və sağlam düşüncədən çıxış etməlidir. Ancaq
əlbəttə, bu məsələdə çoxlarımız mənəvi məsuliyyət daşıyırıq. Mən qətiyyən heç nədən
çəkinən adam deyiləm. Sadəcə olaraq məsuliyyətimi hiss edirəm. Hüquqşünas həmişə
konkret fakta əsaslanıb qanunun mətnindən çıxış etməli, “maa elə gəlir” deməməlidir.
- Ancaq yəqin ki, o zaman bir hüquqşünas, yaxud da yüksək
çinli dövlət adamın kimi özünüz üçün bu hadisələrdə ölkə rəhbərliyinin nə dərəcədə
suçlu olması barədə araşdırma aparıbsınız...
- Yox. Mən daha nə araşdırma aparmalıydım? Allah uzaq
eləsin, bizim başımız o faciələrdə elə qarışmışdı ki...Onsuz mənim bədxahlarım
da əleyhimə fəaliyyət göstərirdilər. O zaman bizim 40-dan çox işçimizi istintaq
qrupuna daxil etdim. Çoxlu faktları aşkar etdik, təxirəsalınmaz tədbirlər həyata
keçirildi, çox cinayətlərin üstünün örtülməsinə imkan vermədik. Bu faktları Hərbi
Prokurorluğa göndərdik ki, istintaq aparsınlar. Mənim başım ancaq buna
qarışmışdı.
- Mixayıl Qorbaçovun xatirələrində Bakıya qoşun yeritməsi
ilə bağlı özünə bəraət qazandırmaq cəhdi var. Bu barədə nə deyə bilərsiniz?
- Mən hansısa kəskin fikir bildirməyi özümə
yaraşdırmıram. Bu fəlakəti bizim başımıza Qorbaçov gətirib. Özünün ermənipərəst
siyasətilə...Dağlıq Qarabağ problemi də bununla bağlıdır. Mənim bir yazım
çıxdı, hörmətli Çapay Sultanovun kitabına yazdığım risenziyada da göstərmişəm.
Dağlıq Qarabağda “Krunq”un rəhbəri Manuçarov haqqında cinayət işi qaldırmışdım,
yaxşı da istintaq gedirdi. Onun dövlət əmlakını oğurlaması, rüşvətxorluğu
sübuta yetirilmişdi, üzünə duranlar da hamısı erməni idilər. 13 nəfər adam da həbs
olunmuşdu. Onlar hücum etdilər ki, Dağlıq Qarabağda cinayət işini Boqomolovun əlindən
alıb yandırsınlar. Ancaq o, cinayət işini böyük fədakarlıqla xilas etdi. Çox
savadlı hüquqşünas idi. Sonra ermənilərin şikayəti əsasında bu işi bizdən
aldılar. SSRİ Baş Prokurorunun yanında mühüm işlər üzrə müstəntiq Konstantin
Karlaviç Maydanyuka verdilər. O da işi çox yaxşı aparırdı. O vaxt SSRİ Baş
prokuroru Aleksandr Suxorev mənə zəng etdi ki, “səhər Bakıya gəlirəm, məni
qarşıla”. Onun istintaq üzrə müavini Aleksandr Katusev də Bakıdaydı. Dedim
müavini burda olduğu halda görəsən niyə gəlir. Gəldi, onu o vaxt Prezident
Aparatı yanında “Respublika” mehmanxanası var, orda yerləşdirdik. Söhbət əsnasında
dedi ki, Manuçarovun qətimkan tədbirini dəyişmək olar. Manuçarovu Yerevanda həbs
edib Şuşa türməsinə gətirmişdilər. Özündən demək kimi çıxmasın, onun həbs
olunmasında da əsas rollardan biri mənə məxsus idi. Katusovdan çox xahiş etdim.
Dedim necə ola bilər ki, bu cinayətkar Manuçarov gedib Yerevanda işləyir,
ortada sübutlar da var. O da öz vəzifəsini yaxşı bilən prinsipial adam idi.
Mehmanxanada qalırdı, bir dəfə evimə hökumət telefonuna zəng etdi ki, “gəl
bura”. Getdim, dedi ki, Manuçarov artıq həbs olundu və Şuşa həbsxanasına gətirildi.
Allah rəhmət eləsin, çox peşəkar hüquqşünas idi, sonra o özünü öldürdü, Həm də
Azərbaycanpərəst, yəni ədalətli bir insan idi.
- Onun burda çalışmasının səbəbi nə idi?
|
İlyas İsmayılov: “Mütəllibov məsələ qaldırmışdı ki,
ya mən işləməliyəm, ya da İsmayılov” |
- Onu Moskvadan göndərmişdilər ki, görsün bu işi
düzgün aparırıq, ya yox. Müstəntiq də Baş prokurora sübutlarla məruzə etdi,
Manuçarovdan başqa 13 nəfər də həbs olunmuşdu. Bu işdə əsas sübut növü kimi
maddi sübutlar əldə olunmuşdu. Ermənilər çoxlu qızıl, daş-qaş, pullar, qiymətli
əşyaları divarın içinə qoyub hörmüşdülər. Bunların hamısını biz tapıb
götürmüşdük.
- Bu hadisə harda və nə zaman olmuşdu?
- Stepanakertdə - Xankəndində - 1989-cu ildə olmuşdu.
Manuçarov “Krunq”un rəhbəri idi. Həm də daş karxanasının
müdiri idi, pulun hesabına camaatı qaldırırdı...SSRİ Baş Prokuroru müstəntiqə təklif
etdi ki, Manuçarovun qətiimkan tədbirini dəyiş, yəni türmədən azad elə. Ancaq
o, dedi mən dəyişə bilmərəm, bunun cinayəti sübuta yetirilib. Dedi onda heç
olmasa onu Şuşadan Moskva təcridxanalarının birinə “etap” elə. Müstəntiq dedi
onu da edə bilmərəm, çünki burda onunla bərabər 13 nəfər də həbs olunan cinayətkar
var, mən gündəlik istintaq hərəkətləri aparmalıyam. 14 nəfəri də Moskvaya
köçürtmək düzgün deyil, çünki cinayət burda olub. Elə bu arada kimsə Moskvadan
Baş prokurora zəng etdi. Baş prokuror həmin adama çox gözəl cavablar verdi ki,
cinayəti sübut olunub və müstəntiqin dediklərini çatdırdı. Zəng edən də başladı
ki, “niyə ermənilərə qarşı repressiya aparırsınız” və s. Prokurorun dediklərindən
narazı qaldı. Sonra Baş Prokuror dedi ki, zəng edən Mərkəzi Komitənin katibi,
Siyasi Büronun üzvü Yakovlev idi. Baş Prokuror da müstəntiqin mövqeyini müdafiə
etdi. Ancaq buna baxmayaraq, səhər hərbi vertolyot Şuşaya gəldi, Monuçarovu
götürüb Moskvaya apardı. Hər hansı dustağın bir təcridxanadan başqasına
aparılması üçün müstəntiqin “etap” olunma haqqında qərarı olmalıdır. O qərarı
da prokuror təsdiqləməlidir. Bu qərarsız hər hansı bir təcridxana dustağı qəbul
etməməlidir. Ancaq belə bir qərar olmadan Manuçarovu Moskvaya, Lefortovaya
apardılar. Tez-tələsik də Ermənistana deputat seçdilər. Saxarov və Stravoytova
da aparıb Manuçarovun deputat mandatını verdi, onu həbsdən çıxartdılar.
90-cı il idi. Onda məni Moskvaya işə keçirtdilər. Mən
Moskvaya işə gedəndən sonra da bu işlə maraqlanırdım. Müstəntiqin də mənə münasibəti
çox yaxşı idi. SSRİ Baş Prokurorunun müavini və işi aparan müstəntiqin mənə
dediyinə görə, Qorbaçovun arvadı Raisa Qorbaçeva zəng edirdi ki, “bu işi xətm
edin”. Onlar da çox sağ olsunlar, xətm eləmədilər. Sonra bu işi SSRİ Ali Məhkəməsinə
göndərdilər. Ali Məhkəmənin sədri Smolontsev işə baxmadı, Belorusiya Ali Məhkəməsinə
göndərdilər. Belorusiya Ali Məhkəməsi də işə baxmadı, Brest Vilayət Məhkəməsinə
göndərdilər. Brest məhkəməsi də qərarla işi təkmil istintaqa göndərdi. SSRİ prokurorluğunda
buna protest hazırlanırdı, SSRİ dağıldı. İndi siz görürsünüzmü bu işlərlə kimlər
maraqlı idi. Belə olan halda Azərbaycanda hansısa günahkarı
axtarmağın mənası yoxdur.
|
“Krunq”un rəhbəri
Manuçarov həbs olundu və Şuşa həbsxanasına gətirildi” |
- Sizin o zaman
Moskvaya vəzifəyə aparılmağınızda hansı niyyət var idi?
- Mütəllibov məsələ
qaldırmışdı ki, ya mən işləməliyəm, ya da İsmayılov. Onlar da məni işdən
çıxartmaq istəmirdilər. SSRİ Baş Prokurorunun kadr üzrə müavini Pobejimov da Bakıya gəlmişdi, Mütəllibovla görüşdü, dedi biz onu işdən çıxara bilmərik. Çünki
bizim ən yaxşı prokurorlardan biridir. SSRİ Baş Prokurorluğu da bir az sərbəst
hərəkət edən orqan idi. Sonra məni Moskvaya dəvət etdilər. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin müdiri vardı
- ölübsə, Allah rəhmət eləsin, qalıbsa, ona da uzun ömür arzulayıram - Pavlov
Aleksandr Sergeyeviç, məni çağırdılar. O, mənə dedi ki, siz təmiz adamsınız. Bu
keyfiyyət isə çox yüksək qiymətləndirilir, Qafqazda xüsusilə. Dedi biz bilirik
kimlər hakimiyyətə gəlib. Mən dedim məni istəmirlər, ancaq mən işləmək istəyirəm. Əgər çıxartmaq istəyirsinizsə, çıxarın. Dedi biz öyrənmişik sizin
uşaqlarınız da
Rusiyada oxuyurlar. O
vaxt böyük oğlum Leninqradda, kiçik oğlum da Moskva Universitetində oxuyurdu.
Dedi nə var o gərginlikdə? Gəlin, burda sizin böyük perspektiviniz ola bilər,
ev alın uşaqlara. Gördüm bu, mənə qayğı göstərir, bizimkilər də gözümü
çıxartmaq istəyirlər və razılıq verdim. Beləcə, mən SSRİ Baş Prokurorluğunun azadlıqdan məhrumetmə
yerlərində qanunçuluğa nəzarət edən idarə hüququnda şöbə rəisi oldum. Şöbədə 16 nəfər şöbə prokurorları və katib var idi.
- Nə qədər işlədiniz?
- Burdan gedəndən SSRİ
dağılana qədər. Burdan iyul ayında getdim.
- Ayaz Mütəllibovla
sizin aranızda nə problem vardı?
- Vallah bilmirəm. Mənim
ona münasibətim həmişə yaxşı olub. Bu barədə heç danışmaq istəmirəm.
- Bu günlərdə Amerika
konqresmenlərinin 90-cı ildə Qorbaçova müraciəti ilə bağlı bir sənəd ortaya
çıxdı. Con Kerri və digərlərinin də adı olan həmin müraciətdən xəbəriniz var
idimi?
- Yox, mənim ondan xəbərim olmayıb. Ancaq Amerikada
erməni lobbisi güclüdür də. Bu mənada elə bir şey etmiş olardılar.
- Bu gün Şuşa həbsxanasında günahsız azərbaycanlılar
saxlanılır. Kəlbəcərli girovların azad olunması istiqamətində hüquqi yol
varmı?
- Burda hüquq məsələsi işləmir. Nə hüquq?
Separatçılar, terrorçular Azərbaycan ərazisinin bir hissəsini tutub, 20 ildən
çoxdur bizim başımızı aldadırlar. ATƏT-i ortaya salıblar ki, guya münaqişəni
dinc yolla həll edəcək. Mən birmənalı deyə bilərəm ki, ATƏT bu məsələni həll edə
bilməz. Ona görə də ATƏT-in qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün
öhdəlik yaratmır, tövsiyə xarakteri daşıyır. Erməni millətçiləri də tövsiyəni qəbul
etmirlər. Biz torpağımızı özümüz azad etməliyik, bunu nə qədər demək olar? Niyə
özümüzü aldadırıq?
- Yəni girovların da azadlığı torpaqların azadlığından
keçir?
- Əlbəttə. Yaxud müəyyən qüvvələrin, Rusiyanın Ermənistana
böyük təsiri var. Həmin qüvvələr ermənilərə girovları azad etmək üçün təsir
göstərə bilərlər. Yaxud təcrübədə var, biz də onların hansısa adamlarını verib
girovlarımızı qaytarırıq. Yəni burda qeyri-qanuni variantlar var. Yoxsa mən
hüquqi yol görmürəm. Çünki Dağlıq Qarabağdakı rejim özü qeyri-qanuni qurumdur,
separatçı, terrorçu rejimdir.
|
“Ermənilər çoxlu qızıl, daş-qaş, pullar, qiymətli əşyaları
divarın içinə qoyub hörmüşdülər” |
Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra
Milli Məclis 20 yanvar hadisələrinə siyasi qiymət verməyə başladı. O vaxt mən də
çıxış etdim. Ancaq bəzi adamlar məni ittiham edirdilər ki, niyə İlyas İsmayılov
hərbçilər haqqında cinayət işi qaldırıb istintaq aparmayıb və s. Mən də sənədlərlə
sübut etdim ki, biz cinayət işi qaldırıb istintaq üçün Hərbi Prokurorluğa göndərdik. Çünki bizim hərbçilər haqqında istintaq aparmaq hüququmuz
yox idi, Cinayət Prosesual qanunvericilik buna icazə vermirdi. Mən də
qeyri-qanuni hərəkət edə bilməzdim. Etsəm də bunu qoymazdılar. Odur ki, hərbçilərin
haqqında SSRİ Baş Prokurorluğu yanında Hərbi Prokurorluq var idi, onlar
istintaq aparırdılar. Respublika daxilində nə etmək olardı? Mümkün olmayan şeyi
tələb etməyin nə mənası var? Kimisə ləkələmək, gözdən salmaq üçün hər şey edə
bilərlər, bu, aydın məsələdir. Ancaq hüquqi baxımdan respublikada biz hər şey
etmişik. Cinayət işi də qaldırmışıq, hadisələri qeydiyyata almışıq. Lakin
paralel istintaq aparmağa ixtiyarımız yox idi. Odur ki, sənədləri Zaqafqaziya
dairəsi yanındakı hərbi prokurorluğa göndərmişdik. Onlar da istintaq
aparırdılar. Bu mənada Bakı üzərinə düşəni edib. Mən prokuror kimi öz üzərimə
düşəni bilirdim və həmişə məsuliyyətlə hərəkət etmişəm...
Elşad PAŞASOY






