Aprelin 23-də Ali Məhkəmənin Plenumunun REAL Partiyasının sədri İlqar Məmmədov və qurumun idarə heyətinin üzvü Rəsul Cəfərov barəsində verdiyi qərar bir çox məsələləri gündəmə gətirib. Bu qərarla Azərbaycan hökuməti Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat mənəvi təzminat ödəməlidir. Göründüyü kimi, məbləğ kifayət qədər yüksəkdir.
İndiyə qədər bu tipli qərarların qəbul edilib-edilmədiyi suallar doğurur. Araşdırmalar zamanı da belə bir fakta rast gəlmək mümkün olmur. Ona görə də suallara cavab tapmaq üçün mövzuya yaxın olan şəxslərlə əlaqə saxladıq.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev öncə qərarın mühüm tərəflərindən danışdı: “İlk növbədə bu qərarı alqışlayıram. Azərbaycan öz konstitusiyasında müəyyənləşdirdiyi platformaya uyğun bir qərar verib. Eyni zamanda bu, ölkəmizdə hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində çox əhəmiyyətli olan bir qərardır. Digər tərəfdən, Azərbaycan bu qərarı qəbul etməklə həm də beynəlxalq öhdəliklərin icrası istiqamətində sadiqliyini göstərdi. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı 18 və 20-ci maddənin pozulması ilə bağlı qərarı var idi. Bu maddələr üzrə Avropa Məhkəməsi yerli məhkəmələrin qərarlarının ləğvini və bu şəxslərlə bağlı ittihamların bütövlükdə ləğv edilməsini tələb edirdi. Ali Məhkəmə də Azərbaycan qanunverciliyinin tələblərinə uyğun olaraq, söylədiyimiz həmin qərarı iki şəxs barəsində qəbul etdi. Bunun hüquqi tərəfi ondan ibarətdir ki, qanunun aliliyi qəbul olundu. Bu, ən əsası Azərbaycanda insan hüquq və azadlıqlarının etibarlı qorunması ilə bağlı mühüm presedentlərdən biri oldu. Gələcəkdə oxşar işlərlə bağlı sürətli qərarların qəbulu üçün əsas yarandı. Ali Məhkəmənin bu qərarları gələcəkdə doğru, düzgün qərarların qəbul edilməsində bir əsas olacaq. Kompensasiyanın məbləğinə gəlincə, xatırlamıram ki, Azərbaycan məhkəmələri tərəfindən bu miqyaslı kompensasiya qəbul olunsun. Əgər şəxsin barəsində bəraətverici əsaslarla qərarlar qəbul olunursa, heç şübhəsiz ki, bu zaman dəymiş olan bütün maddi və mənəvi ziyan tam olaraq ona ödənilməlidir. Bu, məhkəmə hökmündə göstərilir. Bir daha deyirəm ki, Azərbaycan məhkəmələri tarixində belə yüksək məbləğdə kompensasiya qərarının qəbul edildiyini xatırlamıram. Mənim üçün əsas olan odur ki, bu şəxslərin hüquqları bərpa olunub, onlar bəraət alıbar. Bu, çox vacib bir məsələdir. Ali Məhkəmənin bu qərarları hesab edirəm ki, məhkəmələrə inam və etimadın artırılması istiqamətində mühüm addımlardan biri olacaq. Ümumiyyətlə, son bir ildə ölkə məhkəmələri tərəfindən çox maraqlı, cəmiyyət tərəfindən gözlənilən qərarlar qəbul edilib. Bəraət hökmlərinin sayı getdikcə artmaqdadır. Bunu xüsusi olaraq qeyd edirəm.
İstənilən məhkəmədə qərar qəbul ediləndə tərəflərdən biri narazı qala bilir. Amma son mühüm qərarlarda tərəflərin etiraflarının şahidi oluruq. Əsas olan odur ki, cəmiyyətdə ədalətli qərarların qəbuluna inam artsın. Bütün bunlardan çıxış edərək, hər iki şəxs barəsindəki qərarı çox önəmli saymaq olar. Azərbaycanda gedən islahatlar prosesinə də bunu mühüm bir töhfə kimi qəbul etmək olar. İstənilən məhkəmə qərarına öncəliklə hüquqi qiymət verilməlidir. Hüquqa söykənib, ya yox? Qanunun aliliyi təmin olunub, ya yox? Bu baxımdan İlqar Məmmədov və Rəsul Cəfərov barəsindəki qərarlar alqışlanmalıdır. Beynəlxalq aləmdə belə qərarlar dövlətə olan inamı daha da artırır.
Digər tərəfdən, onu xüsusi qeyd edirəm ki, bu qərar siyasi sistemin institutlarından birinin rəhbərləri ilə bağlıdır. Hazırda siyasi partiyalarla dialoq gedir. Dialoq fonunda da bu qərar pozitiv dəyərləndirilir. Bu baxımdan qərarlara siyasi qiymətləndirmə vermək mümkündür ki, bu da siyasətçilərin işidir. Aşağı instansiyalar üçün də bu qərarlar bir əsas yaratdı. Bu, həmçinin pozuntularla bağlı Avropa Məhkəməsinə edilən müraciətlərin sayınının azalmasına gətirib çıxara bilər. Açığı, inanmıram ki, bundan sonra bu tipli müraciətlərin sayı artsın. İnsanın əgər hüquqları pozulubsa, son ümid yeri məhkəmələrdir. Amma bu qərar indi insanlarda pozulmuş hüquqların bərpasına, inam və etimadın daha da dərinləşməsinə yeni imkanlar verəcək”.
Hüquqşünas İ.Məmmədov və R.Cəfərovla bağlı qərarları daha yaxından dəyərləndirmək üçün bu qərarla tanışlığın vacibliyini də önə çəkdi: “Məhkəmə qərarının özü ilə tanış olmaq lazımdır. Bundan sonra qərara hərtərəfli hüquqi qiymət vermək olar. Subyektiv baxışımı təqdim etmək mümkündür. Hər iki şəxslə bağlı qərarla yaxından tanış deyiləm. Gələcəkdə həmin məhkəmə qərarları çox güman ki, Ali Məhkəmənin saytında yerləşdiriləcək. Ondan sonra hərtərəfli hüquqi qiymətləndirmə mümkün olacaq”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı plenumun qərarını presedent sayır: “Düşünürəm ki, zamanında həbs olunub, sonradan əfv olunaraq buraxılan bütün həmkarlarım - İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayılova, Leyla və Arif Yunuslar və s. bu presedentdən istifadə etməlidirlər. Onlara da bəraət və kompensasiya verilməlidir. Onu da qeyd edim ki, 2014-cü ildə Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə açılmış ümumi cinayət işi çərçivəsində Rəsul Cəfərova qarşı ittihamlar irəli sürülərək barəsində həbs-qətimkan tədbirləri seçilib. Ona qarşı irəli sürülmüş ittihamlar iqtisadi cinayətlər - vergidən yayınma, vəzifə səalahiyyətlərindən sui-istifadə, mənimsəmə, qanunsuz sahibkarlıqla bağlı olub. Rəsul Cəfərova 6 il 6 ay həbs cəzası verilib. O, bu müddətin 1 il 8 ayını həbsdə keçirib. İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunmuşdu. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub. Eyni maddə ilə Tofiq Yaqublu da həbs olunmuşdu. Ali Məhkəmənin bu qərarı təqdirəlayiqdir. Düşünürəm ki, bu qərar həmin maddələrlə həbs olunan və sonradan əfv olunan başqa QHT rəhbərlərinə, jurnalistlərə, o cümlədən Tofiq Yaqubluya da tətbiq olunmalıdır. Yuxarıda qeyd etdiyim bu və ya digər şəxslərə də bəraət və kompensasiya verilməlidir”.
Cavanşir Abbaslı,
Musavat.com






