İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqar Məmmədov “orta təbəqə var” yazdı, kimlər etiraz etdi...

“Orta sinif Azərbaycanda var, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir”

REAL Partiyasının sədri İlqar Məmmədovun yazdığı son status gündəmə çevrilib. Partiya rəhbəri keçmiş siyasi məhbus Qiyas İbrahimlinin REAL-ın istinad etdiyi Azərbaycanda orta sinfin olmadığı barədə statusuna öz feysbuq səhifəsində cavab verib.

Həmin statusdan bəzi seçmələri təqdim edirik: “Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzlərində səhərdən gecəyə qədər ”mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır. Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq bağçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideynləri və daha kimlər, kimlər...

...Orta sinif Azərbaycanda var, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir".

Maraqlıdır ki, Azərbaycanda müxalifət düşərgəsi ölkədə orta sinfin olmadığını, ya varlı, ya da kasıb təbəqənin olduğunu deyir. Hətta REAL-çıların bəzilərinin dilindən bu fikirlər az eşidilməyib.

Ğ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı İ.Məmmədovun dediklərinə tənqidi yanaşdı: “Təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycan siyasi səhnəsində yaşadığı mühitin reallıqlarından xəbəri olan kifayət qədər siyasətçilər var. Əks təqdirdə, bu qədər böyük iddiada bulunub, bunu əsaslandırmağa çalışmazdılar. Bütün normal ölkələrdə orta sinif deyilən sosial qrupu təşkil edənlər həkimlər, müəllimlər, ziyalılar, işçilər və sair nəzərdə tutulur. İndi həmin o iddiada olan siyasətçi deyə bilərmi ki, bizim ölkədə bu kateqoriya insanlar orta sinfi təşkil edir. Aylıq məvacibi 180-250 manat olan sosial qrupa orta təbəqə demək reallıq hissini itirmək deməkdir. Azərbaycanda orta təbəqə var demək əslində cəmiyyəti təşkil edən sosial qrupların ən böyüyü yəni ən azı 50-60%-i bu qrupa daxil olmalıdır. Yoxsa ki, 3-5% insan orta sinif kriteriyalarına cavab verirsə, bunu nümunə göstərib, bu təbəqənin varlığını iddia etmək qəti doğru deyil. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan tək Bakı şəhərindən ibarət deyil. Azərbaycanın regionlarına çıxsınlar, oradakı vəziyyətlə maraqlansınlar, oradakı sosial qrupların bölgüsünə diqqət ayırsınlar. Yoxsa Bakıya, hətta şəhərin ancaq mərkəzinə istinad edib fikir bildirmək peşəkar yanaşma deyil. Bir çox halda paytaxt Bakı sakinləri üçün adi normal hala çevrilmiş yaşam tərzi, regionlardakı insanlar üçün komfort və ya əlçatmaz arzu olur”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov isə bu cür şərh verdi: “Mən orta sinfin tamamilə olmadığı iddiasında deyiləm. Lakin orta sinif Azərbaycanda tam formalaşmayıb və cəmiyyətdə özünə istənilən yeri tuta bilməyib, həmin təbəqə məmur oliqarx təbəqənin birbaşa təsiri altındadır. Onların varlanması, orta təbəqə kimi sosial təbəqə statusu qazanması da məhz çox halda qeyri-şəffaf və qeyri-qanuni gəlirlər hesabına olub. Mən demirəm ki, orta təbəqəni təmsil edənlərın hamısı oğru, talançı, oğrularla şərikdir. Halal pul qazananlar da var. Lakin orta təbəqə o qədər az və zəifdir ki, onlar ölkə həyatında, xüsusən də ictimai-siyasi həyatda demək olar ki, görünmürlər. Kiminsə ortabab avtomobilinin olması, ömründə bir-ki dəfə restoran və əyləncə mərkəzlərində olması heç də ona dəlalət etmir ki, o, orta təbəqəyə mənsubdur. Araşdırılsa aydın görünər ki, dəbdəbəli həyat tərzi sürənlərin, bahalı və gözqamaşdırıcı yaşamla öyünənlərin böyük əksəriyyəti orta təbəqənin insanları deyil, məmur oliqarxlar və onların zənginləşmiş yaxın ətrafıdır. Sivil cəmiyyətlərdə orta təbəqə elita ilə aşağı təbəqə arasında körpü və bağ olmalıdır. Lakin Azərbaycan cəmiyyətində bu bağ zəifdir, yaxud da yox kimidir. Digər bir problem də cəmiyyətin psixologiyasında hələ də sovetlərdən qalmış varlı insanlara heç də normal olmayan, qısqanclıq, hətta nifrət hissinin qalmasıdır. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-leqal milyonerlərin, hətta milyarderlərin olmasına baxmayaraq, rəsmi statistikada və hesabatlarda bu heç vaxt öz əksini tapmayıb. Gəlir deklarasiyası haqqında qanun illərdir ki, qəbul edilmir. Orta təbəqənin tam formalaşmaması dövlətin dayanıqlığı üçün də təhlükədir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR