İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon ili – Avantürist nəşəxor sağa-sola təhqir sovurur

2189 11.01.2025 08:08 Yazarlar A A

Bu ilin Zodiak təqvimi ilə İlan ili olduğu deyilir, ancaq gedişat göstərir ki, 2025-ci il İlon ili olacaq.

Birinci cümlə nə qədər satirik planda görünsə də, fikirdə zərrə qədər də zarafat elementi yoxdur, amerikalı sahibkar İlon Maskın hərəkətləri, açıqlamaları bu fikrə düşməyə ciddi əsaslar verir.

O, dünyanın ən varlı adamıdır, varidatının həcmi 400 milyard dollara yaxındır, gündəlik mənfəəti çoxrəqəmli milyonlarla ölçülür. Dünyanın 150-yə yaxın dövlətinin ayrı-ayrılıqda ümumi daxili məhsulunun həcmi Maskınkı qədər deyil.

Bəlkə də yox, yüz faiz İlon Maskın ötkəmliyi sərvətinin ölçüsünə görədir. O, özünü artıq dünyanın ən qüdrətli bir neçə şəxsindən biri sayır. Buna el arasında “adı qulağına dəymiş”lik deyirlər.

Dünya üzündə hər gün İlon Maskın adını milyon dəfədən çox çəkilir. Yer üzündə mediası bu adamdan bəhs etməyən ölkə yoxdur.

O, sözün əsl mənasında artıq Yerə sığışmır, tez-tez Marsa köçməkdən, o planeti məskunlaşdırmaqdan danışması bu üzdəndir. İndiyə qədər qarşısına qoyduğu bütün planları pul-para gücünə reallaşdıran İlon Mask Marsı məskunlaşdıracağına da əmindir.

Nə qədər ekstravaqant davranışlı və görünüşlü olsa da və bəzən qeyri-ciddi hərəkətlər etsə də, ötən ilə qədər dünya ictimaiyyəti onu əsasən pozitiv planda qəbul edirdi.

Ötən ilin noyabrından sonra İlon Maskın içindən xırdabuynuzlu şeytanlar çıxmağa başlayıb.

Bunun əsas səbəbi odur ki, prezidentliyə namizəd Donald Trampın yenidən Ağ Evə qayıtması üçün 160 milyon dollar həcmində pulundan keçən İlon Mask istəyinə nail olub.

Bu, onun birinci istəyi idi. Maskın ikinci istəyi Tramp administrasiyasında yüksək dövlət postu tutmaq idi və İlon buna da nail olub.

9 gündən sonra prezident kimi and içərək səlahiyyətlərinin icrasına başlayacaq Trampın ona çox güvəndiyi və sözünə qulaq asdığı açıq-aşkar hiss olunur.

Tramp öz partiyadaşlarını və yaxın ətrafını Maskla bağlı xatircəm edərək, “İlon Mask ABŞ ərazisində doğulmadığı üçün prezident ola bilməyəcək” desə də, sahibkarın administrasiyada sözükeçən birinə çevrilməsi respublikaçıları əbəs yerə əndişələndirmir. Ya ölkəni idarə etdi, ya da ölkəni idarə edən prezidenti idarə etdi, nə fərqi var? Onu istəməyənlər belə düşünür. O, bu hərəkətləri ötən ilin birinci yarısında etsəydi, onun hələ 2018-ci ildən marixuanaya aludəçilyi faş olduğuna görə ciddiyə almazdılar, hazırda isə o, ABŞ-də söz sahiblərindən biridir.

İndi bütün Amerika xalqı və dünya birliyi görür ki, Trampla Maskı birləşdirən ümumi dəyərlər və cəhətlər var: ikisi də avantüristdir, ikisi də dünya düzəninə məhəl qoymamaq xətti tutan, Yer üzündə “cəngəllik qanunu”nu (“güclü yırtıcılar həmişə haqlıdır”) haqlı sayan adamdır.

Kanada, Panama, Danimarka kimi ölkələrə ərazi iddiası irəli sürən Trampın ardınca İlon Maskın Kanadanın istefa vermiş baş naziri Castin Trüdoya qarşı işlətdiyi ifadə isə ABŞ tarixində bir ilkdir.

Xatırladaq ki, hələ də baş nazirin səlahiyyətlərini icra edən Castin Trüdonun ölkəsinin ABŞ-a birləşməyəcəyinə dair yazdığı tvitə İlon Mask belə bir cavab verib: "Qız, sən daha Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin heç bir mənası yoxdur".

Birincisi, 54 yaşlı bir kişinin ictimai platformada “qız” adandırılması təhqirdir və tərbiyəsizlikdir. Hətta Trüdonun cinsi orientasiyası barədə İlon Maskın əlində real bilgilər olsa belə, Kanada kimi ən böyük və ən demokratik ölkələrindən birinin başçısını bu cür adlandırmaq bütün ölkəyə qarşı hörmətsizlikdir.

İkincisi, suveren bir dövləti, NATO-nun və G7-nin üzvü olan Kanadanı “quberniya” elan etmək bütün diplomatik etiketləri tapdamaqdır.

İ.Maskın özünə belə ifadəni rəva görməsi ondan xəbər verir ki, o, siyasi nəzakət qaydalarından beynəlxalq normalardan xəbərsizdir, yoxsa özünü əlbəyaxa döyüş növü üzrə ixtisaslaşmış komandanın hamıdan daha əzələli olan məşqçisi kimi aparmazdı.

Bundan bir neçə gün əvvəl o, Böyük Britaniyanın və Almaniyanın daxili işlərinə müdaxilə edərək, hər iki ölkənin baş nazirinə qarşı təhqiramiz ifadələr işlədib.

Deyəsən, ABŞ-nin iqtisadi və hərbi qüdrəti hamıdan üstündür deyə, bu tramplara və masklara dünya ağalığı eşqinə düşməyə səbəb verir. Ancaq həm Tramp, həm də İlon Mask hələ Çin səddini aşmalıdırlar.

Söhbət heç də göy türklərin hücumundan qorunmaq üçün çinlilərin tikdiyi 10 min kilometrlik Böyük Çin Səddindən getmir, hazırda Çin öz iqtisadi və hərbi qüdrəti ilə, eləcə də ağır, təmkinli, ölçü-biçili siyasəti ilə dünya hegemonuna çevrilməkdədir və bilinən odur ki, amerikalı avantüristlərin onlarla baş etməyə nə təbii, nə də süni intellektləri çatmayacaq.

Uzun sözün kəsəsi, hər gün bütün dünyanın ondan bəhs etməsi üçün nəsə bir açıqlama verən, hərəkətlər edən İlon Mask bu il dünya ictimaiyyətinin zəhləsini tökməkdə, ABŞ-nin dünyadakı olan-qalan nüfuzunu yerlə bir etməkdə davam edəcək.

Bu, ta o vaxta qədər olacaq ki, Amerikada respublikaçılar və demokratlar bir araya gələrək ölkəni bu avantürist cütlüyün əlindən qurtarmaq istəyəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR