İnsanlara hürriyət, millətlərə istiqlal!

İllərdir insanları narahat edən “Planet” şadlıq sarayına “dur” deyən yoxdur REPORTAJ, VİDEO, FOTOLAR

6509 14.08.2018 16:17 Reportaj A A

Hər gün, daha doğrusu, hər gecə insanları səs terroruna məruz qoyan, yaxın ətrafda yaşayan ailələrin narahatlığına səbəb olan “Planet” şadlıq sarayındakı özbaşınalığa nədənsə “dur” deyən yoxdur. Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən şadlıq sarayının yaxınlığında yaşayan yüzlərlə ailə buradakı “vur çatlasın”dan cana yığılıb. İnsanlar illlərdir ki, gecə saatlarına kimi davam edən yüksək musiqi və əyləncə səsindən ciddi narahatlıq keçirirlər. Yay aylarında isə bəzi məclislər açıq havada olduğundan səs terroru iki qat güclənmiş olur.

Çünki qış aylarında toylar bir qayda olaraq şadlıq sarayının içərisində aparıldığından həmin ətrafda yaşayan əhali bir o qədər də narahat olmur. Yay aylarında isə restoran açıq havaya daşınır. Şadlıq sarayının həyəti geniş olduğundan insanlar rahatlıqla toy mərasimlərini keçirə bilirlər. Bu isə o deməkdir ki, bütün günü açıq səma altında musiqilər səslənir və bütün ətraf məhəllərdə əks-səda verir. Açıq havada toyun keçirilməsi normal bir hal olsa da, bu cür restoranların yaşayış məhəllələrinin içində yerləşməsi doğru hal deyil.

Mehdi Abbasov küçəsinin sakinləri düşdükləri acınacaqlı durum haqqında redaksiyamıza şikayət ediblər. Şikayətin ardınca musavat.com-un müxbiri “Planet” şadlıq sarayına baş çəkib, vəziyyətin canlı şahidi olub.

Öyrəndik ki, şadlıq sarayının həyətindəki restoran axşam saat 18:00-dan sonra fəaliyyətə başlayır. Şadlıq sarayının bir neçə yüz metrliyində canlı musiqinin səsini asanlıqla eşitmək mümkün olur. Yaxınlaşdıqca səs daha da yüksəlir. Elə bir vəziyyət yaranıb ki, restoranın yaxınlığında ağız deyəni qulaq eşitmirdi. Hündür hasarla əhatəsində olsa da, restorandan yayılan səs insanın əsəblərinə toxunacaq qədər yüksəkdir.

İçəridəki vəziyyətdən xəbər tutmaq üçün müştəri qismində restorana daxil olduq. Restoran sahibi onlarla çoxillik küknar ağacının əhatəsində masalar qurdurub.

Yəni, ərazinin yaşıllıq olduğu və sonradan zəbt edildiyi də açıq-aşkar bəlli olur. Təxminən 4-5 masada müştəri əyləşib. Masaların qarşısında səhnə qurulub, bir xanım müğənni canlı ifalar edir.

Şadlıq sarayının yaxınlığında yaşayış binaları ilə yanaş bir xəstəxana da var. Adının çəkilməsini istəməyən sakin axşam saatlarında xəstəxanadakı xəstələrin belə səs-küydən narahat olduqlarını dilə gətirdi: “Yaxınlıqda “Loğman” klinikası var. Orada stasionar şəraitdə müalicə alanlar olur. Restorana yaxın olduğu üçün tez-tez həkimlərin və xəstə yaxınlarının gileylərini də eşidirik. Səsdən narazılıq edənlər daha çox yaşlı xəstələr olur”.

Şadlıq sarayı demək olar ki, yaşayış binaları ilə qonşudur. Sakinlər dəfələrlə şadlıq sarayının rəhbərliyinə şikayətlərini bildirsələr də, nəticəsiz qalıb. Həmin ətrafda ümumilikdə 10-a yaxın bina yerləşir. Sakinlər dediklərinə sübut üçün müxtəlif vaxtlarda axşam və gecə saatlarında öz eyvanlarından çəkdikləri videonu bizə təqdim etdilər. Həqiqətən mənzərə dözülməz idi. Səs ən uzaqdakı binalarda belə narahat edəcək qədər aydın eşidilir. Sanki evin içərisində canlı musiqi səslənir. Səsin şiddəti o qədər güclü olur ki, yay günündə sakinlər pəncərələri bağlı saxlamaq məcburiyyətində qalırlar. Evi sərinlətməkdən, havanı dəyişməkdən kondisioneri daha çox işlətməyə məcbur qalırlar. Bu da təbii ki, elektrik enerjisininin sərfiyyatını da artırır.

Musavat.com-a danışan sakinlər məhz bu səbəbdən də elektrik enerjisindən həddindən artıq istifadə etdiklərini bildirdilər: “Bu qədər də olmaz axı, biz də insanıq. Səs-küyə görə məcbur pəncərəni bağlayıb, kondisioneri yandırırıq. Ayın sonunda isə işıqpulu çox gəlir. Zəhmət çəksin, şadlıq sarayının rəhbəri bizə dəyən zərəri ödəsin. Axşam saatlarında bu rəzaləti yığışdırsın. Əks halda bütün gördüyünüz bu binaların sakinləri şadlıq sarayının qarşısında toplaşıb, etirazımızı bildirəcəyik. Səsimizi yuxarı instansiyalara çatdıracağıq”.

Onu diqqətinizə çatdıraq ki, qanunvericiliklə səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri müəyyənləşdirilib. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir. Binaların (mənzillərin) yaşayış otaqlarında yol verilən maksimal səs həddi gündüz saatlarında 40-50, axşam saatlarında 45-55 dBA-dır. Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqlarında bu səviyyə gündüz 60, gecə 50 dBA-dır. Qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər uşaq idarələrinin və internat məktəblərinin yaşayış otaqları gündüz saatlarında 55, gecə 45, inzibati binalarda, konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələrdə gündüz saatlarında 65 dBA nəzərdə tutulub. Xəstəxana və sanatoriyaların palataları gecə 40, gündüz 50 dBA, xəstəxanaların əməliyyat otaqları gündüz vaxtı 45 dBA-dır. Yuxarıda adıçəkilən 9 bənd üzrə məsuliyyət RGEM-in üzərindədir.

Sözügedən şadlıq sarayında səs yüksəkliyinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək isə aidiyyatı qurumların vəzifəsidir. Əgər belə bir yoxlama aparılsa, əminliklə deyə bilərik ki, “Planet” şadlıq sarayının rəhbərliyi cərimə və cəzadan yaxasını qurtara bilməyəcək.

Məğrur Mərd
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR