İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlkin ağır yaralandı, morfini çəkib vurdu ki..."– Özünü yandıran qazinin döyüş yoldaşı ŞOK FAKTLARI AÇIQLADI

2693 21.06.2023 11:34 Son xəbər A A

Dünən Naftalanda özünü yandıran vətən müharibəsi veteranı İlkin Tağıyevlə bağlı yeni detallar məlum olub.

Naftalanda olan əməkdaşımız xəbər verir ki, bu gün İlkin Tağıyevin döyüş yoldaşı ilə görüşüb, söhbət edib. Adının çəkilməsini istəməyən müharibə iştirakçısı deyib ki, o, özü yaralanmadığı üçün özünü “qazi” adlandırmağa utanır, amma İlkinin yaralanması onun gözünün qarşısında olub.

30-32 yaşlarında olan qazi danışır: “Səngərdəydik. Səngərlər ziqzaq formasında olduğundan mərmi düşsə də, çox adam eyni zamanda yaralanmır. Elə oldu ki, minomyot mərmisi İlkinin olduğu yerin yaxınlığına düşdü və onun qurşaqdan aşağı bədənini deşik-deşik, paltarını cırıq-cırıq etdi. Amma ağır yaralanmasına baxmayaraq, o, özünü itirmədi, dərhal üstündəki morfi ampulasını şprisə çəkib özünə vurdu ki, qanı axıb getməsin. Elə etməsə, bəlkə də elə oradaca həlak olacaqdı. Sonra onu hospitala apardılar, ağır əməliyyatlar keçirdi, Türkiyəyə müalicəyə göndərildi”.

İlkin Tağıyevin Türkiyəyə göndərilməsi hadisəsi barədə danışan qazi bildirib ki, bu, naxçıvanlı müğənni İbrahim Zaurun köməkliyi ilə baş tutub: "İbrahim onun problemlərini videolentə çəkdirib yayandan sonra İlkini diqqətə aldılar, İbrahimin özünü isə ertəsi günü polisə apardılar, qısa müddət saxladıqdan sonra haralardan zəng gəldisə, buraxdılar".

İlkinin dövlət qayğısı ilə pis yaxşı əhatə olunduğunu bildirən qazi deyir ki, onun ev problemi vardı, özü isə ailəsi ilə kirayədə yaşayır: “Bildiyimə görə, onun yaşadığı evin kirayəsini də dövlət verir... Gərək bir az hövsələli olaydı, çünki ona və digər qazilərə ev və maşın verilməsi yaxın zamanlarda həll olunacaqdı. Başqa bir qazi dostumuzun dizdən aşağı ayağı yoxdur, maşın veriblər, evə ehtiyacı var, amma səbrlə gözləyir və deyir ki, gedib döyüşdüyümüzə görə heç kəsə minnət qoya bilmərik. “Biz döyüşməyəcəydik, qadınlar gedib döyüşəcəkdimi” deyir”.

“Sənin özünə nə edilib və ya ediləcək” sualına cavab verən qazi deyir: “Mənə 340 manatlıq bir iş düzəldiblər, başımı aşağı salıb işləyirəm. Mənim şansm gətirdi, müharibədə yaralanmadım, elə bir haqqım yoxdur ki, nəsə tələb edim. Amma ağır yaralananlar var. Onu da deyim ki, bir çox veteranlar gərək qəhrəmanlıq nağılları danışmasınlar. I Qarabağ müharibəsində olduğundan fərqli olaraq, bu müharibədə təmas döyüşləri çox az oldu, əsas döyüş bizim dronlarla ermənilərin minomyotları arasında getdi. Bir də XTQ-nin zəhməti, əziyyəti, şücaətini danmaq olmaz. Sadəcə, müharibə elə bir şeydir ki, bircə həftə səngərdə, daimi səksəkədə, ölüm qorxusu altında olmaq insanın beynini çöndərir. Qazilər buna görə çox həssasdırlar, tez əsəbiləşirlər, adi bir laqeydlikdən hövllənirlər”.

İlkinin qardaşı Elvinin dostu olan başqa bir qazi isə danışır ki, İlkin Tağıyev qardaşı Elvini “Qaşaltı” sanatoriyasında işə düzəltdirib və maaşı da pis deyil: “Özü də yaxşı uşaqdır. Amma mən Hadrutdan qayıdandan sonra müharibə iştirakçısı olduğumu sübut etmək üçün düz 7 ay mübarizə apardım, yazmadığım yer qalmadı. Birtəhər həll etdim”.

Əldə etdiyimiz son məlumata görə, üzərinə benzin tökərək özünə od vuran qazini daha ağır xəsarət almaqdan İH-də şöbə müdiri işləyən Fəxri adlı gənc kadr qurtarıb. O qazinin yanan köynəyini əynindən tez çıxara bilsə də, şalvarını çıxarmaqda çətinlik çəkib. Ona görə də İlkin əsas yanıq xəsarətini müharibədə yara aldığı aldığı nahiyədən, aşağı ətraflarından alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR