İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Seçkidən sonra deputatı olmayan partiyalar da PUL QAZANACAQ - YENİ QAYDALAR GƏLİR!

1348 13.07.2024 08:32 Ölkə A A

Seçkidə namizədlərlə iştirak edən partiyalara ilk dəfə büdcədən pul veriləcək

1 sentyabr növbədənkənar parlament seçkiləri kampaniyasının ikinci həftəsi başa çatır. Siyasi partiyaların namizədləri və müstəqil namizədlərin imza vərəqələri əldə etmək üçün DSK-lara sənədlərini təqdim etmələri mərhələsi davam edir.

Artıq 100-dən yuxarı namizədə imza vərəqələri verilib və onlar imza toplama kampaniyasına start veriblər. Seçki təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.

Bu gün - iyulun 13-dən isə seçki prosesinin mühüm həlledici mərhələlərindən biri başlayır. Deputatlığa iddiaçılar namizəd kimi rəsmi qeydə alınmaq üçün lazım olan sənədlərini, seçici imzalarını Dairə Seçki Komissiyasına 13 iyuldan təqdim edə bilərlər. Bu mərhələ avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir.

Artıq Mərkəzi Seçki Komissiyası 20-yə yaxın partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb. Siyasi təşkilatlar dairələr üzrə namizədlərini açıqlamağa başlayıb.

Partiyalar ilkin namizədlər siyahısını açıqlasalar da maraqlıdır ki, bir-iki istisna olmaqla heç bir partiyanın sədrinin adı partiyasının namizədləri siyahısında yoxdur.  

Seçki ekspertləri bu vəziyyəti onunla izah edirlər ki, görünür partiya sədrləri nədənsə tərəddüd edirlər və ya gözləyirlər. Əsasən də Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısının açıqlanmasını gözləyirlər. Ola bilər ki, digər partiyalarla razılaşmaya gəliblər ki, bir-birlərinin dairələrindən namizəd olmasınlar.

Seçkidə namizədləri ilə iştirak edən partiyalar üçün 1 sentyabrdan sonra yeni nəfəslik açılmış olacaq. Belə ki, seçkidən sonra dövlətdən maliyyə yardımı alacaqlar. Sentyabrın 1-də keçiriləcək seçki siyasi partiyalar üçün yenilik olacaq.

Seçkidən sonra siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi qaydası dəyişəcək. Belə ki, ötən il qüvvəyə minən “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minəcək. Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək.

Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 siyasi partiya qeydiyyatdadır.  2024-cü ilin dövlət büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib - AZƏRTAC

Rövzət Qasımov 

Mərkəzi Seçki Komissiyası (MSK) isə iyulun 12-də 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə intensiv maarifləndirmə layihəsini davam etdirir. MSK-nın maarifləndirmə proqramı əsasında iyulun 12-də növbəti tədbir-Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar təşkil edilib. Tədbir MSK sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. Rövzət Qasımov bildirib ki, namizədlərin seçki prosesində özünü sınamasına tam şərait yaradılır, ötən seçkidə 1000-dən çox namizəd özünü sınamışdı: “Azərbaycanda passiv seçki hüququ olan vətəndaşlarımız hər zaman bu prosesdə geniş ambisiya yaradırlar. Bunu onlara verən dövlətdir. Onlar görür ki, dünyada söz sahibi olan ölkənin vətəndaşlarıdır. Bütün bunlar bizim insanımızı kifayət qədər ruhlandırır. Biz soyuqqanlı millət deyilik, proseslərə emosional yanaşırıq. Amma DSK-lar qanunun tələblərini əsas götürməlidir. DSK-lar aradan qaldırılması mümkün olan bütün xətaların aradan qaldırılması üçün qanunun ruhunu əsas götürməklə bütün namizədlərə şərait yaratmalıdır. Bu o qədər də asan olmur. Çünki bu proses emosiyaların tüğyan etdiyi prosesdir”.

R.Qasımov qeyd edib ki, Dairə Seçki Komissiyalarının hər birində namizədlərin sənədlərini yoxlamaq və qeydə almaq üçün məsul işçi qrupu var. Onlar bu gün Bakıya dəvət olunub və bugünkü seminarda onlarla qeydiyyata dair bürün məsələlər müzakirə olunacaq: “İstəyirik ki, onlar proses barədə kifayət qədər məlumatlı olsunlar”.

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata  keçiririk - AZƏRTAC

O bildirib ki, MSK artıq maarifləndirmə proqramına start verib: “Biz bu proses nəticəsində seçicilərə seçim etmək üçün geniş imkanlar verilməsi tərəfdarıyıq. Namizədlər bunun üçün öz sənədlərini DSK-ya təqdim etməlidirlər. DSK-lar öz növbəsində bütün sənədləri yoxlayaraq lazımi hüquqi addımlar atmalı, namizədlərin səsvermədə adlarının bülletendə təqdim olunması üçün addımlar atmalıdırlar.

MSK həmçinin namizədlər üçün də yaddaş kitabçaları hazırlayıb. Biz hesab edirik ki, Azərbaycan vətəndaşlarının passiv seçki hüququnun təmin olunmasında ciddi addımlar atılacaq. Azərbaycan seçiciləri geniş imkanlara malik olacaqlar ki, öz seçimlərini etsinlər".

MSK sədrinin müavini həmçinin deyib ki, seçkini müşahidə etmək üçün dəvət göndərilən təşkilatların yaxın vaxtlarda adları açıqlanacaq: “Azərbaycanda seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə 3 qurum dəvət göndərir. MSK olaraq biz 26 ölkənin seçki qurumuna dəvət göndərmişik”.

Sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericiliyin tələbləri, namizəd irəli sürmək hüququna malik subyektlər, namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası, habelə imza vərəqələrində və namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınmasının əsaslarına dair təqdimatları dinlənilib.

Azərbaycanda parlament seçkiləri önə çəkilə bilər

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzular barədə ətraflı məlumat verilib, tədbirin praktiki hissəsində geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar zamanı hər bir iştirakçıya tanışlıq məqsədilə MSK-nın deputatlığa namizədlər üçün hazırladığı yaddaş kitabçası da təqdim olunub.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda deputatlığa namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində yaradılan işçi qrupunun rəhbəri iştirak edib.

Mühüm maarifləndirmə layihələrindən olan bu tədbir Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR