İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə: Bakıda “SEPAH” məhkəməsi! Sensasion ittihamlar!

1240 21.02.2023 14:19 Kriminal A A

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Məmmədovun sədrliyi ilə Səbuhi Səlimovun apellyasiya şikayətinə baxılacaq.

Musavat.com xəbər verir ki, Səbuhi Səlimov 2021-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, İranın xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıqda təqsirləndirilib. Özü nə ibtidai istintaq, nə də məhkəmədə ittihamı qəbul edib. Ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, barəsindəki hökmlə razı deyil və etiraz əlaməti olaraq aclığa başlayıb. Səbuhi Səlimov yanvarın 11-dən aclıq aksiyası keçirir. Fevralın 20-dən isə quru aclığa keçib. Məhkumun həyat yoldaşı Fatimə Səlimova deyib ki, fevralın 20-də Səbuhi Səlimovun saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə zəng edib və onun vəziyyətinin ağırlaşdığını öyrənib: “Səbuhi telefona gələ bilmədi. Dedilər ki, halsızlıqdan yeriyə bilmir. Həyat yoldaşım şərlənib və məhkəmədə də ittihamları qəbul etməyib. O, haqqın bərpasınadək mübarizəsini davam etdirəcək”.

Səbuhi Səlimov Azərbaycan İslam Partiyasının sabiq sədri Elçin Manafovun sürücüsü olub. Partiya sədri S.Səlimovun məhkəməsində deyib ki, onu 2000-ci illərin əvvəlində namaza dəvət edib. 2011-ci ildə partiyanın sədri Mövsüm Səmədov həbs olunanda sədrlik birinci müavin Elçin Manafova keçib. O da Səbuhi Səlimovu özünə sürücü götürüb. Bir neçə il əvvəl S.Səlimov ürək əməliyyatına görə İrana gedəndə Elçin Manafov ona Ərdəbilin imamı Həsən Amilinin nömrəsini verib, deyib ki, xəstəxana xərclərinə “sponsorluq” edəcəklər. İranda Həsən Amili ilə görüşən Səbuhi Səlimov onun vasitəsi ilə SEPAH rəhbərlərindən olan ağayi Cabbarla da görüşüb. İttihama görə, Səbuhi Səlimov həmin vaxt və sonralar SEPAH rəhbərlərindən təlimatlar alıb.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda təsis edilib. 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, Partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 2012-ci ildə həbsxanada vəfat edib. 2007-ci ildə Partiyanın sədri seçilmiş Mövsüm Səmədov 2011-ci ildə 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR