İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ilk 5 ayı geridə qalır: Ölkə iqtisadiyyatındakı mənfi və müsbət tendensiyalar...

717 31.05.2019 18:30 İqtisadiyyat A A

2019-cu ilin  5 ayını geridə qoyduq,  ilk yarımilin son ayına başladıq. Bu müddət ərzində ölkə iqtisadiyyatında mühüm  addımlar atıldı. İslahatların mərkəzində isə vətəndaşların sosial rifahının yüksəldilməsi oldu. Bu mənada iqtisadi islahatlar əsasən sosial xarakteri ilə yadda qalan oldu. Həmçinin neft sektorundan ixracın həcmi artdı, qeyri-neft sektorunda inkişafın sürətlənməsi üçün də müəyyən işlər görüldü. Bəs görəsən, ekspertlər cari ilin geridə qoyduğumuz dövrünü necə dəyərləndirirlər?

İqtisadçı ekspert Rəşad Həsənov musavat.com-a açıqlamasında bildirdi ki, 2019-cu ilin ilk 5 ayını ötən 3 illə müqayisədə daha proqressiv hesab etmək olar: “Həm iqtisadi inkişaf tempinin artması , həm əhalinin gəlirlərində artım, sosial-iqtisadi sferada qəbul edilən bəzi qərarlar bu istiqamətdə dinamikanı dəstəkləməkdədir. İqtisadiyyat bu dövrdə təxminən 3 faiz artım dinamikası nümayiş etdirib. Bu artımın əsasında dayanan faktor neft sektorunun böyüməsidir. Neft sektorunun artımı isə daha çox qaz hasilatının kəskin şəkildə artması ilə bağlıdır. Qaz hasilatı təxminən 36 faiz artıb. Bu da enerji sektorunun iqtisadiyyatda xüsusi çəkisini artırmaqla yanaşı, iqtisadi artım tempini də dəstəkləyir. Bundan fərqli olaraq qeyri-neft sektorunun böyüməsi nisbəyən ləng gedir. Verilən proqnozlardan daha aşağı səviyyədədir. Növbəti dövrlərdə neft sektorunun böyüməsindən qaynaqlanır inkişaf tempi qeyri-neft sektorunun artım tempini də müəyyən qədər sürətləndirə bilər”.

İqtisadçının sözlərinə görə, bu müddət ərazində bir sıra istiqamətlərdə əhəmiyyətli qərar qəbul olundu: “Xüsusilə yanvar ayında başladılan struktur islahatı xarakterli qərarlar müvafiq istiqamətdə dinamikanı gücləndirsə də, son 2 ayda passivlik oldu. Əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı mexanizmlərə edilən dəyişiklər də pozitiv istiqamətdə oldu. Minimum əməkhaqqının artırılması , 180 manata çatdırılması, yaşayış minimumunun 160 manata qədər artırılması da əhəmiyyətli məqamlardır.  Bu dəyişikliklər təxminən 1,2 milyon nəfərin maddi imkanlarına təsir göstərdi. Bunun dolayı təsirlərini də var, əhalinin gəlirlərinin artması iqtisadiyyatın digər sahələrini də aktivləşdirə bilər. Bundan başqa , əlillər və digər aztəminatlı sosial qruplarla bağlı qəbul edilən qərarlar, onlar üçün nəzərdə tutulan müavinətlərin artırılması, bəzi yeni müavinətlərin təyini də müsbət dəyişiklik kimi yadda qaldı”.

Ekspert həmçinin problemli kreditlərin həlli məsələsinə də toxunaraq bildirdi ki,  devalvasiya nəticəsində vətəndaşların borcları kontesktində yaranmış zərərin kompensasiyası ilə bağlı hazırlanan mexanizm insanların borc yükünü azaltmaqla, növbəti dövrlərdə psixoloji təzyiqi zəiflətdi, maliyyə-bank sektorunun aktivlərinin sağlamlaşdırılmasına müsbət təsir göstərdi: “Növbəti aylarda bank sektorunda toksik aktivlərin həcmi kəskin azalacaq ki, bu da növbəti dövrdə həmin bankların daha liberal kredit siyasəti həyata keçirməsinə gətirib çıxaracaq. Eyni zamanda bankların reytinq səviyyəsini yüksəltməklə onların maliyyə əldə etmək imkanlarını da artıra bilər. Bütövlükdə atılan bu addımlar nəticəsində iki əsas məqamı qeyd etməyə ehtiyac var. Onlardan ən vacibi ölkə başçısının 2018-ci ilin iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdir ki, idarəetmə köhnəlib, yeni çağırışlara cavab vermir. Belə olduğu halda islahatlar müəyyən qədər daha qeyri-effektiv formada özünü təzahür etdirir”.

Sabiq maliyyə naziri Fikrət Yusifov isə musavat.com-a açıqlamasında bildirdi ki, iqtisadiyyatın real sektoruna yatırımların həcmini artırmadan ondan müsbət gözləntilər əldə etmək mümkün deyil: “Artıq dördüncü ildir ki, ölkədə post-neft dövrü elan edilib və qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək ciddi qərarlar qəbul olunub. Nəticələr isə qəbul edilmiş qərarlara heç də uyğun deyil. Rəsmi statistika cari ilin dörd ayının nəticələrini təqdim edib. Nəticələr əvvəlki üç ayın göstəricilərindən geri qalır. Belə ki, 2019-cu ilin birinci üç ayında Ümumi Daxili Məhsulun artım sürəti 3% təşkil etmişdisə, dörd ayın yekunlarında bu rəqəm 0,9 % azalaraq, 2,1 % -ə enib. Dörd ayın yekunlarına görə ÜDM baş vermiş azalmanın əsas səbəblərinin qeyri-neft sektoruna yatırımların həcminin bir il öncəki dövrlə müqayisədə kəskin aşağı düşməsi ilə bağlı olduğu heç şübhəsizdir. Rəqəmlərə nəzər salaq: 2018-ci ilin 4 ayı ərzində 2017-ci ilin 4 ayı ilə müqayisədə qeyri-neft sektoruna əsaslı vəsait qoyuluşu 42,5% artmışdısa, cari ilin 4 ayı ərzində qeyri-neft sektoruna əsaslı vəsait qoyuluşu 2018-ci ilin 4 ayı ilə müqayisədə cəmisi 2,7% arta bilib”.

İqtisadçı alimin sözlərinə görə, qeyri-neft sənayesinə əsaslı vəsait qoyuluşu sahəsində isə daha kəskin azalmalar baş verib: “Belə ki, 2018-ci ilin 4 ayı ərzində 2017-ci ilin 4 ayı ilə müqayisədə qeyri-neft sənayesinə əsaslı vəsait qoyuluşu 58,1 % artdığı halda, cari ilin 4 ayında bu rəqəm 2018-ci ilin 4 ayı ilə müqayisədə 16,7% azalıb. Hesab edirəm ki, bu göstəricilər hesabat ilinin dörd ayı ərzində ÜDM-n 0,9% azalmasının əsas səbəbləri kimi çıxış edirlər. Qeyri-neft sektorunun inkişaf səviyyəsini xarakterizə edən əsas göstərici bu sektordan ixracın həcminin necə artmasıdır. Gəlin baxaq, son bir neçə ildə bu göstərici necə artıb? 2016-cı ilin iqtisadi böhranından sonra qeyri-neft sektorundan ixracın həcmində müəyyən artımlar baş versə də biz hələ ki, bu sahədə 2014-cü ilin səviyyəsinə yetişə bilməmişik. 2018-ci ildə qeyri-neft sektorundan cəmi ixracımız 1 milyard 689 milyon ABŞ dolları olub ki, bu da 2014-cü ildəki ixracımızdan 20 milyon dollar azdır. Bütövlükdə qeyri-neft sektorundan ixracımız ümumi ixracımızın 8,3%-dən çox deyil. Bu çox azdır və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qəbul edilən qərarlara adekvat göstərici deyil. Əhalisi, ÜDM-i bizim göstəricilərə yaxın olan Belarusiya respublikasında 2018-ci ildə ixracın həcmi 2016-cı illə müqayisədə 10,2 milyard ABŞ dolları artaraq, 33 milyard 726 milyon dollar təşkil edib. Üç ildə ixracda bu qədər yüksək nəticə əldə edə bilmək böyük uğur sayılmalıdı. Bəs biz nə üçün qeyri-neft sektorumuzdan ixracın həcmini gerçək artıra bilmirik və demək olar ki, son illər ərzində ortalama 1,5 milyard dollar səviyyəsindən o tərəfə keçmək mümkün olmur? Bunun səbəbini qəbul edilən qərarların icrasındakı problemlərdən başqa yerdə axtarmaq lazım deyil. Elə bu səbəbdən də Prezident Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı barəsində danışdığımız məsələyə münasibəti belə oldu: “Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin”. Heç şübhəsiz bu fikirlərlə Prezident qəbul edilmiş qərarların icrasındakı problemlərə işarə etmiş oldu”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR