İnsanlara hürriyət, millətlərə istiqlal!

"İlham yalvardı ki, 3 övladı var"- 150 manata görə törədilən qətlin təfərrüatı

1147 15.03.2018 12:33 Kriminal A A

150 manata görə adam öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi davam edib.

Musavat.com xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Tünzalə Əliyeva ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Vüqar Əlizadənin anasıdır.

Şahid bildirib ki, oğlunun bu işdə əli olmayıb: "Oğlum ona bir bıçaq vurub. Səbəb də söyüş olub. Oğlumun başqa təqsiri yoxdur. Bunun hamısı İlhamın işləridir. O, cinayəti oğlumun boynuna yıxdı".

Tünzalə Əliyeva söyləyib ki, təqsirləndirilən şəxs İlham Əliyev oğlunu aldadıb və cinayəti onun boynuna qoyub: "Hadisə vaxtı oğlum ona bir bıçaq vurub. Sonra da qətli törətdiyini ona görə boynuna alıb ki, deyib bəlkə həmin bir zərbə ilə ölüb. Amma oğlumun İlhamın vurduğu zərbələrdən xəbəri olmayıb.

Bütün planları İlham qurub. Yalan ifadələri ilə işi oğlumun üstünə qurdular. Təzyiq ediblər, döyüblər oğlumu. Hadisə günü İlham bizə gəlib Vüqarı soruşdu. Üstü qan idi. Həmin paltarları da uşaqlarına verib ki, yusun".

Təqsirləndirilən İlham Əliyev söyləyib ki, şahid yalan danışır: "Qətlə görə Vüqar tutulmuşdu. 3 gün sonra yalandan dedilər ki, qətli mən törətmişəm. İlhama da anası öyrətmişdi ki, yalan ifadə versin. İstintaqda da Vüqar bunu etiraf edib. Vüqar ifadəsində deyib ki, anası ona zəng edərək işi mənim boynuma atmasını deyib. Anası Vüqara deyib ki, qardaşların var, əgər belə etməsən onlarla ölənin yaxınları arasında düşmənçilik olacaq. Sabunçu Rayon Polis İdarəsində bunun videoçəkilişi var. Mən vəsatət verdim ki, bu görüntü çıxarılsın".

Onun sözlərinə görə mərhuma bütün bıçaq zərbələrini Vüqar Əlizadə vurub: "Bu işdə Nicat da olub. Amma Nicat ona bıçaq vurmayıb. Nicat mərhumu tutmuşdu. İndi məhkəməyə gəlib ifadə vermir".

Vüqar Əlizadə isə ifadəsində söyləyib ki, istintaqda iki dəfə fərqli ifadə verməsinin səbəbləri var: "Əvvəlcə işi boynuma götürdüm. İlham yalvardı ki, 3 övladı var. Dedi ki, bıçaqlanan adam ölməyib, sadəcə ürəyi gedib. Mən ona bir bıçaq vurmuşdum. Amma polisdə öyrəndim ki, bir neçə bıçaq dəyib. Orada polisə də dedim ki, digər bıçaqları İlham vurub. Sonra da İlham həbs edildi. Polisdə mənə təzyiq oldu. Yenidən ağ vərəqə imza atdım. Həmin ifadəmdə də yazılıb ki, guya qətli mən öz boynuma götürmüşəm".

Məhkəmə hadisənin əsas şahidi olan Nicat adlı şəxsin məhkəməyə gətirilməsi üçün prosesi martın 19-na təxirə salıb.

Hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışında bir müddət əvvəl borc olaraq 150 manat alıb.

V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Onlar arasında mübahisəsi davaya çevirilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.

Hadisədən sonra İlham Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.

Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR